Brilyant Dadaşova: "Seda Sayan görün nə qədər pul qazanıb ki?.."

 

Bizimkilər isə az gəlirlə ayaq üstə güclə dayanırlar

 

İddia edilir ki, son illər Azərbaycan şou-biznesində irəliləyiş var. Avropa ilə, Türkiyə ilə ayaqlaşmasalar da, bir qədər yaxınlaşdıqlarını deyirlər. Xalq artisti Brilyant Dadaşova həm yerli, həm də Türkiyə şou-biznesində olduğundan onun müşahidələrini və bu iddianın nə dərəcədə gerçək olduğunu öyrənməyə çalışdıq.

- Mən yeniliyi sənət adamının geyimlərində, klip çəkdirməyində görmürəm. Yenilik musiqidə, ərsəyə gələn mahnının aranjimanında olmalıdır. Hərdən yeni adda mahnılar eşidirəm və bu mənə köhnə musiqiləri xatırladır. Bu təkrarçılıqları mən yenilik olaraq qəbul etmirəm.

- Neçə il öncə konsert rəqabətləri başlamışdı. Bir sənətçi 2 günlük konsert verəndə, başqa biri bu rəqəmi 3-ə, 4-ə qaldırırdı. Hətta 6-7 günlə sarayın səhnəsində konsert "rekord"ları vuranlar oldu. Son müşahidələrimizdə isə sükut var. Konsertlər tükənir, hətta süjetli yeni klipləri belə efirdə az-az görürük.

- Sənətə gələnlərin çoxu şou-biznesin nə olduğunu bilmədikləri üçün özlərini təkrarlamaqla təsdiqləmək istəyirlər. Vaxtilə biz sarayda konsert proqramları təqdim etməyə başladıq və bir müddət sonra konsertlər dəbə düşdü. Hətta belə bir fikir yaranmışdı ki, sənətçinin özünütəsdiqi konsertlərin sayına bağlıdır. Beləliklə, sənətçilər arasında konsert rekordçuluğu rəqabəti başladı. Biri dedi "lap 88 gün konsert verə bilərəm". Özlərini, qeyd etdiyim kimi, müğənni olaraq təsdiqləmək istəyirdilər.Amma bir müddət sonra anladılar ki, bunun heç bir önəmi yoxdur. Sənətçinin karyerasında konsert gündəmi ən uzağı ay yarım təyin edə bilər. Yəni onun haqqında danışacaqlar, qəzetlər və saytlar yazacaq və s. Əslində isə sənətçiyə kütlə arasında tələbat varsa, konserti qonorar xatirinə verir. Onu sevən tamaşaçı istər-istəməz konsertə pul xərcləyir. Doğrudur, mən də konsert üçün pul xərcləmişəm ki, şəhərdə reklam lövhələri vurulsun və s. Amma xatırlaya bilmirəm ki, dəvətnamə ilə 2000 seyrçini saraya toplayım. Onsuz da televiziyalarda mənim musiqili çıxışlarım olur, xalq konsertlərində təmənnasız oxuyuram. Bilet almağa maddi imkanı olmayanlar məni belə də dinləyə bilirlər. Mən konsertlərimi heç vaxt rekord iddiası ilə təqdim etmədim. Tamaşaçı məni dinləmək üçün kassaya üz tutub, biləndə ki, konsertə hələ bir neçə gün qalmış bütün biletlər satılıb, onda məcbur olub yalnız bir gün artırmışıq.

Mən bütün konsertlərdən pul qazanmışam. Sizin bir az əvvəl dediyiniz konsertlərdə isə yalnız pul xərclənib. Çünki dinləyici konsertə gəlmək üçün bilet almır, ona dəvətnamə verilir, reklama, dekorasiyaya, zalın icarəsinə pul xərclənir. Buna böyük məbləğdə pul tələb olunur. Bu işi də sponsorlar həyata keçirir. Amma çoxgünlük konsertləri fonoqrama ilə 10 gün, lap bir ay da yola vermək olar. Canlı ifaya potensial bir və ya iki gün yetə bilər. Fonoqram ilə nə qədər istəyirsən konsert ver, atlan-düş... Dünya böhran dönəmini yaşadığı üçün indi "çoxgünlük" konsertlər müşkülə düşüb. Çox müğənnilər efirdə gizlətmir ki, konsertə külli miqdarda pulu gedib. Amma axı o, konsertindən pul qazanmalıdır. Bütün dünyada bu belədir.

