Beş hesabatın ana xətti
Uşaqlara qayğı sistemi təkmilləşsin
Ötən ilin oktyabrında Azərbaycan hökuməti BMT-nin Uşaq Hüquqları Komitəsinə Azərbaycanda uşaqların vəziyyətinə dair hesabatını təqdim edib. Cari ildə hesabata bəzi əlavələr gözlənir. Aydın məsələdir ki, bütün hökumətlər hesabatlarda gördükləri işləri, nailiyyətləri, qanunvericiliyin təkmilləşdirilməsi məsələlərini qabardır. Problemlərdən isə mümkün qədər yan keçməyə çalışırlar. Bu günədək təqdim edilən hesabatlar bunu təsdiqləyir. Problemləri nəzərə çarpdırmaq isə vətəndaş cəmiyyətinin vəzifəsidir. Ölkəmiz üzrə alternativ hesabatı hazırlamaq vəzifəsi Uşaq Hüquqları üzrə QHT Alyansına həvalə edilib. Alyans keçən ilin iyulundan beş alternativ hesabatın hazırlığına başlayıb və iş bu ilin mayında başa çatıb.
Alyansın üzvü olan 80 təşkilatdan 50-si bu hesabatın hazırlanmasında iştirak edib. Hesabatda əksini tapmış problemlər, faktlar və eyni zamanda cəmiyyətə və hökumətə verilən təklif və tövsiyələr bir neçə təşkilatın deyil, alyansın bütün təşkilatlarının mövqeyini ifadə edir.
Qeyd edək ki, hesabatın hazırlanmasında Azərbaycanda fəaliyyət göstərən UNICEF, Save the Children, World Vision, Corc Marshal fondu, Açıq Cəmiyyət İnstitutu və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı texniki dəstək göstəriblər. Ancaq bu hesabat beynəlxalq təşkilatların deyil, yerli QHT-lərin mövqeyini əks etdirir. BMT-nin Uşaq Hüquqları Komitəsi məhz yerli QHT-lərdən ölkədəki uşaqların vəziyyətinə dair alternativ hesabat, mövqe, fikir gözləyir.
İyulun sonunda beş hesabat BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim ediləcək. Beləliklə də QHT Alyansının nümayandə heyəti Cenevrədə 18 ekspertin iştirak etdiyi tədbirdə bağlı qapılar arasında müzakirələrə başlayacaq. Bundan sonra Azərbaycan hökumətinin nümayəndə heyəti komitəyə müzakirələrə dəvət ediləcək. Sonda hökumətə təklif və tövsiyələr veriləcək.
Alyansın milli koordinatoru Nabil Seyidov 50 təşkilatın araşdırması və təhlilləri əsasında Azərbaycanda uşaqların vəziyyətinə dair əldə edilən məlumatları "Ayna"ya açıqladı.
- Bu hesabatın məqsədi
kimisə tənqid etmək, pisləmək deyil. Əksinə,
ölkədəki real vəziyyəti yaxşı bilən,
yerli icmalarda uşaqlarla daha sıx təmasda olan QHT-lər və
icma əsaslı mərkəzlərin fikirlərini cəmiyyətin,
hökumətin və beynəlxalq qurumların diqqətinə
çatdırmaqdan ibarətdir.
Hesabatda qeyd edilir ki, Azərbaycanda uşaqlara dair dövlət siyasəti və fəaliyyəti pərakəndədir.Məsələn, hər hansı problem yarananda o istiqamətdə iş görülür. Odur ki, uşaqlıq dövrünün inkişafına dair dövlət strategiyanın hazırlanması məqbul olardı. Fikrimizcə, strategiya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmalıdır. Çünki bu komitə uşaqlara dair dövlət siyasətinin formalaşdırılması ilə məşğuldur. Bu strategiya hökumətə imkan verəcək ki, növbəti 7 və ya 10 il ərzində uşaq problemlərinin həlli istiqamətində hansı işlərin görülməsini öncədən müəyyənləşdirsin. Bununla da donor və beynəlxalq təşkilatlara Azərbaycanda uşaqların hansı problemlərinin həllinin prioritet olduğunu ismarıclamış olacaq. Onda cəmiyyət də biləcək ki, uşaq məsələlərində hansı nəticələr əldə ediləcək. Bəlli olduğu kimi, iqtisadi inkişafla bağlı dövlət proqramları həyata keçirilir. Deməli, təcrübə var, bunu uşaq məsələlərində də tətbiq etmək olar.
