TQDK-ya
22 Avropa və dünya çempionu müraciət edib
Onlar İdman Akademiyasında test imtahanlarsız təhsil
ala biləcəklər
Azərbaycanda bu il 115 min 852
abituriyent test imtahanlarında iştirak edəcək. Bu barədə
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədri Məleykə Abbaszadə dünən
keçirdiyi mətbuat konfransında məlumat verib. Birinci
ixtisas qrupu üzrə 37 157, ikinci qrup üzrə 28 883,
üçüncü qrup üzrə 32 697,
dördüncü qrup üzrə isə 16 116 abituriyent tələbə
adı uğrunda mübarizə aparacaq.
TQDK sədri bildirib ki, ali məktəblərə
ərizə verən abituriyentlərin 50 faizi sınaq
imtahanlarında iştirak edənlərdir. Bütün
regionları əhatə edən bu imtahanlarda 75 min abituriyent
iştirak edib. TQDK sədri sonuncu sınaq imtahanlarının
iyunun 6-da keçiriləcəyini söyləyib.
M.Abbaszadə bəyan edib ki,
sınaq imtahanlarının nəticələrinə əsasən,
rus bölməsinin abituriyentləri Azərbaycan bölməsi
ilə müqayisədə daha zəif nəticə göstəriblər.
Sınaq imtahanlarında rus bölməsi abituriyentlərinin
topladığı orta bal Azərbaycan bölməsinə nisbətən
aşağı olub. Sınaq imtahanlarında İİ ixtisas
qrupu üzrə Azərbaycan bölməsinin orta balı 279
olduğu halda, rus bölməsinin 254, İİİ qrupda Azərbaycan
bölməsinin orta balı 321, rus bölməsinin 259, İV
qrupda Azərbaycan bölməsinin orta balı 333, rus bölməsinin
isə 255 olub.
Maraqlı fakt odur ki, bu il
rejissor olmaq istəyənlərin sayı artıb. Rejissor olmaq
üçün 431, aktyor olmaq üçünsə 280 nəfər
qeydiyyatdan keçib. Bu da yüksək müsabiqə vəziyyəti
yaradacaq.
TQDK sədri onu da
xatırladıb ki, artıq qəbul imtahanlarında iştirak
üçün ərizələrin qəbul müddəti
iyunun 2-də başa çatıb. İyulun 4-dən 23-nə
qədər dörd ixtisas qrupu üzrə test imtahanları
keçiriləcək. TQDK sədri deyib ki, sənəd verənlərin
2 731 nəfəri ərizələrini təsdiqləməyib:
"Bu il 12 461 nəfər qabiliyyət imtahanlarında
iştirak edəcək. Bunların da 50 faizdən çoxu Bədən
Tərbiyəsi Akademiyasına sənəd verənlərdir.
22 Avropa və dünya çempionu müraciət edib və
onların sənədləri təsdiq edilib. Həmin şəxslər
Bədən Tərbiyəsi Akademiyasında test imtahanlarsız
təhsil ala biləcəklər".
M.Abbaszadə onu da vurğulayıb
ki, yeni "Təhsil haqqında" qanun dünya olimpiadalarının
qaliblərinə ali məktəblərə imtahansız qəbul
imkanı yaratsa da, indiyədək dünya fənn olimpiadası
üzrə heç bir qalib bu quruma müraciət etməyib:
"Bu il dünya fənn
olimpiadaları iyulda keçiriləcək. Ötənilki
olimpiadaların iştirakçılarından isə heç
bir qalib bizə müraciət etməyib".
M.Abbaszadə qeyd edib ki,
TQDK-nın müraciəti əsasında Mədəniyyət
və Turizm Nazirliyi də bu quruma beynəlxalq səviyyəli
hesab etdiyi müsabiqə və festivalların
siyahısını təqdim edib. Siyahıda 35 festival və
müsabiqə öz əksini tapıb. Siyahıya əsasən
Bakıda keçirilən Beynəlxalq Muğam Festivalı və
Bülbül adına vokalçıların beynəlxalq
müsabiqəsi, Tbilisidə keçirilən gənc
pianoçuların beynəlxalq müsabiqəsi, Estoniyada
Şopen yaradıcılığına həsr olunan Baltik
ölkələri gənc pianoçularının beynəlxalq
müsabiqəsi, Moskvada keçirilən "Zolotaya
kistiçka" uşaq təsviri incəsənət və
digər müsabiqələrin qalibləri ali məktəblərə
imtahansız qəbul olunacaqlar. Məleykə Abbaszadə
TQDK-nın internet saytında bu siyahının
açıqlanacağını söyləmişdir.
Qeyd edək ki, TQDK-nın
hazırladığı "Abituriyentin bələdçisi"
kitabının yenilənmiş, təkmilləşdirilmiş
yeni buraxılışı artıq nəşr olunub. Jurnalda
tələbə qəbulu prosesinin bütün tərəfləri
və mərhələləri sistemli şəkildə əks
olunub.
Nəşrdə ötən
il keçirilmiş qəbul imtahanlarında müəyyənləşmiş
keçid balları, qəbul proqramları, test kitabları,
elektron dərs vəsaitləri, çətin testlərin
izahı və tövsiyələr, model testlər,
açıq testlər, xüsusi qabiliyyət tələb edən
ixtisaslara dair vəsaitlər haqqında məlumat verilib.
Jurnalın bölmələrində abituriyentlərin
imtahan gününə hazırlığına dair tövsiyələr,
psixoloq məsləhətləri verilib. Son bölmədə
qabiliyyət imtahanlarının keçirilmə qaydaları,
abituriyentlərin imtahan balları və ixtisas seçimi əsasında
müsabiqə və yerləşdirmənin aparılması
prosesi işıqlandırılıb. Apellyasiya
aparılması qaydaları, ali təhsil müəssisələrində
əlavə yerləşdirmə, tam orta təhsil müəssisələrinin
boş qalan yerlərinə əlavə yerləşdirmə və
tələbə qəbulu ilə bağlı abituriyentlər,
valideynlər və ictimaiyyət tərəfindən TQDK-ya ən
çox ünvanlanan suallar və onlara mütəxəssislərin
cavabları təqdim olunur.
Ayna.- 2010.- 5 iyun.- S.18.