Əsrdən uzun "Əkinçi"
yolu
Məmləkətin ilk
qəzetinin nəşrini düşünərkən
Son 150 illik tarixdə
milli mədəniyyətimizin tərəqqisində, milli mətbuatımızın
inkişafında, xalqımızın savadlanmasında göstərdiyi
misilsiz xidmətlərə görə Həsən bəy Səlim
bəy oğlu Məlikov-Zərdabinin parlaq xatirəsini hər
birimiz ehtiramla yad edirik. Həsən bəy Moskva Universitetinin
riyaziyyat-təbiət fakültəsində təhsil alıb vətəninə
dönmüş və bütün şüurlu həyatını
millətin maariflənməsinə sərf etmişdir. Şərq
qəflətində yatmış bir xalqı oyatmaq, bisavad
camaata öz hüquqlarını anlatmaq, hər şeyin
ağır senzura, ciddi nəzarət və sərt yasaqlar
şəraitində olduğu bir zəmanədə bu işləri
görmək həqiqətən böyük qəhrəmanlıq
sayılır. Hələ öz zamanında Həsən bəylə
Bakıda görüşən bir fransız jurnalist ona heyrətini
gizlətmədən belə demişdi: "Doğrusu, siz əsl
qəhrəmansınız! Bizim Fransada belə bir yoxsul qəzet
üçün işləmək istəyən adam tapmaq
olmazdı. Sizin qüvvənizə heyrət edirəm. Belə
məlum olur ki, siz öz xalqınızı çox istəyirsiniz!".
Naşiri olduğu "Əkinçi" qəzeti təkcə
milli mətbuatımızın yaranma tarixi deyil, eyni zamanda
xalqımızın milli şüurunun, azadlıq mücadiləsinin,
cəhalətə qarşı mübarizəsinin başlanma
tarixidir. İctimai-siyasi proseslərin salnaməsi və
aynasıdır. Həsən bəyin idealları və "Əkinçi"
ənənələri ilə mayalanan milli mətbuatımız
şərəfli bir yol keçərək xalqı
sözün qüdrəti ilə istiqlala qovuşdurdu.
Həsən bəy Məlikov-Zərdabi
təkcə milli mətbuatın banisi deyil, həm də xalq
müəllimi, teatr həvəskarı, "qara
camaat"ın könüllü vəkili idi. Yeddi illik səylərdən
sonra çar hökumətindən "Əkinçi"nin
çapına icazə alan Həsən bəy ilk sayda qəzetin
əsas məqsəd və vəzifəsini şərh edərək
yazırdı:
"Qəzetin muradı
xalqın gözünü açmaqdır... Qəzet dərviş
kimi nağıl deyə bilməz, onun borcudur işlərin
yaxşı və yamanlığını ayna kimi xalqa
göstərsin, ta ki xalq nikubədindən xəbərdar olub
onun əlacının dalınca olsun".
O zaman Qafqazda ərəb
əlifbası ilə çap işi yox dərəcəsində
olduğundan işi milli mətbəənin təşkilindən
başlamaq lazım gəlirdi. İstanbulun "Babi-Ali cadəsi"ndə
mətbuat və kitab ticarətində olan azərbaycanlıların
köməyi ilə ərəb qrafikası ilə mətbəə
matrisaları əldə edən Həsən bəy "Əkinçi"ni
ərsəyə gətirmək üçün çox
böyük əziyyətlərə qatılmışdı.
Bəzi xırda imla qüsurları üçün oxuculardan
üzr istəyən redaktor yazırdı:
"Dünyada hər qəzeti
5 və ya 10 adam inşa edir. Onu çap edən, hərflərini
düzən, qələtlərini düzəldən başqa
kişilər olur. Amma bu işlərin hamısını gərək
mən özüm görüm... Ey bizə diqqət edənlər!
Bu qəzetin kəsirini görəndə gülməyin. Siz
ağlayın ki, bizim müsəlmanların bircə qəzetini
də basdırmağa adam yoxdur".
