Ramiz Rövşən: "Nə qədər şeirimi yandırmışam"

 

Ədib "Mən şair işləmirəm" deyir

 

Şair Ramiz Rövşən sonuncu kitablarından birini "Nəfəs - kitablar kitabı" adlandırıb. Şair deyir ki, bu kitabın içində beş kitab var. Yəni bir damın altında beş otağa bənzəyir:

- İlk kitabım 1970-ci ildə nəşr olunub. İndiyə qədər dörd kitabım çıxıb. O hesabla, 12 ilə bir kitab düşür. Bundan sonra elə bilirəm ki, kitabların arası ən çoxu iki il çəkər.

- Belə çıxır ki, yaradıcılığınızın məhsuldar dövrü hələ qarşıdadır?

- Mən şair işləmirəm. Son on-on beş il yaradıcılığımda o qədər də məhsuldar dövr olmayıb. Elə illər oldu ki, adam içindən çox çölüylə yaşadı. Çöldə çox böyük gərginliklər yaşandı. Özü də çöldəki o problemlərin heç də hamısı həll olunub qurtarmayıb. Amma ömrün elə çağına çatmışıq ki, bundan sonrakı limit çox qalmayıb. Allahın bizə verdiyi istedadın məsuliyyətini anlayıb çöldən içəriyə yığışmağın, özümüzə qayıtmağın vaxtıdır.

Yazan adam amfibiyanı xatırladır - yarı suda, yarı quruda: Mənim də ömrümün son on-on beş ili daha çox quruda keçib. İndi yenidən "suya baş vurub" yaradıcılıqla ciddi məşğul olmaq vaxtıdır. Hər halda, yaza biləcəyimdən az yazmışam. Yarımçıq işlərim çoxdur, onları tamamlamaq lazımdır. Bilmirəm ömrün nə qədəri qalıb. Əgər həyatda və sənətdə görüləsi işlərimi nəzərə alsaq, sizi inandırıram ki, ömrün çoxu qalıb.

- Ötən əsrin səksəninci illərində yazdığınız şeirləri oxuyanda adama elə gəlir ki, elə Ramiz Rövşən həmin dövrün şairidir.

- Şairi illərlə ölçmək olmaz. Şeirin içində əbədiyyət yoxdursa, nə vaxt yazılır yazılsın, fərqi yoxdur, deməli, ölü doğulub. Mən bu gün də yazıram. Düzdür, heç vaxt çox yazan olmamışam, amma az da yazmıram. Haqqımdakı miflərdən biri də az yazmağımla bağlıdır. Gördüyüm işin həcmi az deyil, çünki mən təkcə şeir yazmıram. Bunlar yavaş-yavaş açılacaq. 60-dan sonra sandıqda yazı-pozu gizlətməyin adı yoxdur. Yeri gəlmişkən, ötən əsrin 60-70-ci illərində, xüsusilə də gənclik illərində yazdıqlarımın heç də hamısı sonuncu kitabımda getməyib. O vaxt tələbələr arasında oxunan ən məşhur şeirlərimin çoxunu bu günəcən çap etdirməmişəm. Baxmayaraq ki, nə qədər şeirimi də yandırmışam. Ona görə çap etdirməmişəm ki, onlardan sonra daha güclü şeirlərim çap olunub. Elə şeirlərim var ki, neçə dilə tərcümə edilib, amma ana dilimizdə hələ də işıq üzü görməyib. Bir də ki, məsələ sayda deyil. Bəzi şairlərin cild-cild kitabı var, amma bircə şeiri də yoxdur. Əgər 80-ci illərdə "İlan balası"nı yazmışdımsa, 90-cı illərdə "Ölüm kölgəsi"ni, "Çarmıxdakı İsa"nı yazmışam. Sadəcə, indi şeirə reaksiya fərqlidir. "Şair - ayrıca insan növüdür" deyirlər. İndi bu növ insanların azalan dövrüdür. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Qərb mədəniyyəti sivilizasiyaya çevrilib, sivilizasiya isə hər bir mədəniyyətin sonu deməkdir. Çox şey artıq texnologiyaya dönüb, şeir də o cümlədən. Amma poeziyanı sevən adamlar, cəmiyyətdəki o qızıl damar həmişə var. Sadəcə, indi o qızıl damarın üstü köpüklə, zir-zibillə örtülüb.

Azərbaycanda bu gün gedən proseslər isə çox ciddi və böyük söhbətin mövzusudur. Bu gün Azərbaycanda ədəbiyyatdan çox, ədəbiyyatətrafı çirkli mühit mövcuddur. Yəni insanlar ədəbiyyatla məşğul olmurlar. İş görməkdən çox, görülən işə qiymət verməklə məşğuldurlar. Özü də çox ədalətsizcəsinə...

Nadanlıq baş alıb gedir. Bir az da cəmiyyətdəki aqressivliyin ədəbiyyata keçməsi hiss olunur. Bir binanı söküb, yerinə başqa bina tikdikləri kimi, bir şairi də götürüb, yerinə başqa şair əkmək istəyirlər. Bu mümkün deyil axı... Ədəbiyyatda heç kəsin yeri kvadratmetrlə ölçülmür. Bu ərazi sonsuzdur və burda hərənin öz yeri var. Ədəbiyyatda əsas qiyməti müqayisəylə verirlər. Müqayisə üçünsə ortaya predmet qoyulmalıdır. Bu gün bizi bəyənməyən şair, ən azı oxucu üçün bizdən daha maraqlı olmağa çalışmalıdır. Şairin şairi üstələməyinin yeganə yolu budur.

