Musiqiçilər ailəsi
Bu ailədən bir
vaxt film də çəkilmişdi
Xalq artisti Kamil Vəzirovla
söhbətimizin əvvəlində
öz ailəsinin musiqi bioqrafiyasından başladı. Elə danışırdı ki,
müdaxilə etməyə
lüzum görmürdüm.
O deyirdi:
- Atam Səfərəli Vəzirov o vaxt Azərbaycanda üç qarmonçalan var ilisə, onlardan biri idi. Məni
əvvəl musiqi məktəbinin tar sinfinə
yazdırmışdı. İndi
də tar çalıram,
intahası ki, bizim ailədə beş qardaş
beşimiz də qarmonda çalırdıq.
Qarmon bizim ailəmiz üçün musiqi yolunda bir körpü
oldu. Məndən kiçik qardaşım
- Ədalət Vəzirov
kamança ustası idi. Ramiz qardaşım gözəl
pianoçu idi.
O da mənim kimi Mahnı Teatrında çalışırdı.
Rəşid müəllimin dəvəti
ilə gəlmişdi
bu kollektivə. Babək qardaşım klarnet ifaçısı olub.
Ailədə altı uşaq olmuşuq - beş qardaş,
bir bacı. Bacım Məsumə Vəzirova da pianoda çalırdı.
Amma şərqşünaslığı
bitirib tərcüməçi
oldu.
Maestro Niyazinin təklifi ilə 1967-ci ildə ailəmiz haqqında film çəkilmişdi. Bir dəfə Niyazi
müəllim qəzet
oxuyurmuş və onun diqqətini bir məqalə çox cəlb etmişdi.
Həmin məqalənin
müəllifi, bizim beş qardaşın
oxuduğu musiqi məktəbinin açıq
konsertinə gəlmişdi
və konsertdə beş qardaşın səhnədə bir yerdə çıxış
etməsini görüb
atamıza yaxınlaşıb
demişdi: "Mən
belə bir ailədən yazmaq istəyirəm". Həmin "Bakı" qəzeti Niyazi müəllimin əlinə düşən
kimi, bizim qəzetdəki şəklimizə
baxıb, kinostudiyaya zəng vurur və deyir ki,
Azərbaycanda belə
bir ailə ola-ola siz nəyə
görə bir film çəkib yadigar saxlamırsız? Ata-anamızın bizə böyük zəhməti
oldu.
- Bəs siz necə, övladlarınıza
bu zəhməti çəkdinizmi? Onlardan sənətinizi
davam edirən varmı?
- Mən
övladlarımdan çox
razıyam. Onları özüm tərbiyə
etmişəm və onlar mənim sənət yolumu davam etdirirlər. Bir çox ailələrdə
valideyn bir yolu seçir övladı üçün,
övladsa başqa yol tutur.
Dörd övladım var - üç qızım, bir oğlum. Böyük
oğlum Rəşad Milli Konservatoriyanı bitirib. Xalq artisti
Ramiz Quliyevin tələbəsi olub. İstəmişəm ki,
övladlarıma mən
yox, başqa müəllimlər dərs
keçsinlər. İki
oğlumdan biri balaban, digəri kamançada çalır.
Buna baxmayaraq, idman sahəsini seçiblər.
Qızım pianoçudur,
amma ailə qurandan sonra başı övladlarına
qarışdı və
bu sənəti davam etdirə bilmədi.
- Siz, ümumiyyətlə,
qadının musiqi sənətində olmasına
necə baxırsınız?
- Çox
gözəl. Mənim
bir balaca qız nəvəm var, ona həmişə
deyirəm ki, bir az böyü,
baba sənə oxumaq öyrədəcək.
Səhnəyə babanla
bir yerdə çıxıb oxuyarsan.
Bir də görürsən, sənətçilərdən
kimsə deyir ki, istəmirəm övladım bu sənət yolunu seçsin, səhnəyə
çıxıb oxusun.
Bu düzgün fikir deyil. Deməli, sən özün doğru yolda deyilsən ki, övladını bu yolda görmürsən.
