Zümrüd Dadaşzadə: "Bizim sənətimizə soyuq münasibət məni təəccübləndirir"
İştirak etdiyim mədəni
tədbirlərin birində Zümrüd xanımla
tanış oldum. Onun söylədikləri məndə
çox böyük təəssürat oyatdı.
İnsanın musiqinin tarixini, musiqi dilini bu qədər gözəl
bilməsi mümkünmü? Amma sualın cavabını elə
orada aldım. Və əslində bu biliklərin və peşəkarlığın
mənbəyi Zümrüd xanımın musiqiyə olan
sevgisidir. Sənətşünaslıq namizədi, BMA professoru Zümrüd
Dadaşzadə ilə söhbətimizdə dedi:
- 20 ildən
artıqdır mən
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dərs deyirəm. Düşünürəm ki, əsl pedaqoq daim zamanla
uyğunlaşmalıdır, yeni ədəbiyyatla işləməlidir. Hansısa yeni tapıntılarını öz
həmkarları ilə bölüşməlidir.
Uzun illərdir mən müasir Azərbaycan simfoniyasının problemləri
mövzusunda araşdırmalar
aparıram. Və bu mövzuya müraciət etməyim bir tərəfdən
70-80-ci illərdə Azərbaycan
bəstəkarları tərəfindən
yaradılmış çox
maraqlı simfoniyalarla,
digər tərəfdən
isə M.Arapovskinin işıq üzü görmüş "Simfonik
axtarışlar" kitabı
ilə bağlı idi. Mən Arif
Məlikovun, Xəyyam
Mirzəzadənin, Aqşin
Əlizadənin, Məmməd
Quliyevin, Fərəc Qarayevin, Rəhilə Həsənovanın dünya
simfonik musiqisinə muğam prinsipləri ilə gətirdikləri yeniliyi sübut etmək istəyirdim. Onlar dünya simfonik musiqisinin inkişafına böyük təkan veriblər. Hazırda "Müasir Azərbaycan
musiqisi dünya bədii ədəbiyyatının
əsas meyilləri ilə kontekstdə" mövzusunda araşdırmalar
aparıram. Əminəm ki, işimin indiki mərhələsində,
müxtəlif humanitar
intizamlarının kəsişdiyi
zamanda dünyanın öndə gedən bəstəkarlarının müxtəlif,
rəngarəng materiallarından
istifadə etmək lazımdır.
Əslində
qarşımda çox çətin məqsəd dayanıb. Amma
bu çox qeyri-adi və maraqlı işdir.
- Zümrüd xanım, bəs sizin fikrinizcə,
müasir cəmiyyətdə musiqinin rolu necədir?
- Əslində
bütün kainat səslə və musiqi ilə doludur. Amma əsasən
musiqi çox zaman boş vaxt əyləncəsinə
çevrilir. Şəxsən mən yaxşı
mahnını, bir saz improvizasiyasını dinləməyə
qarşı deyiləm, lakin bütün musiqini təkcə bu
janrlara aid etmək olmaz.
Burada KİV-in böyük rolu var. Çünki hər gün o qədər də istedadlı olmayan müğənnilərin
ifasında keyfiyyətsiz
olan eyni mahnıları səsləndirmək
olmaz. Dahi Qara Qarayevimiz
çox doğru qeyd edib ki,
radiolara, hansısa bayağı mahnıların
səslənməsi xahişi
olan qutularla gələn məktubların
əsas günahkarları
elə radio işçilərinin
özləridir. Çünki həmin bayağı musiqini təbliğ edən onlar özüdür.
- Azərbaycan musiqisindən
söz düşəndə,
gözünüzün önündə
ilk olaraq kimləri təsəvvür edirsiniz?
- İlk öncə Üzeyir Hacıbəylini. Çünki onun Azərbaycanın tək musiqi tarixində yox, millətimizin formalaşmasında
böyük rolunu qiymətləndirmək çox
çətindir. Bu insan
Şərq və Qərb musiqisinin arasında olan böyük Çin divarını sökməyə
nail oldu. O, yeni musiqi mədəniyyətinin
bünövrəsini qoydu,
milli musiqi irsimizdən çox şeyləri aşkarladı.
Bir dəfə bu müdrik kəlamla rastlaşdım:
"İnsanlar var öz ideyalarından ötrü ölməyə
hazırdır, amma elə şəxslər də var ki,
o ideyaları həyata
keçirmək üçün
yaşayırlar". Üzeyir bəy
məhz bu insanların sırasına
daxil idi. Məhz bu sırada Qara Qarayev də
dayanırdı. Onun zəhməti
sayəsində Azərbaycan
öndə gedən bəstəkar məktəblərinin
sırasında dayandı.
"Axı biz də dünyanın bir hissəsiyik", - deyə Qara Əbülfəz oğlu təkrar etməyi çox sevirdi. Bəs Fikrət Əmirovun musiqisi ilə fərəhlənməmək olarmı?
1988-ci ildə Q.Qarayevin yubiley gecəsi keçirilirdi və orda çıxış edən qazax bəstəkarı Q.Jubanovanın
sözləri bu günə kimi yadımdadır. O, bəstəkarları
alət arxasında əyləşib, böyük
musiqi ustadlarının
adlarını ucadan söyləməyə çağırdı:
"Kim bilir, bəlkə
bizdə bayağı
musiqisi o qədər çoxdur ki, biz dahi adları çox gec-gec yada salırıq və deməli, incəsənətin meyarlarını
itiririk", - deyə
söylədi.
Bu gün Azərbaycan sürətlə dünya
siyasətinə, iqtisadiyyatına
və mədəniyyətinə
qatılır. Arif Məlikovun "Məhəbbət
əfsanəsi" baleti
dünya səhnələrində
qoyulur, böyük uğurla F.Əlizadənin,
Q.Qarayevin əsərləri
nüfuzlu festivallarda səslənir, peşəkarların
əhatəsində C.Quliyevin,
F.Hüseynovanın, R.Həsənovanın
bəstələri çox
yüksək qiymətləndirilir.
Bir dəfə
20-ci əsrin məşhur
bəstəkarı Messiandan
müasir musiqidə nə baş verdiyini soruşurlar, o isə belə cavab verir: "Heç nə baş vermir. Musiqi dahini gözləyir".
Düşünürəm ki, bu dərin və mənalı sözlərdə
böyük həqiqət
var.
Bu gün Azərbaycanın musiqi həyatı çox müxtəlifdir. Bakı bir
çox beynəlxalq forumların mərkəzinə
çevrilir. Burada
M.Rastropoviç adına festivalları,
saz müsabiqələrini,
Opera və Balet Teatrında, dünyada məşhur olan rəssamların böyük
quruluşlarını qeyd
etmək istərdim. Bu yaxınlarda Şəkidə
"İpək yolu"
festivalı başa çatdı. Qəbələdə
artıq ikinci dəfə start götürən
"Muğam dünyası"
adlı festival dünyamiqyaslı
bir hadisəyə çevrildi. O, ətrafında
bir çox alimləri və musiqiçiləri topladı.
Həmin
festival çərçivəsində keçirilən simpoziumda
mən "Azərbaycan
simfoniyasında milli
model axtarışı" adlı məruzəmlə
çıxış etdim.
Həmçinin "Muğam" jurnalının müxbiri
kimi çalışırdım,
forumun qonaqlarından müsahibələr alırdım.
Və deyilən fikirləri
eşidəndə çox
qürurlanırdım.
Sevinc İsmayıl
Ayna.- 2010.- 24 iyul.- S.19.