Erkən nikahların əksəri ayrılıqla nəticələnir

 

 Odur ki, nikah yaşını qaldırmaq təklif olunur

 

Ailə Məcəlləsinə dəyişikliklər məsələsi artıq neçə illərdir müzakirə mövzusudur. Həmin dəyişikliklərin gündəmə gəlməsi də təsadüfi məsələ deyil. Bunlar aparılan təhlillərdən, araşdırmalardan irəli gəlir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciətlər, problemlərlə əlaqədar məsələləri təhlil edən mütəxəssislər hesab edirlər ki, Ailə Məcəlləsində bir sıra dəyişikliklər vacibdir.

Birincisi, nikah yaşının 17-dən 18-ə qaldırılmasıdır. Burada fərqli fikirlər, mövqelər var. Bəziləri hesab edir ki, nikah yaşını 17-dən bir az da aşağı salmaq, 16 yaşa endirmək lazımdır. Bəziləri hesab edir ki, nikah yaş həddi elə olduğu kimi - 17 yaş qalmalıdır. Amma əksəriyyət, o cümlədən Dövlət Komitəsi belə hesab edir ki, nikah yaş həddi 17-dən 18-ə qaldırılmalıdır. "Uşaq hüquqları haqqında" Konvensiyada nikah yaş həddi 18 yaş götürülür.

Komitənin sədr müavini Sədaqət Qəhrəmanova deyir ki, cəmiyyətimizdə baş verən proseslər - qızların erkən nikaha daxil olması, bunun acı nəticələri hər birimizə ciddi siqnal, mesaj olmalıdır: "Deməli, nikah yaş həddini aşağı salmaq yox, əksinə, qaldırmaq daha vacibdir".

Bəzən belə fikirlər irəli sürülür ki, onsuz da qanunun necə qəbul olunmasının əhəmiyyəti yoxdur. Çünki hazırda nikah yaşı 17 olsa da, 16, 15, hətta 13 yaşında ərə verilən qızlar var... S.Qəhrəmanova deyir:

"Bunu anlamayanları ciddi nizam-intizama gətirmək üçün qanunlarımızda, xüsusilə Ailə Məcəlləsində ciddi dəyişiklik etməliyik. Bu gün erkən nikahların acı nəticələri hər kəsə bəllidir. Ailə quran insanlar artıq cəmiyyət qarşısında məsuliyyət daşıyır. Ən azı onlar dünyaya gətirəcəkləri övladlarını hansı formada böyüdəcəklərinə həm mənəvi, həm də fiziki cəhətdən hazırlıqlı olmalıdırlar. Sağlam orqanizmi olmayan gənc ananın dünyaya gətirdiyi övladlar o qədər də sağlam olmurlar və nəticədə qarşılarına çoxlu problemlər çıxır. Bu, məsələnin bir tərəfidir".

Təhlillər göstərir ki, erkən nikaha daxil olan qızların bir çoxu az keçmədən boşanır. Onların çoxunun rəsmi nikahı olmadığından, sadəcə, ayrılır və acınacaqlı vəziyyətdə qalırlar. Komitə rəsmisi deyir ki, o zaman nə qız, nə də oğlan valideynləri həmin qıza havadar çıxırlar:

"Bu zaman aciz qalan qız, gənc ana dövlətə müraciət edir. Dövlətə müraciət edirsə, o zaman dövlət öz qayda-qanunlarını ortaya qoymalı və insanlar da bu qayda-qanunlara riayət etməlidir".

 

 

Banu 

 

Ayna.- 2010.- 5 iyun.- S.16.