Sənubər Bağırova: "Aşıq musiqisinə münasibəti dəyişmək
gərəkdir"
Muğamı isə dünyaya tanıda bilmişik
Sənətşünaslıq
namizədi, YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə
eksperti Sənubər Bağırova hesab edir ki, aşıq
musiqisinə münasibəti dəyişməyə ehtiyac var.
Sənətşünasla söhbətimizə onun gördüyü işlərdən
başladıq. Sənubər
xanım deyir:
- 30 ildən
artıqdır mən Azərbaycan xalq musiqisinin -
muğamların, aşıq sənətinin öyrənilməsi
və təbliğiylə məşğulam. 2002-ci ildə mən
YUNESKO-nun qeyri-maddi irs sektorunun tapşırığı ilə
YUNESKO-nun Dövlətlərarası Komitəsi
üçün Azərbaycan muğamı üzrə fayl
hazırladım və 2003-cü ildə muğam YUNESKO-nun
"bəşəriyyətin şifahi və qeyri-maddi mədəni
irsinin şah əsərləri" siyahısına daxil
edildi. Onu da qeyd edim ki, YUNESKO-ya muğam sənətinə dair
elmi materialları təqdim etmək üçün mənim
cəmi 4 həftə vaxtım vardı və mən bu
müddət ərzində səhər 8-dən, gecə 4-ə
qədər kompüter önündə namizədlik
faylını hazırlayırdım. Amma əməyim
heçə getmədi və muğam YUNESKO-nun
siyahısına düşdü.
2008-ci ildə Mədəniyyət
və Turizm Nazirliyinin tapşırığı ilə yenə
də YUNESKO-nun Dövlətlərarası Komitəsi
üçün Azərbaycan aşıq sənəti üzrə
Fayl hazırladım, bu iş də uğurla nəticələndi.
2009-cu ildə aşıq sənəti YUNESKO-nun Təmsiledici
siyahısına daxil edildi. Aşıq sənəti üzrə
Faylın hazırlığı ərəfəsində
görülən tədbirlər çərçivəsində
Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə mən
2008-ci ildə aşıq sənətinin çağdaş
problemlərinin ictimai müzakirəsi üçün "dəyirmi
masa" təklif etdim, eləcə də Azərbaycan
aşıqlarının Beşinci Qurultayının
keçirilməsində iştirak etdim.
Elmi fəaliyyətimin
illəri ərzində mən muğam və aşıq sənəti
üzrə yerli və xarici nəşrlərdə onlarca
iş dərc etdirmişəm, "Azərbaycan
muğamı" adlı ikicildlik kitabımı çapdan
buraxmış, dəfələrlə nüfuzlu beynəlxalq
simpoziumlar və konqreslərdə elmi məruzələrdə
çıxış etmiş, eləcə də xarici
universitetlərdə (ABŞ, Böyük Britaniya, Tayvan) Azərbaycan
musiqisi üzrə mühazirələr oxumuşam. 2009-cu ildə
Mədəniyyət və Turizm Nazirliyinin təklifiylə mən
"Muğam aləmi" Birinci Beynəlxalq Bakı
festivalının təşkilində elmi simpoziumun koordinatoru
kimi iştirak edərək, Simpoziumun elmi mövzusunu və
proqramını tərtib etdim və dünyanın 40-a
yaxın ən tanınmış alimlərini, musiqi jurnalistlərini
və menecerlərini bu simpoziumda iştiraka cəlb etdim. Mənim
təklifim və iştirakımla BBC radio korporasiyası 2007 və
2008-ci illərdə London radiosunda Azərbaycan xalq musiqisi
haqqında ingilis dilində səslənən üç 60 dəqiqəlik
veriliş hazırlamışdır. 2008-ci ildən 2010-cu ilədək
mən Böyük Britaniyada və Avstraliyada muğam
yazılarını daşıyan iki kompakt disk, Parisdə isə
aşıq musiqisi antologiyası buraxmışam.
