Ölkənin yeni paytaxtları elan edildi
Bunlar - Gəncə,
Qazax və Şəki
Azərbaycanın qeyri-maddi mədəni
irsinin qorunması, dəstəklənməsi, xalq
yaradıcılığının təbliği və təşviqi istiqamətində
aparılan islahatların
davamı olaraq Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi
"2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları"
Proqramını təsdiq
etmişdir. Proqram çərçivəsində
"Gəncə - Azərbaycanın
əfsanələr paytaxtı",
"Qazax - Azərbaycanın
folklor paytaxtı",
"Şəki - Azərbaycanın
sənətkarlıq paytaxtı"
elan olunmuşdur.
Bütün bunlar barədə
fevralın 24-də Mədəniyyət və Turizm Nazirliyində
Azərbaycan Respublikasının mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin mətbuat konfransında
söhbət getmişdir.
Nazir bildirdi ki, Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən Azərbaycanın
qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq)
qorunması və dəstəklənməsi istiqamətində
aparılan islahatlara start verilmişdir.
Məsələ ilə
əlaqədar təsdiq edilmiş illik tədbirlər
planına əsasən, Gəncə, Şəki və Qazax
şəhərlərində keçiriləcək tədbirlərin
yüksək səviyyədə təşkili
üçün Təşkilat Komitəsi
yaradılmış və müvafiq şəhərlərin
gerbləri əsasında loqotiplər
hazırlanmışdır. Hazırda loqotiplərin əks
olunduğu lövhələrin, bannerlərin, çap məhsullarının
hazırlanması və yerləşdirilməsi istiqamətində
işlər aparılır.
Mətbuat konfransında
Gəncə, Şəki və Qazax rayonları İcra Hakimiyyətləri
nümayəndələri də iştirak edirdilər. Onlar
nazirə bu qədər qiymətli və dəyərli
proqramlara start verildiyinə görə minnətdarlıq
bildirdilər.
Mədəniyyət və
turizm naziri cənab Əbülfəs Qarayev öz
çıxışında mədəniyyət və turizm
sahələrini əhatə edən bir çox məsələlərə
və islahatlara toxundu:
"Son illərdə Azərbaycanda
mədəniyyət sahəsi sürətlə inkişaf edir.
Bunu müxtəlif ölkələrin mütəxəssisləri
müşahidə edib. Ölkəmizdə aparılan layihələr
bütün dünyada çox böyük maraq doğurur. Bakıda
"İslam Mədəniyyətinin paytaxtı" layihəsi
çərçivəsində İslam ölkələri
nazirlərinin, BMT ölkələrinin mədəniyyət
nazirlərinin iclası keçirildi. Onu da qeyd edim ki, bu proqram
2024-cü ilə qədər hazırlanıb və proqram
çərçivəsində 2018-ci ildə
Naxçıvan Muxtar Respublikası İslam Mədəniyyətinin
Paytaxtı seçilməlidir.
Nazir bunları çox
böyük nailiyyət adlandırdı. Yeni layihələrin,
proqramların məqsədi bu nailiyyətləri davam və inkişaf
etdirməkdir. Nazir dedi: "Əgər bu sadalanan rayonlarda bir
yaşlı insan öz evində yun əyirməklə və
yaxud xalq yaradıcılığının hansısa bir
növü ilə məşğuldursa, bu da mədəniyyətimizin
bir hissəsidir və bizim məqsədimiz də bunları
üzə çıxarmaqdır. Bu gün bədxah
qonşularımız əllərinə xırda bir fürsət
düşən kimi hər şeyi mənimsəyirlər, amma
biz ermənilər kimi deyilik ki, hər şeyi uyduraq. Ümidvaram
ki, biz olan sərvətlərimizi üzə çıxarda
biləcəyik".
Sevinc İsmayıl
Ayna.-2010.-27 fevral.-S.19.