Vaqif Səmədoğlu - bütün zamanların şairi
O, sadəcə Vaqif
Səmədoğlu deyil
Zamanın
sınağından çıxa biləcəyəmmi?
Ayağımı zamanın cızığından kənara qoymağa cəsarətim çatacaqmı? Yoxsa zamanın sözəbaxan övladı olaraq qalıram? - şairəm deyə əlinə
qələm götürüb meydana çıxan hər kəs özünə
bu sualı verməlidir. Bunda bir
fayda vardır. Çünki
cavab verə bilmədikdə o kəs bəlkə başqa
bir işin qulpundan yapışar və o
sahədə daha müvəffəq
olardı. Bir yaradıcı insana professional qiymət
vermək istəyən kəs də onun ərsəyə
gətirdiklərinə bir qayda
olaraq bu rakursdan göz yetirir.
Vaqif Səmədoğlu
yaradıcılığına müraciətən
"Şair və Zaman" toplusunun qayəsi də bu suallara
həm özü üçün, həm də Şairin əvəzinə
onun üçün cavab tapmaqdır. Yenicə işıq
üzü görmüş bu topluda sualları qoyan da, ona
cavab tapmağa çalışan da bu bənzərsiz
şairimizin yaradıcılığına daha yaxşı bələd
olan şairin ömür-gün yoldaşı Nüşabə
Babayeva-Vəkilovadır.
Nüşabə
xanımın öz düşüncə süzgəcindən
keçirərək tərtib etdiyi bu topluda Vaqif Səmədoğlu
barədə məqalələr, onunla müsahibələr,
haqqında deyilənlər, məktublar, fotolar, çap
olunmuş əsərlərinin siyahısı bu suallara cavab
tapmaqda müəllifə yol göstərir. Akademizmdən uzaq
olan bu topluda yetmişi aşırmış şairimizin bu
vaxtadək yaratmış olduğu məhsulların keyfiyyətini
əyani şəkildə müəyyənləşdirmə
cəhdi də var, köməkçi vasitə olan - kəmiyyət
(deyək ki, əsərlərinin siyahısı) də var.
"Mən nə
dünənin, nə bugünün, nə də sabahkı cəmiyyətin
şairiyəm. Sadəcə Vaqif Səmədoğluyam.
Yazılarımda dəyərli fikir varsa, maraqlı obraz
yaratmışamsa, yəqin ki, hər zamanın Şairi
olacağam" - Vaqif Samədoğlunun öz
yaradıcılığına gerçəkçi qiyməti
belədir.
Nüşabə
xanım Vaqif Səmədoğlu şeirlərini ilk dəfə
hələ gənclik illərində qəzet səhifələrində
oxuyub. Sonra tale elə gətirib ki, ömür yolu ilə
yanaşı addımlamalı olublar. Amma indi Vaqif öz
uşaqlığından, gəncliyindən canlı, məzəli
və kədərli söhbətlər edəndə
özünü həmişə Orada görür.
Nüşabə xanımın nəzərində Vaqif
ömrü "həyat yoluyla yaradıcılıq yolunun
bir-birinə calandığı, hörüldüyü"
bir Şair ömrüdür.
Bu kitabı tərtib edərkən
Vaqifin arxivini gözdən keçirməli olduqda,
tanıdığı Vaqiflə "yenidən tanış
olur" və anlayır ki, bütün bu materiallar
yığını ilə Vaqif kimisini "tam" tanımaq
mümkün deyil. Bunun səbəbini onda görüb ki,
"Vaqif Səmədoğlu öz içinə
ömürlük sürgün edilmiş Şair və
İnsandır. ...Vaqif Səmədoğlu XX əsrin ikinci
yarısında Azərbaycanın ictimai-fikir tarixini, mədəniyyətini
yaradanlardan, sovet ideologiyasının hakim olduğu dövrdə
fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməklə
ədəbi yüksəkliyə qalxaraq, Azərbaycan oxucusunu
başqa, onunçün özgə, yeni bir aləmə -
Totalitar Şüuru alt-üst edən Poeziya Aləminə
aparan və öz iç mübarizəsində
İstiqlalını, müstəqilliyini qazanan birincilərdəndir".
Çox
görmüşəm ki, Vaqif Səmədoğlu şeirini bəyənməyənləri
"niyə?" - deyərək suala tutanda, onun Vaqifi
heç vaxt bir əməlli-başlı mütaliə etmədiyi
üzə çıxmışdır (amma nədənsə
şeirdən-şairdən söz düşəndə
hamı onun barəsində "nəsə" söyləmək
istəyir). Vaqifin bir şeir toplusunu oxumağa imkan
tapanların isə xoş bir heyrət içində
olduqlarını, o gündən onun heyranına çevrildiklərini
az görmədim. Bizlər kimi Nüşabə xanım da
Vaqif Səmədoğlu şeirinin çox zamanlar
üçün yaşarı qalacağına inanır. Nüşabə
xanım hələ on il
öncə yazmışdı:
"İllər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək,
zövqlər öz rəngarəngliyini saxlayacaq. İnsanların mənəvi tələbatı
artacaq. O öz daxili aləmini zənginləşdirmək üçün
bu və ya hansısa sənətkarın yaradıcılığına,
onun yaratdığı
aləmə müraciət
edəcək. Və mən əminəm ki, gələcəyin insanının seçdiyi,
sevdiyi aləmlər içərisində bütün
zamanların tələblərinə
cavab verən, həmişə müasir
qalan Vaqif Səmədoğlu Dünyası
əvəzsiz olacaq...".
Nüşabə
xanımın gəldiyi və bizim də çoxdan bəri
bölüşdüyümüz bu fikirlə yəqin hər
kəs razılaşar ki, Vaqif Səmədoğlu tək
öz zamanını yaratmadı, öz şeirləri ilə
zamanı qabaqlamağı da bacardı. Onu fərqləndirən
və hələ çox yaşadacaq özəllik də,
bizcə, məhz bu idi. "Şair və Zaman" isə
bunun hesabatıdır.
İsmayıl Umudlu
Ayna.- 2010.- 19 iyun.- S.18.