Nailə Mirməmmədli: "Məkkədə yaşamaq istəyirəm"

 

Bəstəkar "yetər ki, ətrafımda saf insanlar görüm" deyir

 

Həyat yoldaşını itirəndən bəri daxili sarsıntılar keçirən əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli sirlərini bizimlə bölüşdü. Əvvəlcə bildirdi ki, Hikmət Mirməmmədlinin ölümündən sonra ətraf mühitin ona münasibəti dəyişib. Son üç ildə onları yaxından tanımağa çalışan Nailə xanım insanların ikinci üzünü görməyə başlayıb:

"Bunların arasında yaxın dostlarımız, ailə üzvlərimiz və b. insanlar var. O vəziyyətə gəlib çatmışdım ki, Hikmətin itkisi mənim üçün ikinci planla keçmişdi. Amma artıq bərkimişəm. Kənar insanların söz təzyiqlərinə, ailəmə müdaxiləsinə imkan vermirəm. Vaxt var idi ki, onlar itirdiyim şəxs üçün ağlamağa da mənə imkan vermirdilər". Təpkilərin nədən ibarət olduğunu açıqlamaq istəməyən Nailə xanım başqa bir məqama toxundu. Dedi ki, elə vaxt olub ki, qəbiristanlıqda gecələməli olub:

"Əslində buna gecələmək yox, ürəkgetmə halları deyərdim. Evdə uşaqlara bacımgilə getdiyimi bəhanə gətirərək birbaşa qəbiristanlığa üz tutmuşam. Alışqanın işığı ilə Hikmətin qəbrini axtarmışam. Özümü onun məzarına necə atmışamsa, gerisini səhər açılanda xatırlamışam. Tanımadığım insanlar yaxınlaşaraq məni ayıldıblar. Sonradan başa düşmüşəm ki, bu, sadəcə, yatmaq yox, ürəkgetmə halıdır. Hikmətin  ölümündən sonra qazandığım bu olub. Amma sonradan özümə toxtaqlıq verməyə başladım. Demək olar ki, son iki ayda belə hallar baş vermir".

Çevrəsini yad təsirlərdən qorumağa çalışdığını bildirən bəstəkar xanım onları övladlarından da uzaq tutduğunu bildirdi. Daha sonra mahnı yaradıcılığından söz salan Nailə xanım son aylar fəaliyyətində axsamaların olduğunu etiraf etdi. "Bəzən problemlərin məngənəsindən özümü azad edib, mahnı yaradıcılığıma qayıda bilmirəm. Amma işimdən uzaqlaşmamışam. Bu sahədə də məni narahat edən məqamlar var. Bəzən özümdən asılı olmayaraq, "ara mahnıları" zümzümə etməyə başlayıram. Düşünürəm ki, bu mahnı yadıma haradan düşüb? Görürəm ki, radio, televiziyalar gün ərzində həmin mahnını səsləndirir. Mahnı arzuolunmayan qonaq kimi beynimə daxil olur və dilimə düşür. Bir məqamı da vurğulayım ki, son illər özümə hər sənətçiyə mahnı təqdim etməyəcəyim barədə söz vermişəm. Çünki hit olacaq elə bir mahnılar yazmışam ki, sıradan bir müğənninin ifasında heç olub gedib. Yəni istedad olmayanda, mahnının gözəlliyi də üzə çıxmır. Artıq özümə söz vermişəm ki, yanlış seçimlər etməyim. Mahnı yazarkən bunun dəqiq ünvanını tapım. Yaxud da müğənnilərin israrına baxmayaraq, düzgün seçim edəcəyəm, heç kimə güzəştə getməyəcəm", - deyə Nailə xanım vurğuladı.

