Şəkidə "İpək
yolu" Musiqi Festivalı
6 günə çox zəngin proqram
Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 27-dən iyulun 2-dək Şəki şəhərində "İpək yolu" I Beynəlxalq Musiqi Festivalı keçiriləcək. 5 gün davam edəcək festival iyunun 27-də axşam saatlarında Şəki Xan Sarayında Q.Qarayev adına Kamera Orkestrinin Konserti ilə başlayacaq. Qurumun mətbuat katibi bu barədə "Ayna" qəzetinə danışarkən bildirib ki, festivalın ertəsi gün Kiş kəndindəki Alban məbədində Azərbaycan Bəstəkarlar İttifaqının "Oazis" Simli Kvartetinin təqdimatı, irəliləyən saatlarda Yuxarı Karvansarayda Koreya folklor ansamblının konserti təqdim ediləcək:
"İyunun 29-da səhər saatlarında ABİ-nin "Oazis" Kvarteti Şəki Musiqi Kollecində ustad dərsi keçəcək. Həmin gün "Sarı gəlin" Norveç-Azərbaycan ansamblının Şəkinin Kiş kəndindəki Alban məbədində çıxış edəcəyi nəzərdə tutulub. Axşam saatlarında isə Şəki Xan Sarayında Şəki və Bakı kollektivlərinin iştirakı ilə "İpək yolu" I Beynəlxalq Musiqi Festivalının təşkili münasibəti ilə qala-konsert keçiriləcək".
Mətbuat əlaqələndiricisi qeyd edib ki, Azərbaycan Bəstəkarlar İttifaqı heyətinin Şəki ziyalıları ilə görüşü də planlaşdırılıb. Görüşün tarixi iyunun 30-na nəzərdə tutulub. Həmin gün axşam Azərbaycan Dövlət Opera və Balet Teatrının kollektivi Yuxarı Karvansarada dahi Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" və Müslüm Maqomayevin "Şah İsmayıl" operalarından səhnələr nümayiş etdirəcəklər. Festivalın sonuncu günü - iyulun 1-də Azərbaycan Dövlət Televiziyasının Xor Kollektivi S.Rəhman adına Şəki Dövlət Dram Teatrında musiqisevərlərin görüşünə gələcəklər.
Qeyd edək ki, "İpək yolu" I Beynəlxalq Musiqi Festivalı iyulun 1-də Şəki Xan Sarayında AzTV-nin Simfonik orkestri, Xor Kollektivi və solistlərin iştirakı ilə baş tutacaq təntənəli bağlanış konserti ilə öz işini başa vuracaq.
Z.RÜSTƏM
Ayna.- 2010.- 12 iyun.- S.20.