- Beləliklə, uşaqların hansı probleminin həlli daha vacib sayılır?
- Problemləri dərəcələrə
və ya aktuallığa görə sadalamaq istəmirəm.
Uşaqlarla bağlı bütün problemlər həllini
tapmalıdır.
Bizi çox narahat edən - əlilliyi
olan uşaqların problemləri və onların
hüquqlarının müdafiəsidir. Baxmayaraq ki, Azərbaycan
həm Uşaq Hüquqları Konvensiyası üzrə əlilliyi
olan uşaqların hüquqlarının müdafiəsinə
dair öhdəlik götürüb. 2007-ci ildə BMT tərəfindən
qəbul edilmiş əlilliyi olan şəxslərin
hüquqlarının müdafiəsinə dair ayrıca
konvensiyanı ratifikasiya edib. Lakin 2005-ci ildə ölkədə
43 min əlilliyi olan uşaq var idi. 2010-cu ildə onların
sayı 56 minə çatıb.
Onların cəmiyyətə inteqrasiyasının zəif aparılması ilə yanaşı, onların təhsilə cəlb edilməsi aktualdır. Özü də onların xüsusi deyil, adi orta təhsil məktəblərinə, uşaq bağçalarına getməsi vacibdir. Təhsil Nazirliyi 2006-2009-cu ildə inklüziv təhsil proqramını uğurla başa çatdırıb. 2010-cu ilin iyun ayı olsa da, bu proqramın davamı ilə bağlı irəliləyiş yoxdur. Ümid edirik ki, artıq pilot deyil, Azərbaycanın bütün orta məktəb və bağçalarında inklüziv təhsil sinifləri açılacaq. Əlilliyi olan və təhsilə cəlb olunması mümkün olan 20 minə yaxın uşağın təhsil ocaqlarına getməsi təmin ediləcək. Əfsuslar olsun ki, 20 min uşaqdan cəmi 5 minə yaxını orta məktəblərdə və bağçalarda təlim alır.
Sözsüz ki, bu məsələlərin həllini tapması üçün təhsil ocaqlarının müyyəssərliyi təmin olunmalıdır. Eyni zamanda, dərsliklər, dərs plan və proqramları və müəllimlərin hazırlığı böyük rol oynayır. Müəllimlər fiziki əlilliyi olan uşaqlarla iş aparmağı bacarmalıdırlar. Əlilliyi olan uşaqların gələcəkdə peşə təhsilinə yönəldilməsi böyük önəm kəsb edir. Fikrimizcə, əlilliyi olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair konkret dövlət proqramının qəbuluna zərurət var.
- Uşaqların zorakılığa məruz qalma məsələsinə baxış?
- Bütün dünya
ölkələrində olduğu kimi, bu problem Azərbaycanda
da var. Ailələrdə və müxtəlif dövlət
müəssisələrində - məktəblərdə,
bağçalarda, internatlarda uşaqlara qarşı
zorakılıq tətbiq edilir.Biz bununla mübarizə
yollarını açıqlamışıq. Alyans bu qənaətdədir
ki, ailədə və təhsil müəssisələrində
uşaqlara qarşı cismani cəzanın, yəni fiziki
qüvvənin tətbiqini qadağan edən qanun
hazırlanmalı və ya qanunvericilik təkmilləşməlidir.