Nailə Mirməmmədli bəstəkarların müğənnilər qədər yaxşı dolanışıq sahibi olmadığı məsələsinə də toxundu. Bildirdi ki, bu zümrənin sahibləri heç də böyük var-dövlət sahibi deyillər: "Çoxları bəstəkarın böyük imkan sahibi olduğunu düşünür. Bu, yəqin bizim müğənnilərlə çalışmağımız təəssüratından yaranır. Amma düşünmək lazımdır ki, bəstəkar 1-2 aydan bir mahnı ancaq bəstələyə bilir. Söhbət peşəkar bəstəkardan gedir. Ağzı ilə mahnı bəstələyənləri nəzərdə tutmuram. Özümə gəlincə, mən gündə bir mahnı bəstələyib qazanan bəstəkarlardan deyiləm. İldə bir-iki mahnı yazıramsa, buna şükür edirəm. Çünki Hikmətin itkisindən sonra təklənmişəm, yaradıcılıq həvəsimi itirmişəm. Hətta Hikmətin xatirə gecəsini təşkil etməkdə belə gecikirəm. Dəfələrlə mətbuata bu barədə danışmışam. Amma həllinə yaxınlaşa bilmirəm. Hətta bu günlərdə ağlıma qəribə bir fikir gəlib. İstəyirəm ki, evdəki əşyalarımı, hətta royalımı satım və uşaqlarımı götürüb buradan uzaqlaşım. Məkkəyə getmək və orada yaşamaq istəyirəm. Kiçik daxmada da yaşamağa razı olaram. Yetər ki, ətrafımda saf, təmiz insanları görüm. Bu fikirlər sadaladığım problemlərdən doğur. Yəqin ki, düşündüklərimi günlərin bir günü həyata keçirərəm də. Həm də düşünürəm ki, bir gün bəzi insanlar dinə-imana gəlib məndən əl çəkərlər!".

Nailə xanımdan onu bir müddət əvvəl narahat edən Nadir Əzimovla məhkəmə çəkişməsindən sonra münasibətlərindən xəbər aldıq. Bəstəkar xanım bu məsələnin artıq müsbət həll olunduğunu bildirdi: "Bir müddət əvvəl Nadir müəllimin həyat yoldaşı Lalə xanımla telefon əlaqəmiz olub. Belə düşünürəm ki, bizim münasibətlərin korlanmasında vasitəçilər oldu. Yəni ara vuranlar burada da özlərini göstərdilər. Amma biz məsələni müharibə yolu ilə deyil, qarşılıqlı anlaşma yolu ilə çözməyə çalışdıq. Məhkəmə işi bitdi və biz barışdıq. Hər ikimiz bəstəkar ailəsiyik və çörəyimiz mahnılarımızdan çıxır. Boş söhbətlərə aludə olmaqdansa, başımızı aşağı salıb mahnılarımızı yazarıq. Amma nə yazıq ki, məhkəmə işi bununla yekunlaşmır. Başqa bir məhkəmə prosesi də var. Hikmət rəhmətə gedəndən bir neçə ay sonra mən avtomobil qəzası keçirdim. Bunun sonu gedib məhkəməyə dirəndi və proses hələ də davam edir. Əslində bu iş yerindəcə həll edilə bilərdi. Lakin dolayısı ilə yolumu məhkəmədən saldılar. Bunun da yeganə səbəbi qarşı tərəfin məndən külli miqdarda pul tələb etməsi idi. Görünür, insanlar boş yerdən mənim çox əziyyət çəkməyimi və üstəlik pul xərcləməyimi istəyirlər. Bu, uzun zamandır ki, məni narahat edən problemlərdəndir. Bu barədə çox uzun danışardım. Amma başımın ağrıyacağından ehtiyat edirəm. Yalnız onu vurğulamaq istəyirəm ki, bu məsələdə günahkar başqa adamlar olsa da, əsas hədəf kimi mən göstərilirəm", - deyə Nailə xanım söhbətinə yekun vrudu.

               

 

Z.Rüstəm 

 

Ayna.- 2010.- 31 iyul.- S.21.