"Qala" Qoruğunda festival

 

Dünən "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisində Qala festivalı keçirilmişdir. Festivalda 2500-ə qədər uşaq iştirak etmişdir. Festival xalqımızın zəngin tarixi keçmişini, qədim və mükəmməl məişət ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirildiyi barədə məlumat verilmişdir. Festivalda Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva da iştirak etmişdir.

Festivala qatılan tamaşaçılar Abşeronda ən qədim insan məskənlərindən biri hesab olunan Qalada tarixi keçmişə səyahət imkanı əldə etmişlər. Bu ərazidə III minillikdən başlayaraq XX əsrə qədər tarixi olan kurqanlar, sərdabələr, yaşayış evləri, məqbərələr, məscidlər, hamamlar, qədim qəsrin qalıqları mövcuddur. Vaxtilə Qalada salınmış məhəllələrdən bir neçəsi bu günədək qorunub saxlanılıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə yaradılan açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey kompleksində yerli tarixi və mədəni abidələrlə yanaşı, Abşeron rayonunda aşkar edilən arxeoloji tapıntılar yer alır. Muzey kompleksində eramızdan əvvəl III-II minilliklərə aid yaşayış və digər memarlıq abidələri ilk görünüşdə olduğu kimi qurulub. Tamaşaçılar iki hektar ərazisi olan muzey kompleksində qayaüstü rəsmlər, qavaldaşı, bu dövrü əhatə edən keramika, məişət və bəzək əşyaları, silah və sikkələrlə tanış olaraq, ibtidai yaşayış sahələrini, sənətkar emalatxanalarını gəzmək şansı əldə etmişlər.

Xalq gəzintisi şəklini almış bu festivalda toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini sərgiləyən sənətkarların əl işlərinə tamaşa etmək, iş prosesini izləmək və onun iştirakçısı olmaq mümkün idi. Festivalda qədim etnik adət-ənənələri əks etdirən yarış və mərasimlər, kəndirbaz və pəhləvanların yarışması vardı.

Festival günü tərəvəz, gül, ədviyyat, şirniyyat, quş satışı bazarını gəzmək, təzə bişmiş un məmulatları ilə yanaşı, bal nümunələrinin dadına baxmaq mümkün idi. Qurulmuş çadırlarda tamaşaçılara qədim ənənələrlə hazırlanmış yemək və çay süfrələri təklif olunurdu.

Dünən Heydər Əliyev Fondu və "Təmiz şəhər" ASC-nin birgə layihəsi əsasında "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunda tullantıların idarə olunması layihəsinə start verilmişdir. Layihə qoruq ərazisində tullantıların yığılma, daşınma və zərərsizləşdirilmə sisteminin müasir standartlara uyğun qurulmasını nəzərdə tutur.

"Qala festivalı çərçivəsində iki masaüstü oyunun - "Gənc intellektual" və "Şirvanşahların yüksəlişi" oyunlarının festival günündə təqdimatı olmuşdur. Müasir oyun texnologiyalarından səmərəli istifadə olunmuş bu layihə ilk milli-iqtisadi oyun kimi yeniyetmələrin intellektual bacarığı ilə yanaşı, xalqımızın tarix və mədəniyyətinə marağın artmasına, emosional yaddaşın, bədii düşüncənin, yaradıcılıq qabiliyyətinin inkişafına hesablanmışdır.

"Şirvanşahların yüksəlişi" tarixi-iqtisadi oyunu IX-XIII yüzil Azərbaycan şəhərlərinə əyləncəli səyahət təklif edir. Saray çəkişmələri, yadelli işğalçılara qarşı mübarizələr, təbii fəlakətlər oyunçuların darıxmasına imkan vermir.

 

 

Ayna.- 2010.- 5 iyun.- S.18.