"Borçalı
dünən, bu gün və sabah"
Bəlli problemlər və anlaşılmayan
yanaşma
Media mərkəzində
bu adda kitab təqdim olundu. "Borçalı dünən, bu
gün və sabah" kitabında yer alan araşdırmalarda
90-cı illərin əvvəllərindən bizə məlum
problemlərin hələ də qaldığı aydın
olurdu.
Toplantıda ardınca Gürcüstanın
cənub-şərq regionunda azərbaycanlıların sıx
yaşadıqları Kvemo-Kartlidə (Borçalı) humanitar
vəziyyətin müzakirəsi aparıldı (Turan).
"Körpü",
"Borçalı", "Qeyrət" qeyri-hökumət
təşkilatlarının fəalları bu yaxınlarda
regionda keçirilmiş bələdiyyə seçkilərini
qiymətləndirərkən bildirdilər ki, azərbaycanlıların
tarixən çoxluq təşkil etdikləri Borçalı
bölgəsində özünüidarəetmə
orqanlarında gürcü milliyyətindən olanlar bir qayda
olaraq çoxluq təşkil etmişlər. Erməni əhalinin
çox olduğu Samsxe-Cavaxetiya yaşayış məntəqəsində
isə bələdiyyəyə seçilənlərin 90%-ni
ermənilər təşkil edib.
Borçalıda təhsil
sahəsində vəziyyət pisləşir, məktəblər
boşalır, yeni müəllim yoxdur, Azərbaycanın Təhsil
Nazirliyi ali məktəb məzunlarını bu regiona göndərmir.
Bu göstərici üzrə müqayisə bizim ölkəmizin
xeyrinə deyil. Gürcüstanın Təhsil Nazirliyi isə hər
il Qax və Balakəndəki gürcü məktəblərinə
humanitar fənlər üzrə 10 müəllim göndərir.
İctimai xadimlər
Eyvaz Borçalı, Adilxan Abdullayev və digərləri Azərbaycan
hökumətini Gürcüstan hökuməti ilə birlikdə
bu ölkədəki azərbaycanlı əhalinin humanitar
müşkülləri üzrə tədbirlər planı
işləyərək onu tətbiq etməyə
çağırırlar. Bu əsasən Gürcüstan-Azərbaycan
birgə müəssisələrinin yaradılmasını,
yaşayış məntəqələrinin tarixi
adlarının qaytarılmasını, yolların bərpasını,
iki ölkə arasında sərhəd nəzarətinin sadələşdirilməsini,
kənd təsərrüfatı məhsullarının xaricə
daşınmasına icazə verilməsini, Azərbaycan dilində
regional qəzetlərin bərpasını və s. nəzərdə
tutur.
Bu toplantıda
anlaşılmayan odur ki, Gürcüstan demokratik ölkədir,
azərbaycanlıların mövcud problemlərinin çoxu bu
ölkə qanunları çərçivəsində öz
həllini tapa bilər. Belə anlaşılır ki, orada sadəcə
bu işləri görə bilən adamlar
çatışmır. Mövzunu Bakıda
vaxtaşırı qaldıranlar isə özlərini mediaya
xatırlatmağa ehtiyac duyan əslən gürcüstanlı
Azərbaycan vətəndaşlarıdır.
Ayna.- 2010.- 12 iyun.- S.18.