Azərbaycanlıların adqoyma fantaziyası zəifdir

 

Körpələrə niyə çayların, göllərin, dağların, yazılı ədəbiyyat qəhrəmanlarının adları verilməsin?

 

Bu gün soyadların 80 faizi məhz "- ov", "- yev" sonluğu ilə qurtarır. Soyadların 10 faizi "zadə", 10 faizi isə "- lı", "- li" sonluqları ilə bitir. Öyrəndik ki, Milli Elmlər Akademiyasında yaradılan komissiya bununla bağlı konsepsiya hazırlayıb. Sənədə əsasən, Azərbaycanda "-ov", "- yev" sonluqlu soyadları minimuma endirmək nəzərdə tutulub. MM mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun sözlərinə görə, bu sonluqlu soyadlar 30-cu illərdə Azərbaycanda zorən tətbiq olunub.

"Məsələnin mürəkkəbliyi bundadır ki, biz bunu təkcə Azərbaycan Respublikasının vətəndaşları üçün hazırlamırıq. Təkliflər milli baxımdan o qədər əsaslandırılmalıdır ki, onu bütün 50 milyonluq azərbaycanlı qəbul etsin".

N.Cəfərov onu da bildirdi ki, AMEA-nın komissiyası şəxsləri təhqir edən, milli mentalitetə yad olan adlar qoyulmasını da qadağan etməyi təklif edir. Söhbət əsnasında onu da öyrəndik ki, aparılan araşdırmalar Azərbaycanda adqoyma fantaziyasının o qədər də zəngin olmadığını üzə çıxarıb. Məsələn, rəsmi statistikaya əsasən, Azərbaycanda 40500 nəfər Əli adında insan var. Azərbaycanda ən populyar olan ikinci ad Elçindir. Təxminən 35 min insan bu adın daşıyıcısıdır. Vüqar adlı 33 min, Anar adlı 31 min, Elnur adlı 30 min, Samir adlı 29 min, Elşən adlı 28 min Azərbaycan vətəndaşı var.

Qızlar arasında ən populyar ad isə Sevincdir. Bu gün Azərbaycanda 47 min qız bu adı daşıyır. İkinci yerdə Günel (40 min), üçüncü yerdə Leyla (35 min) qərarlaşıb. Bundan əlavə, qızlar arasında Aygün, Günay, Sevda, Vüsalə, Könül, Təranə adları da populyardır. Rəsmi statistikaya görə, ölkədə 3 min Sevinc Məmmədova var. Əliyev Əlilərin sayı təxminən 3 mindir. Bundan əlavə, ölkədə 2500 Günel Məmmədova, 2400 nəfər Elçin Məmmədov var.

Komitə sədri Azərbaycanda yeni adların gündəmə gətirilməsinə ehtiyac olduğunu bildirdi. Onun sözlərinə görə, artıq bununla bağlı təkliflər hazırlanıb. Həmin təkliflərə əsasən, çayların, göllərin, dağların, yazılı ədəbiyyat örnəklərindəki qəhrəmanların adlarının da uşaqlara verilməsi tövsiyə olunacaq:

"Azərbaycanda mümkün qədər çox ad olmalıdır. Bu sahədəki bir problem odur ki, yeni doğulan uşaqlara babalarının ya nənələrinin adları qoyulur. Nəticədə yeni adlar yaranmır. Mən özüm bu ənənəni pozmağa çalışmışam. Nəvələrimdən birinin adı Atilla, digərininki Alpərdir. Öz soyad sonluğumu isə yaşımın keçməyinə görə dəyişmirəm. Mənə elə gəlir ki, bu yaşdan sonra soyad sonluğumu dəyişmək yerinə düşməzdi".

 

 

A.Akif 

 

Ayna.- 2010.- 24 iyul.- S.15.