- Onların əsas gəlir mənbəyi toylardır. Bir günlük toydan 10 min manat götürən sənətçilər var. Amma bu qonorarın qarşılığında maraqlı bir yaradıcılıq işi ortaya qoya bilmirlər.

- Yetimin Allahı yoxdur? Nə yaxşı ki, bizdə xalq məclisləri, yəni toylar var. Əslində isə müğənni pulu çəkildiyi reklamdan, televiziya proqramından, konsertlər, disklərin satışından qazanmalıdır.Bunların heç biri olmadığı üçün yeganə gəlir mənbəyi toylar qalır. Albomların satış aqibəti daha acınacaqlıdır. Külli miqdarda pul yatırılır, bir müddət sonra piratların buraxılışında satışa çıxarılır. Ünvanı təqdim edilən nömrəyə zəng vurursan, telefon ömrü boyu susur. Elə bil disk qaranlıq bir dünyadan, naməlum bir obyektdən çıxıb gəlib. Bir də baxırsan ki, aylar, bəzən illərlə çəkdiyin zəhmət başının üstündən kiminsə mədəsinə yağlı tikə kimi ötürülür. Müəllif baxa-baxa qalır. Bir misal çəkim. Türk sənətçisi Seda Sayan son bir ildə 2 milyon dollar vergi ödəyib. Sadalayır ki, reklam şirkətindən qazandığı puldan, televiziya kanalı ilə bağladığı birillik müqavilədən, bir-iki filmdən, jurnallara müsahibəsindən, qeyd edim ki, bir jurnaldan 30 min, digərindən 50 min dollar alıb müsahibə verib və fotoları çəkilib və bunların müqabilində də 2 milyon dollar vergi ödəyib. Görün nə qədər qazanıb ki, bu qədər vergi ödəyib? Biz nədən qazanırıq, sizin dediyiniz kimi, toylardan... Bizimkilər bu cüzi gəlirlə güclə ayaq üstə dayanırlar. Çünki sənətin tələbləri çoxdur. Əgər bir aranjimana 4-5 min manat pul ödəyirsə, bir klip çəkilişi üçün 15 min manat tələb olunursa, bir toydan qazandığın 8-10 min manat bunların hansına yetməlidir? Bu pul çox ehtiyaclara sərf olunur. Eyni zamanda, ailə dolandıranlar var.Adi bir mahnını meydana çıxarmaq üçün bir neçə proseslərdən keçir. Bunun hamısı pul deməkdir. 10 il əvvəl yeni mahnı bir sintezatorun imkanları çərçivəsində aranjiman olunurdusa, bu gün insanlar fərqli, yeni musiqilər eşitmək istəyir. İndiki sənətçilər istəyir ki, mahnı yazılarkən 20 skripkaçı çalsın. Mənim "Masal dünyam" albomundakı kimi. Hələ digər alətləri demirəm. Hamısı pul tələb edir. Bir sözlə, burada yeni iş görmək üçün qazandığın pulları ancaq yaradıcılığa xərcləməlisən. Böyük işlər üçünsə daha böyük pullar lazımdır.

- Bir müddət əvvəl İstanbulda sizin qonağınız olan vizajist Ruxa adi gününüz barədə danışıb və deyib ki, Brilyant xanımla aş bişirdik, mətbəxdə gözəl təamlar hazırladıq. Amma sizin mətbəx bacarığınızı görmədiyim üçün bu bir qədər təəccüblü gəldi.

