Fəxriyyə Xələfova: "İmkanlarımız ancaq festivallara çatır"

 

Moda həftəsi bizim üçün böyük rəqəmdir

 

Modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın plastik əməliyyat olunması ilə bağlı söz-söhbətlər gəzir. Hər yaş dövründə zahiri təravətini itirməyən modelyer bizimlə söhbətində bunu plastik əməliyyat yolu ilə qazanıb-qazanmadığından söz açdı:

- Mənim 12 illik fəaliyyət yolum var. 2004-cü və 2005-ci ilə qədər çox rahat həyat tərzi keçirmişəm. Heç kimin şübhələri vardı, sualları. Görün, indi mənim neçə yaşım var bu şübhələrin hamısı indi peyda olub. Mən 1969-cu ildə doğulmuşam bu söhbətlər indi ortaya çıxır. Mən plastik əməliyyatlar etdirməmişəm. Bu şübhələrin yaranmasına mənim üç cizgilərim səbəb ola bilər. Üz cizgilərimin səbəbkarları mənim valideynlərimdir. İkisi zahirən çox gözəl insanlardır. Atam rəhmətə gedib. Mənim çox gözəl nənə, babalarım olub. Bir dəfə təsadüfən Toğrul Nərimanbəyovla rastlaşdım. O uzun zamandır Parisdə yaşayır, buranın ictimaiyyəti ilə o qədər tanış deyil. Toğrul Nərimanbəyovu verilişimə dəvət etmək üçün ona yaxınlaşdım.Onun anası fransızdır və modelyer olub. O mənə baxanda birinci sözü o oldu ki, "sizin gözəl fakturanız var. Mən sizin mütləq portretinizi çəkməliyəm". O an onu heç bir şey maraqlandırmırdı, o sonradan bildi ki, mən Fəxriyyə Xələfovayam. Bu qədər peşəkar rəssamı plastik əməliyyatlı xanım cəlb edə bilməz. O hətta dedi ki, mən indiyə qədər çox üzlər görmüşəm, ancaq siz heç kimə bənzəmirsiniz.

- Azərbaycanda bir çox brendlər öz mağazalarını açırlar. Siz niyə Fəxriyyə Xələfova butiki açmırsınız?

- Mən də çox böyük məmnuniyyətlə butik açardım. Ancaq bunun iqtisadi tərəfi var. Bunun üçün sərmayə lazımdır. Mən sponsor anlayışından yox, investisiya anlayışından danışıram. Sponsor qısamüddətli bir maddi yardımdır. Amma investisiya uzunmüddətli kapital qoyuluşudur. Mən bu uzunmüddətli kapital qoyuluşunu gözləyirəm. İstəyirəm ki, bu mənim brendimə uzunmüddətli investisiya olsun. İnvestisiya olmalıdır ki, 15 çeşidi istehsala buraxa biləsən. Çox istərdim ki, qızıl əşyalarım, saatlarım da istehsal olunsun. Dünyanın hər yerində belədir. Bizim ictimaiyyətin əksəriyyəti heç bilmir ki, Valentino, Kuççi İv Sen-Loran bir sahibin markasıdır. Onların rəhbəri Valentinodur, mərhum İv Sen-Lorandır. Modelyer heç vaxt təkbaşına bu qədər biznes imkanlarını özünə yarada bilməz. Əslində mənim üçün butik açmağın vaxtı yetişib. Ancaq şəhərin mərkəzində bir yer almağa imkan hələlik yoxdur. Düşünürəm ki, Fəxriyyə Xələfovanın butiki şəhərin lap mərkəzində olmalıdır.

- Parisdə və Milanda modelyerin geyimlərinin nümayişi neçəyə başa gəlir?