Mənim təşəbbüsüm
və rəhbərliyimlə 2009 və 2010-cu illərdə
Parisdə Azərbaycan aşıqlarının konsertləri
keçirilmişdir. Mən dəfələrlə xarici alimlər,
musiqiçilər və prodüserlərlə öz
professional əlaqələrimdən istifadə edərək,
Azərbaycan musiqiçilərinin xaricdə konsertlərini, eləcə
də onların Böyük Britaniya, ABŞ, Almaniya, Fransa,
Avstraliya, Yeni Zelandiya və dünyanın digər ölkələrində
nüfuzlu beynəlxalq festivallarda iştirakını təşkil
etmişəm.
- Muğam musiqimiz haqqında fikirlərinizi öyrənmək
bizə maraqlı olardı...
- Bir dəfə mənə
sual vermişdilər ki, siz necə sübut edə bilərsiz
ki, muğam sırf Azərbaycan musiqisidir, axı İranda və
bir sıra ölkələrdə də muğamlar oxunur və
bu musiqi onlarda da mövcuddur. Mən bu suala cavab verdim ki, hər
bir xalqın öz dili olduğu kimi, musiqidə də hər
xalqın öz dili, öz obrazlar aləmi və emosional təbiəti
var.
Muğam unikal, ilahi
musiqidir, ciddi, klassik sənətdir; o, yüksək mənəviyyat
daşıyır. Bu ilahiliyi özünün daxilində
açmaq, başqalarına çatdırmaq hər kəsə
nəsib olmur. Necə atalar sözündə deyilir "Hər
oxuyan Molla Pənah olmaz", düşünürəm ki, eləcə
də hər muğam ifaçısı əsl sənətkar
sayıla bilməz. İndi çoxları
düşünürlər ki, xanəndə zil səslə
oxuyanda və xeyli zəngulə vuranda, yaxşı xanəndədir.
İfaçılıq sənətinin inkişafı, onun
inkişafı, onun professional səviyyəsi dinləyici
kütləsinin bədii zövqü və tələbləri
ilə sıx bağlıdır. Tələbkar auditoriya səviyyəli
sənətkarların yetişməsinə bais olur. Təsadüfi
deyil ki, bizim sənətkar-ifaçılarımız xaricdə
konsert verməyə üstünlük verirlər.
1922-1923-cü illərdə
Üzeyir Hacıbəylinin təşəbbüsü və rəhbərliyi
ilə muğam tədrisi sisteminin təməli qoyulmuşdu. İndi
bizim muğam ifaçılarımızın həm not
savadı, həm də musiqinin tarixindən və nəzəriyyəsindən
xəbərləri var. Bu yaxınlarda musiqiçilərimiz
Avstraliyada festivalda iştirak etdilər və orada bir tədbirdə
notla çalmaq lazım deyildi. Mən fəxrlə
müşahidə edirdim ki, bizim muğam
ifaçılarımız xarici musiqiçilər arasında
səviyyəli, savadlı musiqiçilər kimi xoş təsir
bağışladılar.
- Bəs aşıq sənəti?..
- Aşıq musiqisinin də
YUNESKO siyahısına salınması bizim üçün
çox vacib idi. Fəqət bu gün aşıq sənətində
vəziyyət elə də yaxşı deyil. Doğrudur,
aşıq sənəti xalq tərəfindən hədsiz
sevilir. Bizim aşıqlarımız çox
istedadlıdır və onların xaricdə - İranda, Tərkiyədə,
Avropada, Amerikadakı çıxışları həmişə
bəyənilir, uğurla nəticələnir. Lakin bu sənətin
bir sıra problemləri var. Aşıqların ümumi savad səviyyəsi
və peşəkar musiqi təhsili zəifdir. Onların musiqi
təhsili hələ sistem xarakteri almamışdır. Burada
köklü islahatlara ehtiyac var. Aşıqların əksəriyyəti
işsizdir. Yaşlı nəslin maddi durumu yaxşı deyil.
Ümidvaram ki,
aşıq sənətinin YUNESKO siyahısına düşməsi
onun inkişafına müsbət təsir göstərəcək
və yenidən çiçəklənməsinə təkan
verəcək.
Sevinc İsmayıl
Ayna.- 2010.- 12
iyun.- S.19.