Milli Kitabxana Dünya elektron
kitabxanasında
Bu, 2009-cu ilin
ideyası əsasında həyata keçirilib
Mirzə Fətəli
Axundov adına Milli Kitabxana Dünya elektron kitabxanasında təmsil
olunmaq hüququ qazanıb. Kitabxanadan verilən məlumata
görə, Dünya elektron kitabxanası ideyası 2009-cu ildə
yaranıb. Bu haqda təklif kitabxanaçıların beynəlxalq
toplantısında ABŞ-ın Konqres, Misirin İsgəndəriyyə
və Braziliyanın milli kitabxanası tərəfindən irəli
sürülüb:
"İyun ayında
Vaşinqtonda layihənin təqdimat mərasimi keçirilib. 64
ölkə ilə yanaşı Azərbaycan da sözügedən
kitabxanada təmsil olunmaq hüququ qazanıb. Bunun nəticəsində
dünya oxucuları Azərbaycan həqiqətləri, ölkəmizin
tarixi, mədəniyyəti, coğrafiyası, iqtisadiyyatı və
digər sahələri haqqında istənilən məlumatı
əldə edə biləcəklər. Məlumatlar dünya
elektron kitabxanasında 7 dildə yerləşdiriləcək".
Xəbərdə
bildirilir ki, hazırda Milli Kitabxanada elektron resursların
yaradılma şöbəsi kitabxanaya daxil olan yeni materiallar,
oxucular tərəfindən daha çox tələb olunan ədəbiyyatın
siyahısı əsasında iş aparır.
Azərbaycan milli mətbuatının analitik-elektron məlumat
bazası da yaradılır. Köhnə qəzet və
jurnalların elektron versiyası hazırlanır. Artıq
"Əkinçi" ,"Sədayi haqq" qəzetlərinin,
"Füyuzat" və "Babayi əmir" jurnallarının
elektron versiyaları tam hazırdır. Milli Kitabxananın
Elektron İnformasiya xidməti və kitabxanalar arası
abonement şöbəsində isə 1993-2010-cu illərdə
çap olunan bütün ədəbiyyat nümunələri
kataloqlarda yerləşdirilib.
Xatun
Ayna.- 2010.- 17 iyul.- S.18.