Moskvada Cəmil Həsənlinin növbəti
kitabı nəşr olundu
Görkəmli tarixçi, millət vəkili Cəmil Həsənlinin "Azərbaycan Demokratik Respublikasının xarici siyasəti - 1918-1920" kitabının birinci cildi Moskvada "Flint" və "Nauka" nəşriyyatlarında çapdan çıxmışdır. Müəllifin "Turan" agentliyinə bildirdiyinə görə, tezliklə kitabın 2-ci cildi də işıq üzü görəcəkdir. Müəllifin bildirdiyinə görə, 3-cü cild daha sonrakı dönəmi əhatə edir və başqa müəlliflər tərəfindən yazılacaqdır.
Birinci cilddə Güney Qafqazdakı hadisələr - fevral inqilabı, istiqlalın elan edilməsi, erməni separatçıları ilə mücadilə və 1920-ci il aprel çevrilişi ilə bağlı hadisələrin fonunda xarici siyasət məsələləri işıqlandırılır.
Cəmil Həsənli Azərbaycan, Rusiya və Qərbi Avropa ölkələrinin arxivlərində fasiləsiz işləyən tarixçilərimizdən biridir və öz əsərlərində indiyə qədər elmi dövriyyəyə daxil olunmayan mənbələrə isnad edir ki, bu da onun işıqlandırdığı mövzuların dəyərini artırır. Bu monoqrafiya 2000 nüsxə ilə çap edilmişdir.
Təqdir ediləsi haldır ki, son illərdə azərbaycanlı tarixçilər Rusiya arxivlərində axtarışlarını, Rusiyanın elmi auditoriyası ilə əməkdaşlığı xeyli fasilədən sonra bərpa ediblər və bir sıra dəyərli əsərlər Moskvada bir-birinin ardınca işıq üzü gördü. Bu işlər barədə bizim qəzetdə resenziyalar dərc olunmuşdur. Bu çalışmaların nəticəsidir ki, artıq Rusiya alimləri ADR tarixinə baxışda tutmuş olduqları əvvəlki yanlış mövqelərindən çəkilməkdədirlər və Azərbaycanın istiqlal tarixinə daha real yanaşmağa başlamışlar.
Rusiyanın elm çevrələri ilə daha sıx əlaqələr qurmağı
bacarmış alimlərimiz sırasında Cəmil Həsənli ilə yanaşı, Musa Qasımlı, Aydın Balayev, Eldar İsmayılov kimi tanınmış tarixçi alimlərimizin bir sıra dəyərli işlərini qeyd etməliyik.
Ayna.- 2010.- 12 iyun.- S.18.