Bahar təravətli şeirlər dünyası

 

78 yaşını qeyd edən Nəriman Həsənzadənin qəlbi indi də şeirlərilə döyünür

 

Fevralın 18-də xalq şairi Nəriman Həsənzadənin 78 yaşı tamam oldu. Onun adı çağdaş şeirimizdə layiqli yerdədir. Həssas qəlbli bu söz ustasını səciyyələndirən əsas cəhət şeirlərindəki insanpərvərlik, gözəllik, vətənə və dünyaya məhəbbətlə dolu həyat fəlsəfəsinin təcəssümüdür. Şeirləri də özü kimi sadə, bahar təravətlidir və bu yaşında da qəlbi öz şeirlərilə döyünür. Ömrünün uşaqlıq illəri Qazaxda keçmiş, günəş doğarkən üfüqün çöhrəsinin neçə rəng aldığını, ətirli bahar küləklərinin əsib çölləri bürüyən al-qırmızı lalələri necə oynatdığını heyranlıqla müşahidə etmiş, Nabat xalanın ətirli və halal çörəyi ilə böyümüş, şairlər diyarında şair olmağı bacarmışdı. Vaqif, Vidadi və Vurğun lirikasının ətri duyulan şeirləri milli poeziya xəzinəmizin qiymətli incilərindən sayılır. Və bir də - Məmməd Araz Nəriman Həsənzadə poeziyasının vurğunu idi.

Tale mənə onun tələbəsi olmaq, ADU-da maraqlı mühazirələrini dinləmək səadəti bəxş etmişdi. O illər bu ali təhsil ocağının humanitar fakültələri indiki İstiqlaliyyət küçəsində yerləşirdi. Görkəmli alimlər burada dərs deyirdilər. Belə bir ali məktəbdə təhsil almaqdan qürur və məsuliyyət hissi duyurduq.

...1972-ci il sentyabrın əvvəlləri idi. Səhər tezdən auditoriyanın qarşısına toplaşmış tələbələr söhbət edir, zarafatlaşıb gülür və nə barədəsə qızğın mübahisə edirdilər. Həmin gün dekan müavini Şamil Məmmədbəyli bizim qrupun tələbələrinə xəbər verib dedi ki, "a bəxtəvərlər, sizə dünya ədəbiyyatı tarixi fənnindən şair Nəriman Həsənzadə dərs deyəcəkdir".

Bir azdan auditoriyaya ucaboy, səliqəli geyimli, qara saçları arxaya daranmış, xoş simalı şairimiz daxil oldu. Nəzakətlə tələbələrlə salamlaşdıqdan sonra digər müəllimlərdən fərqli olaraq özünü təqdim etmədi. Ədəbi dilimizdə təmiz və sərrast ifadələr işlətməklə danışmağa başladı. Və bizi ovsunladı.

Konspektdən, demək olar, istifadə etmirdi.Ədəbiyyatın xalqların dünyagörüşünün, ümumbəşəri və milli əxlaqi-mənəvi normaların formalaşmasındakı rolundan danışır, yeri gəldikcə Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mir Cəlal, Şekspir, Belinski, Lev Tolstoy və digər klassiklərdən misallar çəkirdi.

Nəriman müəllimin dərslərini səbirsizliklə gözləyirdik. Tələbələrlə hörmət və nəzakətlə davranır, mühazirələrini asta və mülayim səslə söyləyirdi. Buna görə də ən şuluq tələbələr də digər tələbə yoldaşlarının qəzəbindən ehtiyat edərək səslərini çıxarmağa cürət etməzdi. Dərsdən sonra tələbələr müəllimi dövrəyə alır, çoxsaylı suallar verirdilər.

Bir dəfə mühazirələrin birində gözlənilməz bir iş oldu. Mirzə Ələkbər Sabirdən danışan müəllim tələbələrə diqqətlə baxıb soruşdu: "Sabirin səsini eşitmək istəyirsinizmi?". Əlbəttə, bunu bütün tələbələr istəyirdilər. Növbəti dərsə Nəriman müəllim böyük satirik şairimiz Sabirin yaşı səksənə yaxın olan ən kiçik oğlu Məmməd Səlim Tahirlini dəvət etmişdi. Oğlu atası barədə maraqlı xatirələr söylədi. Görüşün sonunda mənim xahişimlə atasının məşhur "Fəhlə" şeirini əzbər dedi.