Bizim böyük
sənətçilərdən tanıdıqlarım var ki, istəyiblər övladları bu sənət yolunu davam etsinlər. Bəlkə övladları
bunu istəməyib, o
artıq başqa mövzudur.
- Bəzən valideynlər
6-7 yaşlı uşaqlarını
musiqi məktəbinə
yazdırmağa aparanda
müəllimlərə belə
deyirlər: "Uşağımızla
ciddi məşğul
olun, biz istəyirik ki, övladımız bu sənətdə parlasın". Adətən
belə hallarda uşaqlarda təzyiq və məcburiyyət üzündən musiqiyə
qarşı nifrət
yaranır, bu isə, məncə, artıq faciədir. Sizcə, valideyn belə ciddi qərarı uşağın
yerinə verə bilərmi? Uşağın
buna meyli yoxsa, onu zorla
musiqiyə calaşdırmaq
nə dərəcədə
düzgündür?
- Mənə
görə, mütləq
uşağa 12 yaşınacan
sərt üslub olmalıdır, onu dərs oxumağa, musiqi ilə məşğul olmağa
məcbur etmək lazımdır. Sonra özü özünü
dərk edəcək və yolunu seçəcək. Mən
Milli Dram Teatrının
yaxınlığında olan
6 nömrəli musiqi məktəbinin tar sinfində
oxuyurdum. Təsəvvür
edin ki, evdən çıxan kimi dərsə tar çala-çala gedirdim,
Dərsdən evə qayıdanda da elə. Yəni bu qədər bağlı idim musiqiyə.
- Bugünkü toylardan
razı və narazı qaldığınız
məqamlar hansılardır?
- Toy ənənəvi
mərasimdir. Yaxşı
ki, çox yerdə qədim və zəngin adətlərimiz qalır.
Bir vaxt şəhərimizdə bu
qədər şadlıq
sarayı yox idi.Hər kəs öz həyətində çadır qurardı. Hazırda toyları avropalaşdırmağa çalışırlar,
bu, sözsüz ki, müvəqqəti haldır. Çünki bizim camaat xalq
musiqisini seçir. İndi toylarda ya gərək çalasan hamı oynasın, ya da dayanasan ki,
hamı dayansın. Amma bir də
görürsən, qəşəng
bir hava çalıram, hamı oturub qulaq asmaq
istəyir. "O olmasın
bu olsun"da deyir: "Ay kişi, toyuğu qoy bir kənara, qulaq as gör nə deyir". Sözsüz ki, yeməknən bərabər
dinləmək düzgün
gəlmir. Keçmişdə
toy məclislərində əvvəl
yemək yeyərdilər,
sonra çay masasının qarşısında
əyləşib xanəndələrə
qulaq asardılar.
- Bu gün sənət
aləmində qeyri-peşəkarların
sayı artdıqca zövqlər korlanır. Bəs peşəkar olan Kamil müəllim
bu sənətdən umduqlarını qazanıb?
- Qazanmışam,
amma zəhmətnən,
xalqa xidmət edərək qazanmışam.
Bu xalq çox böyük mədəniyyət
sahibi olduğu üçün qeyri-peşəkarları,
sadəcə, yola vurir, qəbul etmir. Amma həmin
qeyri-peşəkarların olması
biz peşəkarları daha
da ucaldır xalqın gözündə.
Bir dəfə kinostudiyadan Rəşid müəllimə zəng
vurub "Arşın
mal alan" adlı ikinci film barədə sual verirlər, o da cavab verir:
"Nə deyim, ikinci variant birinci variantı daha da ucaltdı".
- Siz Rəşid
Behbudov kimi korifeylə çalışmısınız.
Onu necə xatırlayırsınız?
- Bir dəfə İncəsənət
Universitetində oxuyanda
o vaxt rektor olan Rahib Hüseynovun
yanına arayış
üçün getmişdim.
Dedi ki, sən bura gəlməyə
bilərsən, bura institutdur, sənsə akademiyanı bitirmisən.
Soruşdum, hansı akademiyanı? Qayıtdı:
"Rəşid Behbudov
akademiyasını".
Rəşid müəllim
özünə qarşı
çox tələbkar
olub. "
Sevinc İSMAYIL
Ayna.- 2010.- 5 iyun.- S.19.