Qətərdə Azərbaycan Mədəniyyəti Günləri
başa çatıb
İyunun 1-dən 3-nə kimi Qətərdə Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi 150 nəfərlik nümayəndə heyəti tədbirdə iştirak məqsədi ilə Qətərin paytaxtı Dohada səfərdə olub. Mədəniyyət günləri çərçivəsində ilk olaraq Müstəqil Kollecdə Qədim Musiqi Alətləri Ansamblı və Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçirilib. Rəsmi açılış mərasimində Qətər Milli Opera Teatrında Akademik Opera və Balet Teatrının quruluşunda "Leyli və Məcnun" operası nümayiş olunub. Açılış mərasimində hər iki ölkənin mədəniyyət nazirləri, Azərbaycanın millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mədəniyyət günləri çərçivəsində Qətərin Mədəniyyət və İrs Nazirliyində Həməd Əl-Kəvari ilə Əbülfəs Qarayev arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişaf səviyyəsinin bugünkü vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Qətərin mədəniyyət və irs naziri Həməd Əl-Kəvari Azərbaycan klassiklərinin əsərlərinin ərəb dilinə tərcümə olunub yayılması ilə bağlı təkliflə çıxış edib və təklif Azərbaycan tərəfindən müsbət qarşılanıb.
Görüşdə eləcə də ilin sonunda hər iki ölkə rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunması
qərara alınıb. Azərbaycan
Mədəniyyət Günləri
iyunun 3-də Qətər
Milli Opera Teatrında böyük konsert proqramı ilə başa çatıb.
Ayna.- 2010.- 5 iyun.- S.18.