I Şah Abbasın saray tarixçisinin əsəri çapa hazırlanır

 

Söhbət Şahin Fazilin tərcüməsindən gedir

 

Orta yüzillər Azərbaycan tarixinin ən qiymətli qaynaqlarından biri - Azərbaycan tarixçisi İsgəndər bəy Türkmanın məşhur "Tarixi-aləmaraye-Abbasi" ("Aləmi bəzəyən Abbasın tarixi") adlı salnaməsi şərqşünas alimlərimizdən, tarix elmləri doktoru, professor Şahin Fazil tərəfindən orijinaldan tərcümə olunmuşdur və "Şərq-Qərb" nəşriyyatında çapa hazırlanır. Buna neçə illər vaxt sərf etmiş hörmətli alim böyük zəhmətin məhsulu olan bu əsəri lütfkarlıq edərək elektron variantda oxumaq üçün bu sətirlərin müəllifinə verdi və İsgəndər bəy Türkman zəkasının məhsulu olan bu tarixi abidənin möhtəşəmliyinə bilavasitə şahid oldum.

Hazırlanan nəşrin redaktoru Y.Mahmudov, rəyçilər V.Məmmədəliyev, V.Piriyev, T.Cahangirov kimi görkəmli alimlərimizdir.

İsgəndər bəy Türkman (1560-1634) I Şah Abbasın (hakimiyyət illəri - 1587-1629) sarayında münşi vəzifəsində xidmət etmiş, bir çox səfərlərdə hökmdarı müşayiət etmiş və gördüyü, bilavasitə şahidi olduğu, münasibət bildirdiyi hadisələri qələmə almışdır. Əsər farsca qələmə alınmışdır, baxmayaraq yer-yer türkcə kəlmə və ifadələrə rast gəlinir. İsgəndər bəyin özü barədə bəlli olanlar budur ki, çox dərin təhsil görübmüş, türk dili ilə yanaşı fars və ərəb dillərini mükəmməl bilir, riyaziyyatla məşğul olubmuş, gözəl xəttatlığı və şairliyi varmış. Klassik ədəbiyyata, o cümlədən Nizami və Xaqani yaradıcılığına dərindən aşina imiş.

Orijinalda əsər üç cilddən (iki kitabdan) ibarətdir. Birinci cilddə Səfəvilər sülaləsinin ilk illərindən başlanmış, I Şah Abbasın 1616-cı ilə qədər, ikinci kitabda isə 1616-cı ildən başlamış Şah Abbas 1629-cu ildə vəfat edənə qədərki dövrün hadisələri təsvir edilir.

İsgəndər bəy Türkman səfəvilərin tarixini, onların şəcərəsini lap kökdən izləyərək Şah Abbasın vəfatına qədər gətirir və bu kitabı onun oğlu Şah Səfinin hakimiyyəti illərində tamamlayır. İsgəndər bəy I Şah Abbasın heyranıdır, onun hakimiyyətini ideallaşdırır. Onu ədalətli, qurucu, fateh və ağıllı dövlət adamı kimi səciyyələndirir. Vaxtilə qonşu gürcülər Şah Abbas haqqında yazdıqları kitablarda və çəkdikləri filmlərdə onu qəddar və zalım bir hökmdar kimi təqdim edirdilər və indi də qonşularımızın arasında bu fikir hakimdir. İsgəndər bəy isə onun bir çox sərt rəftarlarının mahiyyətinə varır və bəlli olur ki, bir çox hallarda Şah Abbas tələb olunan tədbirlərə baş vurmuşdur və onu təqsirləndirmək doğru olmazdı.

Dönəmin başqa bir tarixçisi - Oruc bəy Bayat kimi İsgəndər bəy Türkman da səfəvi hökmdarlarının şəcərəsini şiə imamlarından Museyi-Kazıma və ondan o yana dördüncü xəlifə Həzrət Əliyə aparıb bağlayır.

Bəlli olur ki, fars dilində qələmə alınmış bu qiymətli qaynağın tərcüməsinə hələ keçən yüzilin 50-ci illərində tarixçi Əbülhəsən Rəhmani tərəfindən təşəbbüs edilmiş və bu müəllif əsərin tərcüməsini başa çatdıra bilməyib. Onun qələmindən çıxan 196 səhifəlik mətn mövcuddur. Ə.Rəhmaninin bu əsərə dair monoqrafiyası 1960-cı ildə Bakıda rusca nəşr olunmuşdur. Daha sonra bu önəmli işə fars dilini mükəmməl bilən Oqtay Əfəndiyev və N.Musalı, eləcə də Şahin Fazil kimi alimlərimiz təşəbbüs etmişlər. AMEA-da belə hesab edilir ki, hər iki tərcümə ayrılıqda çap olunmalıdır. Çünki tərcümədən tərcüməyə fərq var.

Təəccüblü görünən budur ki, belə qiymətli mənbə indiyədək bizim dildə ortaya çıxarılmayıb. Lakin necə deyərlər, heç olmamaqdansa, gec olması yaxşıdır.

 

 

İsmayıl UMUDLU

 

Ayna.- 2010.- 12 iyun.- S.18.