Fiziki zorakılıq tətbiq edən valideynlərə, məktəb
və bağça müəllimlərinə, qəyyumlara və
s. qarşı cəza tədbiri qanunvericilikdə əksini
tapmalıdır. Cismani cəzadan tərbiyə metodu kimi
istifadə edilməməlidir!
Cinsi zorakılığa məruz
qalanlar da var. Onların reabilitasiya məsələləri bizi
narahat edir. Belə uşaqların və onların ailələrinin
reabilitasiyası üçün nə proqram, nə də mərkəzlər
mövcuddur. Zorakılıq uşağı intihara
sürükləyən, sui-qəsdlərə, depressiyaya yol
açan, onun həyatına uzun müddət təsir edən,
məktəbdən yayınmasına, cinayətə meyilli olmasına
təsir edən amildir.
İnternatlarda təhsil alan
uşaqların vəziyyəti də narahatlıq yaradır.
Uşaqların ailələrə verilməsi, bu müəssisələrin
transformasiyası ilə bağlı işləri qeyd etməmək
mümkün deyil, lakin eyni zamanda, istəyərdik ki, icma əsaslı
qayğı mərkəzləri yaradılsın, uşaqlar
yaşadıqları ərazidə öz ailələrindən
ayrılmadan müxtəlif xidmətlərdən istifadə
etsinlər.
- Küçə uşaqlarının sayı ilə
bağlı fərqli rəqəmlər səsləndirilir...
- Əlbəttə, hesabatda
küçə uşaqlarının problemlərinə yer
ayrılıb. Qeyri-rəsmi hesablamalarımıza əsasən,
iri şəhərlərdə təxminən iki minə
yaxın uşaq küçələrdə işləyir,
dilənir və yaşayır. Onların cəmiyyətə
inteqrasiyası, küçədə üzləşdikləri
zorakılığın nəticəsində aldıqları
emosional, psixi və fiziki travmalar cəmiyyət
üçün ciddi məsələdir. Yaxşı
haldır ki, QHT-lərin dəstəyi ilə iki belə mərkəz
fəaliyyət göstərir. Amma dövlətin dəstəyi
olarsa, həmin uşaqların problemləri həllini tapa bilərdi.
- Beş hesabatda hökumətin, cəmiyyətin diqqətinə
çatdırmaq istədiyiniz ən vacib ismarıc?
- Vurğulayırıq ki,
uşaqların müdafiəsi və uşaqlara qayğı
sistemi təmilləşməlidir. Nazirlər Kabinetinin qərarı
ilə Təhsil Nazirliyinin nəzdində
deinstitutlaşdırma və uşaq müdafiəsi idarəsi
yaradılıb. Bu ilk addımdır. Yaxşı olar ki,
bütün rayonlarda bu idarənin şöbələri
yaradılsın. Yetkinlik yaşına çatmayanların
işləri və müdafiəsi üzrə rayon icra hakimiyyətlərinin
yanında fəaliyyət göstərən komissiyaların
strukturu təkmilləşsin.
Bundan başqa, xüsusi
qayğıya və müdafiəyə ehtiyacı olan
uşaqların məlumat bazası mövcud deyil. Səhiyyə,
Təhsil, Əmək və Əhalinin Sosial Müdafiə,
Daxili İşlər nazirlikləri, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi
öz səviyyəsində uşaqlarla çox pərakəndə
şəkildə iş aparırlar. Amma tədqiqatlar göstərir
ki, uşaq problemləri çoxşaxəlidir. Ona görə
də uşaq və ailənin problemlərinin həlli
üçün birgə iştirak vacibdir. Birgə iştirak
olmasa, problemlərin həlli müvəqqəti xarakter
daşıyacaq. Məlumat bankı yaradılmalı,
strukturların hər biri də üzərinə düşən
işi əlaqələndirilmiş şəkildə həll
etməyə çalışmalıdırlar.
Aynurə
Ayna.- 2010.- 5 iyun.- S.16.