- Mənim nəinki mətbəxdə çalışmağa həvəsim və vaxtım var, hətta İstanbulda mətbəx teleproqramlarının heç birinə getmirəm. Doğrusu, buna heyifsilənmişəm ki, Azərbaycanın milli yeməkləri ilə bağlı nəsə deyə bilərdim. Bu mənim bilgimin olmamasına dəlalət etmir. Bilirəm, sadəcə, bişirmirəm. Günüm çox gərgindir. Əvvəla, səsimin işləməsi üçün normalda 8 saat yuxu yatmalıyam. 4-5 saat yatmaqla yuxudan doyan insan deyiləm. Mütləq yuxum normada olmalıdır. Yuxudan sonra idmanım başlayır, daha sonra studiya işləri, mahnıların məşqləri... Eləcə də oğlumun qayğıları ilə harada olmağımdan asılı olmayaraq, hər saat məşğul oluram. Yeməyini yedimi, dərsdən gəldimi və s. Günümü yalnız bu işlərə ayıra bilirəm. Ümumiyyətlə, mən mətbəx üçün yaranmamışam. Hələ balacalığımdan evdəkilər məni mətbəxə yaxın buraxmırdılar, bütün işləri özləri görürdü. Yadıma gəlir ki, böyük qız idim və bir dəfə xalam oğlu məndən çay istədi, nənəm isə israrla, "Yox, yox. O özünü yandırar" dedi.Xalam oğlunun təəccüblə dolu simasını hələ də unuda bilmirəm, deyirdi, "bu boyda qız çay süzə bilməyib, özünü yandıracaq?". Yeməkləri çox sevirəm, amma elə bir zəmanəyə gəlib çatmışıq ki, bunun üçün mütləq mətbəxdə olmaq lazım gəlmir. Qonaqlıqlar, restoranlar, toy məclislərində artıq yemək ehtiyacını ödəmək olur. Yeri gəlmişkən, bu dəqiqə müğənni Abbas məni gözləyir.

- Yemək üçün?

- Hə. Neçə dəfə zəng vurub məni qonaq dəvət edib. Deyir ki, "özüm əlimlə yemək bişirmişəm", mənsiz yemək istəmir. Ümumiyyətlə, mənim mətbəxdə də görünməyim bir qədər haqsızlıq olardı. Çünki sənətlə bağlı olan bir günlük tələbatlar enerjimi kifayət qədər alır. Əgər mətbəxə də girəsi olsam, bu qədər işin içində inanın, başımı itirrəm. Elə müğənnilər var ki, çiy musiqini aranjimançıya verir və bir də hazır olanda gedib götürür. Məndə belə deyil. Mən ta əvvəldən sona kimi prosesdə iştirak edirəm. Mənim çalışdığım aranjimançı həm də bəstəkardır. Deyir, "Azərbaycan mahnılarını dəyişdirməyini başa düşürəm. Bəs öz mahnılarımı niyə dəyişdirirsən mənə?".Bu məndən asılı deyil. Hər işimə tələbatla yanaşıram.

- Budəfəki gəlişinizdə yeni saç imiciniz neçə illər əvvəlki Brilyant xanımı xatırlatdı. Bunu belə qəbul etmək olar, yoxsa təsadüfi bənzətmədir?

- Dediyiniz əvvəlki saç düzümlərini İstanbulda edirdim. Amma konkret olaraq bu dəfə köhnə dəbi düşünəmişəm. Saç düzümümü tez-tez dəyişirəm. Bir ara qara rəngə boyatmışdım, sonra qırmızıya, sonra kök rənginə dəyişdim. Bu rəng vaxtilə saçlarımda olduğundan, sizə nəyisə xatırlada bilər. Bu yeni ildə bir şəkil çəkdirmişdim, o da mənə institut illərini xatırlatdı. Albomdan Zülya (Zülfiyyə Xanbabayeva) ilə olan şəklimi yanaşı qoydum və oxşarlığı hiss etdim. Elə bil eyni zamanda çəkilmişdi.

- Mətbəxlə aranızın olmadığını bildik. Bəs bayram şirniyyatları bişirmək həvəsiniz necə?

- Yadıma gəlir ki, hələ kiçik yaşlarımda olarkən Bakı camaatı şəkərburanı naxışlamaq üzrə yarışırdılar. Bildiyiniz kimi, mən Bakı kəndlərində böyümüşəm. Bir bayramı Buzovnada, bir bayramı Mərdəkanda, birini Balaxanıda olmuşuq. Həmişə də şəkərburanı maqqaşlayan qızlar əl qabiliyyətlərini göstərirdilər. Mən də iddialı qızlar sırasında idim. Sünbül naxışlarım hamının diqqətini çəkirdi. Həm də şəkərburanın kənarını bükməyi xoşlamışam. Amma paxlava və qoğaldan fərqli olaraq, şəkərburanı sevməmişəm. Bir də düşbərə bükməyi çox sevirəm. Bir söz var - iddialılar deyirlər ki, bir qaşığa 12-sini sığışdırıram. Mənim bükdüyüm düşbərələr çox balaca olur. Lap 12-si bir qaşığa sığacaq qədər...

 

 

Z.RƏHİMQIZI

 

Ayna.- 2010.- 12 iyun.- S.21.