- Mən bunların hamısını öyrənmişəm. Məsələn, moda həftələrində ən bahalı nümayişlər Paris və Milandır. Orada ən üst kateqoriyalı moda evləri təqdim edilir.Parisdə "Cristian Dior" moda evi, "Chanel" moda evi, "Valentino" və "İv Sen-Loran" moda evləri geyimlərinin nümayişi təşkil edilir. Konkret olaraq moda həftəsində bir moda nümayişinə 70 min avrodan 100 min avroya qədər vəsait sərf olunur. Bu məbləği də yalnız maliyyə qurumları verə bilər. Sadəcə, bu moda həftələrindən sonra artıq bütün dünya bilir ki, bu modelyer hansı istiqaməti, hansı rənglər və çalarları təqdim etdi. Bundan sonra həmin istiqamət, rəng və çalarlar çox reklam olunur. Milan moda həftəsi çox bahalı moda həftəsidir.

- Bəs, yerli modelyerlərin geyimlərinin nümayişi üçün neçə müddət gözləmək lazımdır?

- Hazırda bizim imkanlarımız ancaq festivallar keçirməyə çatır. Moda həftəsi bizim üçün çox böyük rəqəmdir. Varını-dövlətini satıb ora gedə bilərsən, amma lüzumu yoxdur. Çünki orada geyimlərin nümayişindən sonra dünyanın müxtəlif ölkələrindən zəng gələcək ki, mən bu paltardan yüz ədəd istəyirəm. Axı bu yüz geyimin istehsalı üçün gücün olmayacaq. Mən Parisdə festivalda iştirak etmişdim, bu mənə çox şey verdi. Ondan sonra mən bir çox festivallara dəvət olundum. Moda aləminin əsas biznesi sənin gözəl ideyalarının üzərində qurulur. Bir müddət əvvəl Avropa ölkəsindən çox gözəl dəvət almışam. İlk dəfə olaraq moda planeti yaradılır və ora dünyada olan ən istedadlı insanları yığmaq istəyirlər.

- "Fashion TV"də də kolleksiyanın nümayişi üçün böyük sərmayə tələb olunur?

- "Fashion TV"də çəkiliş çox keyfiyyətlidir."Fashion TV"yə ancaq o material düşür ki, onun çəkilişi super səviyyədədir. Tamaşaçını onlar super görüntü ilə cəlb edirlər. Yoxsa mən çoxdan çəkib göndərərdim, ancaq o görüntünü qəbul etməyəcəklər. Burdakı çəkilişi onlar heç yaxına buraxmazlar. Orada keyfiyyətsiz görüntü görmək mümkün deyil.

- Bəs, Azərbaycanda moda kanalının yayımlanması nə dərəcədə realdır?

- Heç şansı yoxdur. Buna əsaslı cavabım var. Bu gün Türkiyədə, Rusiyada "Fashion TV" fəaliyyət göstərir. Ancaq bu tezliyi alacaq iş adamı burdan pul götürməlidir. Bizdə geyim satışı ilə məşğul olan butiklər reklam yerləşdirmirlər. Heç yerli kanallara reklam vermirlər, o ki qaldı "Fashion TV"yə. Bunu belə əsaslandırırlar ki, onların reklama ehtiyacı yoxdur. Bu, inanılmaz bir şeydir. Azərbaycanda moda anlayışının dəyişməsi vacibdir.

- Bu anlayışın dəyişməsi üçün neçə il tələb olunur?

- Mənim 12 ilim getdi. Öz işimlə paralel mən qədər görmüşəm. Bu illər ərzində dəbə münasibət dəyişdi, moda anlayışı yarandı, indi modanı özlərinə peşə kimi seçirlər. Bunlar hamısı əladır, ancaq biznes baxımından hələ çox şey dəyişməlidir. Bu gün Azərbaycanda bir dənə moda jurnalı yoxdur. Bu, anormal bir vəziyyətdir. Niyə dünyanın bütün ölkələrdə çoxsaylı moda jurnalları var, ancaq bizdə bir dənə yoxdur?

 

 

Xatun

 

Ayna.- 2010.- 5 iyun.- S.19.