"Əkinçi"
öz səhifələrində xalqın dərd-sərindən,
müşküllərindən yazırdı, zülmətdə
qalan millətin bəsirət gözünü
açırdı. Qəzetin öz dövrünün
ictimai-siyasi həyatdakı roluna və "Əkinçi"
- Zərdabi vəhdətinə toxunan görkəmli siyasi xadim
Əlimərdan bəy Topçuboşov 1925-ci ildə deyirdi:
"Əkinçi"!..
Bu sözü qəlbən titrəmədən və həyəcansız
söyləmək olmur: onda hər bir azərbaycanlı
üçün nə qədər müqəddəslik var.
"Əkinçi" müstəqil Azərbaycanın, onun
dilinin, xalq mahnılarının, ədəbiyyatının,
tarixinin möcüzəvi emblemidir. Bu bütün Azərbaycan
xalqının emblemi və nişanıdır, onun
gücünün, azad əməyə sevgisinin, ideya və
ideallarının aşkara çıxmasıdır. "Əkinçi"
və Həsən bəy Məlikov-Zərdabi - bu adlar tarixdə
və xalq yaddaşında elə qaynayıb-qovuşmuşdur
ki, bir-birindən ayrılmazdır. Onlar birlikdədir və
ayrılmazdır. Azərbaycan barədə danışanda, Həsən
bəyi xatırlayanda, haqlı olaraq onun Azərbaycanın və
bütün Qafqazın mədəniyyət və maarif, siyasi
və iqtisadi inkişaf tarixində ən şərəfli
yerlərdən birini tutduğu görünür. Həsən
bəy nişanverici və xilasedici bir mayak yaratdı. Belə
faydalı və ruhlandırıcı işıq mənbəyini
ehtiramla yad etmək bütün Azərbaycanın və hər
bir azərbaycanlının əxlaqi, vətənpərvərlik
borcudur".
Qəzetin aynasında
öz tipik simalarını görənlər naşirə hədyanlar
yağdırmağa başlamışdılar. Həsən bəyin
siyasi-ictimai həyatda artan nüfuzu çar məmurlarını
da təşvişə salırdı. 1878-ci ildə təzyiqlərə
məruz qalan Zərdabi təbiət müəllimi işlədiyi
Bakı Realnı məktəbindən xaric edilir və 2 il
işsiz qalır. 1880-ci ildə ailəsi ilə birlikdə Zərdaba
köçərək 16 il kənd yerində yaşayır.
Burada o, hüquqları tapdanan camaata könüllü vəkillik
yardımı göstərir, onları öz
hüquqlarının müdafiəsi üçün maarifləndirirdi.
Bakıya bir də
1896-cı ildə dönən Həsən bəyi onu
yaxşı tanıyan Bakı ziyalıları və
xüsusilə bu ziyalıları çox sevən
böyük maarifpərvər mesenat Hacı Zeynalabdin
Tağıyev səmimi qarşıladı. Öz millətinin
maariflənməsinə can yandıran Tağıyev o dövrdə
"Kaspi" qəzetini erməni naşirlərindən
böyük pula - 57 min "Nikolay onluğu"na satın
alaraq Əlimərdan bəy Topçubaşova vermişdi ki,
millətimiz üçün nəşr etsin. Həsən
bəy Bakıya gələndən ömrünün
sonunadək "Kaspi"də çalışdı.
Təzə Pir məscidi
yaxınlığında yaşayan Həsən bəyin
Tağıyevlə münasibəti Azərbaycan xalqı
üçün tarixi bir şans oldu. Həsən bəyin dəyərli
ideyalarını öz şəxsi sərmayəsi ilə
gerçəkləşdirən Hacı Zeynalabdin
Tağıyev ona böyük ehtiramla yanaşırdı.
