Ağaxan Abdullayev:
"Gənclər çox işləməyi
öyrənməlidirlər"
Xanəndə xatırladır ki, bütün dövrlərdə
sənətkar yetişdirmək çətin olub
Xalq artisti, xanəndə
Ağaxan Abdullayev bu qənaətdədir ki, bu gün sənətkar
yetişdirmək çox çətindir. Xatırladır ki,
yaxşı sənətkarın yetişməsi
üçün illər lazımdır. Amma Ağaxan
Abdullayevin gileyi qədər-qismətlə bağlı olsa da,
gələcəyə nikbinliklə baxır:
"Sənətkarlar
20-30 il çalışırlar. Püxtələşmiş,
zirvəyə qalxdığı vaxtda isə ömür vəfa
qılmır. Bunu böyük sənətkarlar haqqında həmişə
deyirəm. Onların vaxtsız vəfatı bizə çox
pis təsir edir. Düzdür, ömür Allahın əlindədir.
Bu nə dostların, nə də qohumların yardımı ilə
düzəlir".
Onun fikrincə, sənətkarlar
bundan sonra da yetişəcək. Lakin o bu
qənaətdədir ki,
hər dövrün öz sənətkarı olur. Onun sözlərinə görə,
sənətə yeni gələnlər heç
vaxt əvvəlki sənətkarları təkrarlamayacaqlar:
"Heç
kim heç kimin yerini tutmur.
Heç oğul da atasının yerini tuta bilmir.
Ola bilər ki, oğul atadan da irəlidə olsun. Bizdən əvvəl də böyük sənətkarlar
olub. Bizdən sonra da yaxşıları
olacaq".
Son dövrlər
yeni nəsil xanəndə və müğənnilər əvvəlki
nəsil tərəfindən
tənqid atəşinə
tutulsa da, Ağaxan Abdullayev yeni nəsildən razıdır. O bu qənaətdədir ki, yeni sənətçilər
arasında istedadı
olanlar var.
Xatun
Ayna.- 2010.- 24 iyul.- S.19.