Azərbaycanlı rəssamın əl işi jurnalistə təqdim edildi

 

Teymur Taştəkinin çəkdiyi portret Uğur Dundara qismət oldu

 

İstanbulda Vəfa liseyində keçirilən mərasimdə azərbaycanlı rəssam Teymur Taştəkinin çəkdiyi Uğur Dundar portreti Türkiyənin məşhur televiziya jurnalistinə təqdim edilib. Türk mətbuatının yazdığına görə, lisey şagirdləri arasında keçirilmiş rəy sorğusunda "İlin ən yaxşı televiziya jurnalisti" mükafatı Star TV kanalının xəbər koordinatoru Uğur Dundara verilib. Dundar mükafatı alarkən sürprizlə qarşılaşıb. Belə ki, Qərbi Azərbaycan mənşəli türk rəssamı Teymur Taştəkin səhnəyə çıxaraq yağlı boya ilə çəkdiyi Uğur Dundar portretini məşhur jurnalistə təqdim edib. Mərasimdən sonra mətbuata açıqlama verən Teymur Taştəkin ata-babalarının indiki Ermənistan coğrafiyasından gəlib Türkiyənin Ərdahan vilayətinə yerləşdiklərini deyib:

"Yaradıcılığımda Qars-Ərdahan bölgəsinin tarixi yerlərinə çox önəm verirəm. İstanbulda yaşayan azərbaycanlı rəssamlarla yaxın dostluğum var. Azərbaycan mənim ana vətənimdir. Orada bir müddət qalıb tablolar çəkmək istəyirəm. Bu ilin sonlarında Ankarada, gələn ilin martında isə Belçikada sərgim olacaq. Ondan sonra Azərbaycanda sərgi açmaq istəyirəm". Qeyd edək ki, İstanbuldakı Vəfa liseyi 1872-ci ildə yaradılıb. Liseyin məzunları arasında Türkiyənin Dövlət Himninin sözlərinin müəllifi Mehmet Akif Ərsoy, Türkiyədə təhsil islahatının memarı Həsən Əli Yücəl, məşhur yazıçı Peyami Səfa, jurnalist Uğur Dundar, komediya ustaları Kamal Sunal və Şənər Şən var.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Türkiyənin Antalya şəhərində keçirilən gül festivalında Azərbaycanı təmsil edən dekorativ sənət rəssamı Raymonda birincilik qazanıb. Azərbaycan Rəssamlar İttifaqının katibi, əməkdar rəssam Ənvər Qarayevin məlumatına görə, 8 ölkə rəssamının iştirak etdiyi beynəlxalq gül festivalında Azərbaycanı təmsil edən Raymondanın güllərdən düzəltdiyi Azərbaycan xalçası qələbə qazanıb. Rəssam Azərbaycan xalçası üzərində Azərbaycanın və Türkiyənin də bayraqlarını əks etdirib və bu, münsiflərdə xüsusi maraq doğurub. Festivalın sonunda azərbaycanlı rəssam xüsusi mükafat və fəxri fərmanla təltif olunub.

 

 

XATUN

 

Ayna.- 2010.- 12 iyun.- S.19.