Bakıda Qızlar Məktəbinin açılmasının
ilk təşəbbüskarı da Həsən bəy
olmuşdu. Həsən bəy və onun kürəkəni, həm
də Tağıyev kontorunun vəkili Əlimərdan bəy
Topçubaşovun Qafqaz canişininə və çara
yazdığı ərizələri Tağıyev
ünvanlarına aparmış, məmurlara böyük hədiyyələr
müqabilində məktəbin tikintisinə razılıq
almışdı.
Nəhayət,
1900-cü ilin oktyabrında böyük maliyyə hesabına
Şərqdə ilk qız məktəbinin təntənəli
açılışına qatılan Tağıyev, Məlikov
və Topçubaşovun sevincləri onların gözlərindəki
yaşda parlayırdı... Məktəbə müdirlik etmək
üçün Tağıyev heç düşünmədən
Həsən bəyin ömür-gün yoldaşı və
ideya həmfikri Hənifə xanım Məlikovanı məsləhət
görmüşdü. Bu məktəbə millətin qız
övladlarının cəlb olunması üçünsə
onlar gərgin çalışmışdılar. Sonralar bu məktəbi
bitirən gənc qızlar qadın azadlığının
carçısı, maarif fədailəri oldular və ölkənin
ictimai həyatında mühüm rol oynadılar.
Uzun illər şəhər
Dumasında deputat olan Həsən bəyin cəsarətli səsini
çar məmurları heç bir vasitə ilə boğa
bilmirdilər. 1907-ci il noyabrın 7-də İçərişəhərdə,
Qoşa qala qapısının arxasındakı sadə evində
iflic xəstəliyindən əziyyət çəkən
böyük maarifçi ölüm yatağında vəsiyyət
edirdi:
"Sizdən xahiş
edirəm: Təntənəli dəfn mərasimi düzəltməyin,
məni çox sadə dəfn edin. Dəfn üçün
xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar
arasında savab yayan cəmiyyətə verin. Bu mənim
başı bəlalar çəkmiş xalqım
üçün daha faydalı olar".
Lakin bütün şəhər
axışıb gəlmişdi. Xalq öz fədakar oğlunu
böyük bir ehtiramla Bibiheybət qəbiristanlığında
dəfn etdi. 30-cü illərdə böyük yol çəkilişi
ilə bağlı Həsən bəyin məzarı şəhər
qəbiristanlığında uyuyan sadiq məsləkdaşı
Hənifə xanımın yanına
köçürüldü. 1957-ci ildə onun nəşi
yenidən köçürülür. Bu dəfə
xalqın hörmət bəslədiyi böyük şəxsiyyətlərinin
uyuduğu bir məkana - Fəxri Xiyabana... Bu gün Həsən
bəyin Fəxri Xiyabandakı məzarı Azərbaycan jurnalistlərinin
ehtiramla baş çəkdikləri müqəddəs
ünvandır.
Görkəmli ictimai xadim, fədakar xalq müəllimi
və təbiətşünas alim, milli teatrımızın
banisi, ilk qız məktəbinin yaradıcısı, 1-ci
müəllimlər qurultayının təşkilatçısı
və sədri, ilk xeyriyyə cəmiyyətinin rəhbəri
və nəhayət, milli mətbuatımızın
yaradıcısı... Ruhun şad olsun, Həsən bəy!
Bu gün onun arzuları gerçək olub. Qəzet-jurnal bolluğu yaşnanır. Medianın palitrası
çox əlvandır.
Azərbaycan Jurnalistlər Birliyi,
Mətbuat Şurası,
KİV-ə Dövlət Dəstəyi
Fondu, müxtəlif jurnalist təşkilatları
və böyük bir jurnalist ordusu
günün salnaməsini
yazırlar. Hamısının
sələfi - təməli
135 il əvvəl
atılmış "Əkinçi"dir.
Mənəvi ata isə - Həsən bəy Məlikov-Zərdabidir.
Mirvari RƏHİMZADƏ
Ayna.- 2010.- 17 iyul.- S.18.