"İnstrumental muğam" not kitabı təqdim olundu

 

Toplu 10 ilin bəhrəsidir

 

Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq namizədi Arif Əsədullayevin "İnstrumental muğam" not kitabının təqdimatı keçirildi. Xalq artisti, professor Ramiz Zöhrabovun elmi redaktoru olduğu 168 səhifəlik kitabda müəllifin nota saldığı "Rast", "Şur", "Zabul Segah", "Cahargah", "Bayatı-Şiraz", "Şüştər", "Humayun" instrumental muğamları ətraflı şəkildə, not halında oxuculara təqdim olunub.

Tədbiri açıq elan edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə Arif Əsədullayevin bu təşəbbüsünü yüksək qiymətləndirib:

"Təsadüfi deyil ki, Arif müəllimin ailəsi həyatını kamançaya həsr edib. Onun xanımı, xalq artisti Şəfiqə Eyvazova böyük sənətkar kimi ölkəmizin hüdudlarından kənarda da tanınır. Qızı Mehri xanım da həyatını kamança ilə bağlayıb. Bakıya gələn xarici qonaqlar kamançanın səsinə, tembrinə heyran olurlar, onun ifa texnikasına yiyələnməyə çalışırlar. Mən kamançanın səsinin sehrinə düşüb "Habilsayağı" əsərini bəstələmişəm".

Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq namizədi Cəmilə Həsənova A.Əsədullayev instrumental muğamları nota salarkən ağır məsuliyyətli işin öhdəsindən məharətlə gəldiyini vurğuladı. Milli Konservatoriyanın professoru, sənətşünaslıq namizədi Fəttah Xalıqzadə isə kitabın müəllifinin muğamları nota salarkən bir ifaçı kimi min illərin o tayından gələn ifaçılıq ənənələrinə sadiq qaldığını qeyd etdi.

"Muğam elə bir sənətdir ki, çərçivədən çıxmamaq şərtilə mahir sənətkarlar özünəməxsus xallarla onu gözəlləşdirirlər. Bu mənada muğamları nota salmaq çox çətindir. Çünki hər bir sənətkarın ifasında muğamın onun özünəməxsus ifası var. Ona görə Arif Əsədullayevin bu işini alqışlamaq lazımdır" - deyə akademik Vasim Məmmədəliyev bildirib.

Tədbirin davamında xalq artisti Şəfiqə Eyvazova, xanəndə Qəzənfər Abbasov gənc kaman ifaçısı Mehri Əsədullayevanın çıxışları dinlənilib.

Qeyd edək ki, kitabın ərsəyə gəlməsi üçün A.Əsədullayev 10 ilə yaxın böyük əmək sərf edib. Kitaba müraciət edən mütəxəssislər giriş bölməsinin şərhlərindən muğam dəstgahları, onların növləri, daxili hissələri ən görkəmli ifaçıları barədə dəqiq məlumat ala bilərlər. Müəllif muğamları nota salarkən tonallıq məsələsinin düzgün həllini tapmış, milli musiqi alətimiz olan tarın kökünü əsas götürmüşdür.

 

 

Z.RƏHİMQIZI

 

Ayna.- 2010.- 12 iyun.- S.20.