- Siz indiki ədəbi gəncliyin tutduğu mövqeyi bəyənirsiniz?

- Bugünkü mənzərə ötən əsrin 20-ci illərini xatırladır. Kiməsə haqq vermək, kiməsə haqq verməmək. Buna bəlkə də təbii baxmaq lazımdır. Amma hər şey tərbiyə və əxlaq çərçivəsində olmalıdır. İndiki gənclər əsər yazıb ortaya qoysunlar, hər şeyi yazı həll eləyir. Ortada yazı yoxdursa, hər cür giley-güzar boş taftalogiyadır. Bu gün cəmiyyətdə mənəvi çürümə gedir. Dünyada çoxdan yaşanıb qurtarmış şeyləri biz təzədən yaşamağa başlayırıq. Çoxdan bitmiş davalar bizdə məhəlli formada üzə çıxır. Anarı Azərbaycan ədəbiyyatının bütöv bir dövrünün rəmzi saymaq olar. İstedadlı şairlər, yazıçılar az deyil, amma elə tək-tük insan da var ki, bütöv bir dövrün rəmzidir. 60-70-ci illər deyəndə və hətta vizual mənada o dövrü təsəvvür eləyəndə, gözümüzün qarşısına ilk növbədə Anar, Bəxtiyar Vahabzadə gəlir. Qərbdə bir Edip, Şərqdə isə Rüstəm Zal kompleksi var. Birincisi oğulların atalara, ikincisi ataların oğullara hücumunda özünü göstərir. Bizdə ötən əsrin 20-ci illərində Hüseyn Cavidə, Əhməd Cavada qarşı olan hücumların kökündə Edip kompleksi dururdu. Bu, övladların ataları meydandan kənarlaşdırmaq cəhdi idi. Cavid kimi şairlər Lenindən poema da yazsaydılar, fərqi yox idi. Sovet rejiminə bu adamların yaddaşı sərf eləmirdi. Çünki bu yaddaş üstündə o manqurt dövləti qurmaq mümkün deyildi. Biz ədəbiyyata gələndə 60-cı illər idi. Həmin dövrdə bizə qarşı Rüstəm Zal kompleksi işə düşdü. Yaşlı nəsil bizə qarşı çox qəddar idi. Ədəbiyyata o vaxtkı hücumlarla indiki hücumların fərqi o qədər də çox deyil, yanaşma eynidir.

Yadımdadır, o vaxt mənim ilk kitabım çıxanda Vaqif Səmədoğlu sevindi ki, indi məndən əl çəkib səndən yapışacaqlar. Məndən yapışdılar, amma Vaqifdən də əl çəkmədilər. Biz belə bir dövr yaşadıq. İndi yenə də Edip kompleksi başlayıb. Mən cavanlara ədəbiyyatın mahiyyətini öyrənməyi məsləhət görərdim. Qoy onlar otuz il, qırx il eyni adamların həmişə maraq dairəsində olmasının sirrini araşdırsınlar.

Əsl şairlə mübarizə aparmaq gülməlidir. Çünki əsl şairin vaxtı çoxdur. Bu vaxt yüz illərlə ölçülür. Onunla mübarizə aparmağa heç kəsin ömrü çatmaz. Ədəbiyyatda da, siyasətdə də.

- Yəni bugünkü ədəbi gəncliyin işi-gücü qəzetlərdə qeybət etməkdir?

- Bəli, mən tam o fikirdəyəm. Onların arasında istedadlı olanı da, olmayanı da var. Bir görürsən istedadlı saydıqlarım da gözümün qarşısında zayıllamağa başlayırlar. Qəzet ədəbiyyatı yaradırlar. Bir vaxtlar çayxanalarda danışılanlar indi qəzet səhifələrinə çıxır. Fərq ancaq bundadır.

- Sizin siyasi mənsubiyyətiniz var. Azərbaycanın bugünkü siyasi mənzərəsini necə şərh edərdiniz?

- Mən heç bir partiyanın üzvü deyiləm. Mənə görə, şair heç vaxt partiya üzvü ola bilməz. Partiya hissə, bölüm deməkdir. Poeziya gün işığı kimi hamınındır. Gün işığına demək olmaz ki, prezident sarayının üstünə düşsün, amma Müsavat qərargahının üstünə düşməsin. Ya da, əksinə. Mən bir çox məqamda sözümü deməyə məcbur olmuşam. Görmüşəm ki, o söz deyilməlidir, amma deyən yoxdur. Əgər həmin vaxt o sözləri başqa şair desəydi, mən bəlkə danışmazdım. Bugünkü Azərbaycanın siyasi mənzərəsiylə mənəvi-əxlaqi mənzərəsi bir-birinin birbaşa davamıdır. Olan budur. Əgər axar çayın suyunda hansısa kimyəvi zəhərlənmə gedibsə, orda olan bütün balıqların canında o zəhərin əlamətləri hiss olunacaq.

 

 

 Xatun 

 

Ayna.- 2010.- 10 iyul.- S.18.

 

 

 

 

..