Ələsgər Məmmədov: "Mənə verilən rolları heç kim oynamaq istəməyib"

 

Aktyor rejissorları serial çəkməyə səslədi

 

Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədov kinodakı işsizlikdən şikayətlənir. Bir neçə filmdəki obrazlarla yadda qalan aktyor son illər kinoya dəvət almır.

"Elə aktyorlar tanıyıram ki, 5-6 obrazdan sonra xalq artisti adı alır, sonra da onu prezident təqaüdçüsü edirlər. Amma 30 ildən bəri səhnədə olmağıma, bu qədər də obraz yaratmağıma baxmayaraq, adımı çəkən də yoxdur. Əslində, teatrların səhnəsi gənc aktyorlarla aşıb-daşmır. Qazanc az olduğundan gənclər daha çox şoumenliyə, müğənniliyə meyillidirlər. Dublyaj redaksiyalarının da öz seçmə aktyorları var. Televiziyalar dublyaj redaksiyalarında bəzən öz aparıcılarından istifadə edirlər, aktyora heç ehtiyac da qalmır".

Televiziya kanallarının daha çox şouya meyilli olduqlarından şikayətlənən müsahibim teatrlaşdırılmış verilişlərin çox az olduğunu dilə gətirdi:

"15 il öncə bir-birinin ardınca maraqlı tamaşalar çəkilərdi. Bu gün onların yerini restoranların hay-küyü tutub. Adi bir şair ya müğənni özünə ildə iki dəfə yaradıcılıq gecəsi keçirir. Gənc aktyorlar da pul qazanmaq adı ilə həmin gecələrə can atırlar. Əsl sənət yaddan çıxıb. Bizim teatrda çalışan aktrisalardan əksəriyyəti müğənniliklə məşğuldur. Son vaxtlar kişilərdə buna meyillilik artıb".

Təkliflə çıxış edən aktyor üzünü rejissorlara tutub teleserial çəkməyi məsləhət gördü. Çünki Azərbaycan dünyada serial qıtlığına görə sonuncu yerləri tutur. Əgər serial çəkilərsə, həm gənc, həm işsizlikdən bezən aktyorlar öz sənətləri ilə məşğul olarlar. Aktyor təəssüflə qeyd etdi ki, rejissorlarımız teatra gəlib tamaşalarına baxmırlar:

"Amma əvvəl aktyorları teatrlardan, onların rollarını izlədikdən sonra seçirdilər. Bu gün isə müxtəlif kinolarda eyni aktyorlar iştirak edir. Bu bir tərəfə. Müğənnilər rol almaqda aktyorları üstələyib. Hansı bayram verilişinə baxırsan, müğənnilər həm oxuyur, həm səhnəciklər göstərirlər".

Təzadlı aktyor ömrü yaşayan Ələsgər Məmmədov oynadığı rolları da asan əldə etməyib. Əksər obrazları ona o vaxt veriblər ki, hansısa aktyor həmin roldan imtina edib. Yenə həvəsdən düşməyən aktyor həmin obrazları uğurla oynayıb:

"Sənətdə olduğum illər ərzində mənə yalnız Əliabbas Qədirov dayaq olub. Elə gün olub ki, sənətdən tamamilə uzaqlaşmaq istəmişəm. Amma aktyor dostumun məsləhətləri mənə həmişə kömək olur".

 

 

Xatun

 

Ayna.- 2010.- 5 iyun.- S.20.