Nəriman müəllim söyləyirdi ki, ömrü boyu tale onu çətin imtahanlara çəkmişdir. Hələ kiçik yaşlarında valideynlərini itirmiş, xarakteri yaşamaq uğrunda mübarizədə formalaşmış, əməksevər, elmə, təhsilə böyük həvəs göstərən, humanist bir gənc kimi böyüyüb formalaşmışdır. Moskvaya gedib məşhur Ədəbiyyat İnstitutuna daxil olması və orada tanınmış yazıçı və şairlərlə, onların yaradıcılığı ilə yaxından tanış olması həyatında işıqlı səhifə açmışdır.

Yazıçı Mir Cəlal Paşayev kimi təbiətən xeyirxah bir ədiblə tanışlıq isə ədəbiyyatda ona uğurlar qazanmasında kömək etmişdir. Moskvadan 1961-ci ildə Bakıya qayıtdıqdan sonra xeyli vaxt işsiz qalır və bu çətin vaxtlarında Mir Cəlal müəllimə müraciət edir. Xalqının istedadlı övldalarına sevgisini əsirgəməyən bu geniş ürəkli insan gənc şairin işə düzəlməsinə binagüzarlıq edir. Yazıçılar İttifaqında məsələ qaldıraraq öz ev növbəsini yenicə ailə həyatı qurmuş, kirayədə qalan gəncə verir. Halbuki uzun illər ev növbəsində dayanmış Mir Cəlal müəllimin özünün mənzil problemi vardı. Bundan başqa, o illərdə adi şeir və hekayə kitablarını nəşr etdirmək gənc yazarlar üçün son dərəcə müşkül bir iş idi. Mir Cəlal müəllim Yazıçılar İttifaqının rəhbərliyinə müraciət edərək öz kitablarının tirajlarının azaldılması hesabına gənc şairin kitablarının nəşrinə nail olmuşdu.

Xoşrəftar, mədəni və xeyirxah ziyalı olan Mir Cəlal müəllim etdiyi yaxşılıqlar barədə danışmağı xoşlamazdı. Bir dəfə Nəriman müəllim xəstələndiyindən onun tədris etdiyi fəndən bir dərsi Mir Cəlal müəllim demişdi. Dərsdən sonra söhbət əsnasında mənə söylədi ki, Nəriman Həsənzadə böyük gələcəyi olan istedadlı alimdir.

Böyük Səməd Vurğun 1952-ci ildə gənc şairin şeirləri ilə tanış olduqdan sonra onun istedadını duymuş, Yazıçılır İttifaqına daxil olması üçün şəxsən özü yazılı zəmanət vermiş, əlini sıxaraq uğurlu yol arzulamışdır.

Azərbaycan-Ukrayna ədəbi əlaqələrinə dair yazdığı elmi işini Moskvada müdafiə edib alimlik dərəcəsi almışdı. 1976-1990-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru olmaqla yanaşı, şeir yaradıcılığı ilə də məşğul olurdu. Nəriman Nərimanova həsr etdiyi məşhur "Nəriman" dram-poeması XX əsr Azərbaycan poeziyasında siyasi mövzuda yazılmış ən sanballı əsərlərdən biridir. Stalin diktaturası dövründə uzun illər xain düşmənlərimizin qatı millətçi kimi qələmə verib gözdən salmağa çalışdıqları Nəriman Nərimanov barədə 1958-ci ildə belə bir poemanın, dram əsərinin yazılması, rəsmi böhtanların təkzib edilməsi, əsil həqiqətlərin söylənilməsi o dövrdə riskli və cəsarət tələb edən iş idi. Təsadüfi deyil ki, o zaman Moskvada rus dilinə tərcümə olunmuş əsərin nəşri münasib bilinməmişdi. Bu poema ilk dəfə 1978-ci ildə Bakıda kitab şəklində nəşr olunmuşdur.

Şair 1969-cu ildə Heydər Əliyevə Bakıda Nərimanova abidə ucaldılması təklifi ilə müraciət edir. Heydər Əliyev şairin yaradıcılığını bəyənir, yüksək qiymətləndirirdi. 1981-ci ildə 50 illik yubileyi münasibətilə "Şərəf Nişanı" ordeni ilə təltif edilməklə ona əməkdar incəsənət xadimi adı verildi. 1991-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı oldu.

Həmin illər mətbuat və informasiya nazirinin birinci müavini, 1995-1996-cı illərdə isə nazir vəzifəsində çalışmışdı. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasında kafedra müdiri vəzifəsində işləyir.

2005-ci ildə xalq şairi fəxri adına layiq görülən şairimizin qəlbi bahar təravətli həyat arzuları ilə, şeir-sənətlə döyünür.

 

 

Vaqif ƏSƏDOV 

 

Ayna.-2010.-20 fevral.-S.19.