Fikrət Qoca: "75-dən sonra böyük yolu görə bilmirəm"

 

Bu həftə ədibin yubileyidir

 

İyulun 17-də xalq şairi Fikrət Qocanın 75 yaşı tamam olur. Yubileyi həmin gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında qeyd ediləcək. Tədbirin bədii və musiqili hissədən ibarət olacağını bildirən ədib söhbəti zamanı bu yaşda içində bir kədər hiss etdiyini dedi. Bildirdi ki, bu yaşdan o tərəfə böyük yolu görə bilmir:

"Çatdım 75-ə. Buradan o yana daha nə qaldı ki? Özümə arabir sual edirdim ki, görəsən 75-i haqlaya biləcəm? Bəlkə çatmaya da bilərdim. Mənə görə, yuxarı yaş həddindən baxanda 75 o qədər böyük rəqəm deyil. Amma aşağıdan boylananda böyüklüyünü göstərir. Mənə görə, yaşın şairliyə dəxli yoxdur. Əgər şair doğulmusansa, heç vaxt qocalmayacaqsan. Fikrimcə, şairlik elə cavanlıq deməkdir".

Söhbət zamanı Fikrət Qoca daha bir etiraf etdi. Bildirdi ki, cavanlığında qəşəng bir qıza şeirlər yazırdısa, indi vətənin gülünə-çiçəyinə, daşına-torpağına şeir həsr edir.

"Hərdən mənə elə gəlir ki, 5-6 əsr yaşamışam. Əslində iki əsr görmüşəm. Azərbaycanın əsarətini , müstəqilliyini görə bilmişəm. Mən çətin yolla gəlmişəm ki, həyatın hər üzündən ləzzət ala bilim. Eyş-işrətlə yaşamamışam.Yaşasaydım, ömür mənə qısa görünərdi".

Şair 75 yaşında ölüm qorxusunu boş şey hesab etdiyini söylədi. Dedi ki, onsuz da hamımız ölümə məhkum olunduğumuzu bilirik.

"Hər gün həyat bizi ölümə bir addım yaxınlaşdırır. Belə bir vaxtda kiminsə böyürdən çıxıb kimisə hədələməsi bir qədər gülməli görünür. Onsuz da ölümə doğru gedirik. Amma bu yolun vaxt bitəcəyini heç birimiz bilmirik. Mənim fikrimcə, hamı həyatın ləzzətini almağı bacarmalıdır. Çünki həyat imtahanlardan ibarətdir. İmtahan verə-verə gəlmişik. Bəzən çörək tapmışıq, bəzən isə yox. 1986-cı ildə ağır xəstələndim. Həkimlər dedilər ki, bir ay ömrün qalıb. Əlimi hər yerdən üzmüşdüm. Yuxarıda Allah, yerdə son ümid kimi Heydər Əliyev məni bu bəladan qurtardı. Cərrahiyyə əməliyyatı qurtarandan bir neçə gün sonra gördüm ki, danışa bilmirəm. Bu sözləri kağıza yazıb həkimə göstərdim. Həkim isə dedi ki, "mən sənin səsini yox, özünü xilas etmişəm". Sonra dostlarım təsəlli olaraq deyirdilər ki, "müğənni deyilsən, səs sənə bu qədər lazım ola". Bu bir həyat imtahanı idi. O vaxtdan bəri hələ yaşayıram", - deyə ədib bildirdi.

 

 

Xatun 

 

Ayna.- 2010.- 17 iyul.- S.20.