Qədim alətlərin yeni ifaçıları yoxdur
On qədim aləti bərpa edən Məcnun Kərimov
onların sonrakı taleyindən narahatdır
1988-ci ildə
yaradılan Qədim Musiqi Alətləri Ansamblı rəsmi
dövlət statusu alsa da, bu vaxta qədər yalnız Fransada
keçirilən beynəlxalq festivalda təmsil oluna bilib. 2002-ci
ildə yenidən həmin ölkəyə dəvət alan
ansambl üzvləri bəzi səbəblərdən səfərə
çıxa bilməyiblər. Məcnun Kərimov ansamblda
istifadə edilən alətlərin nadir nümunə
olduğunu dilə gətirərək bildirdi ki, ansamblın
yaşaması üçün alətləri göz bəbəyi
kimi qoruyurlar:
"Çünki
bunları heç bir emalatxanada nə düzəltmək, nə
də təmir etmək mümkündür. Alətlərin hər
bir hissəsi musiqi tariximizdən xəbər verir.
Çünki qədimliyi ilə indiki alətlərdən
xeyli fərqlənir və onlardan başqa ölkələrdə
yoxdur. Bir çox alimlərin yazılarında həmin alətlərin
Azərbaycana məxsus olduğu göstərilib. Təəssüf
ki, onları yetərincə qoruya bilmirik".
Qeyd edək ki, qədim
alətlər yalnız Bakı Musiqi Akademiyasının nəzdində
fəaliyyət göstərən xüsusi laboratoriyada bərpa
edilir. Məcnun Kərimov isə Musiqi Akademiyasının Qədim
Musiqi Alətlərinin Bərpası və Təkmilləşdirilməsi
elmi laboratoriyasının rəhbəridir. Ansambl rəhbəri
söhbət zamanı Azərbaycanın 60-a yaxın musiqi alətinin
unudulduğunu bildirdi. Dedi ki, uzun illərdən sonra onlardan
yalnız 10-nun bərpasına nail ola bilib. Bu alətlərdə
yalnız sözügedən ansamblın üzvləri ifa edirlər.
Çünki alətlər unudulduğu üçün
onların ifaçıları da yetişmir. Hazırda
"nüzhə" alətinin bərpası üzərində
işləyən Məcnun Kərimov belə dedi:
"Bu alət XIII əsrdə
yaşamış məşhur musiqişünas alim Səfiəddin
Ürməvi tərəfindən ixtira olunub. Səfiəddin
Ürməvi Şərqdə not nəzəriyyəsini yaradan
musiqiçi kimi də tanınıb. Onun ixtira etdiyi
"nüzhə" isə kanona bənzər simli alətdir.
Orta əsrlərdə geniş yayılan bu alət təqribən
XVI əsrdən sonra unudulmağa başlayıb. Biz isə
arxivlərdə apardığımız araşdırmalar nəticəsində
həmin alətin eskizlərini qura bilmişik. Bu eskizlər əsasında
həmin alətin yenidən bərpasına nail olmuşuq. Zənn
edirəm ki, yaxın zamanlarda "nüzhə" tam bərpa
olunaraq yenidən Azərbaycan mədəniyyəti xəzinəsinə
daxil ediləcək. Alət hazır olan kimi, geniş təqdimat
mərasimi keçirilərək musiqiçilərin
ixtiyarına veriləcək".
Məcnun Kərimov sonda
bildirdi ki, bununla yanaşı digər alətlərin də bərpası
üzrə araşdırmalar davam etdirilir. O, "məqsədimiz
vaxtı ilə mövcud olmuş, indi isə unudulmuş 60 alətin
hamısının bərpasına nail olmaqdır" dedi.
Xatun
Ayna.- 2010.- 17 iyul.- S.19.