Sevən ata Saturna çevriləndə

 

Çingiz Abdullayevin bu kitabı azərbaycanca təqdim olundu

 

Bakı Kitab Klubunda xalq yazıçısı Çingiz Abdullayevin "Saturnun tövbəsi" kitabının təqdimatı keçirildi. Bu kitabı ruscadan Təbəssüm Muxtarova tərcümə edib. Qeyd edək ki, "Saturnun tövbəsi" Təbəssüm Muxtarovanın Çingiz Abdullayevdən tərcümə etdiyi sayca 5-ci kitabdır.

Kitabın fəlsəfəsi Qədim Roma mifologiyası ilə izah edilir: Saturn anasının təhriki ilə övladlarına nifrət edən atası Uranı öldürür onun yerinə hakimiyyətə keçir. İndi özü övladlarından qorxmağa başlayır və onları diri-diri gəmirib udur. Əsərin qəhrəmanı Solaxay ləqəbli killerdir. Burada bir sıra hadisələr sevən atanın sonda Saturna çevrilməsinə gətirib çıxarır.

Tərcüməçi Təbəssüm Muxtarova dedi ki, Çingiz Abdullayevin kitablarını tərcümə etmək o qədər çətin deyil, çünki onun çox asan başa düşülən dili var. Problem jarqonlarda və oğru dilinə xas ifadələrdə yaranır, lakin bu problemin öhdəsindən müəllifin köməyi ilə gəlinir. Yazıçı özü də bu tərcümə variantını oxuduğunu və bəyəndiyini deyir. "Bəyənməsəydim, çapına izin verməzdim", - deyə bildirdi.

Çingiz Abdullayev bu əsəri İspaniyada iyirmi günə yazıb qurtardığını söylədi. Yazıçı üçün çox maraqlıdır ki, onun saysız əsərləri işıq üzünə çıxaraq bir çox dillərə tərcümə olunsa da, bu əsərin rus, gürcü və fransız dilinə tərcümələrinin təqdimat mərasimləri keçirilmişdir. Müəllif bunun sirrini anlamaqda çətinlik çəkdi. Bu əsərdə ən vacib fikir odur ki, ər və arvad boşanırsa, ana övladına ataya nifrət hissi aşılamamalıdır. Ən azı övlad ataya hörmət hissi bəsləməlidir. Hörmət hissi olmayanda bu işin sonu faciəyə gəlib çıxır. Yazıçı dedi:

"Bəzən mənə deyirlər ki, sən detektiv yazmırsan. Bizi aldadırsan, deyirsən detektivdir, ancaq əslində sosial problemləri işıqlandırırsan. Bəlkə də bu doğrudur. Ola bilsin ki, bu kitab məhz bu xüsusiyyətinə görə maraqlıdır".

Bəlli olur ki, Çingiz Abdullayev kitab piratlarından əziyyət çəkir, onun əsərlərini tirajlayıb bundan pul qazananlar var. Yazıçı mətbuata açıqlamasında şikayətlənir ki, Azərbaycanda kitab piratlığı geniş yayılıb və bununla lazımınca mübarizə aparılmır. Yazıçı bu məsələdə Rusiyanı misal gətirir və həmin ölkədə bu məsələnin qanuni qaydada həllini tapdığını deyir.

Yazıçı Azərbaycanda nəşr olunan kitablarından gəlir götürmədiyini, bu gəlirin Qarabağ Cəmiyyətinin fonduna köçürüldüyünü qeyd edir.

 

 

Ayna.- 2010.- 12 iyun.- S.18.