Üzeyir Hacıbəyli:
açılmamış səhifələr
Tədqiqatçı-alim, professor Şirməmməd Hüseynov "Üzeyir Hacıbəyli: nəşrlərdən kənara qoyulmuş, ixtisar və redaktə edilmiş nəşrləri" adında bir kitab tərtib etmiş və bu kitabın təqdimat mərasimi keçirilmişdir. Kitaba Ü.Hacıbəylinin indiyə kimi nəşr edilən kitablarına bu və digər səbəblər üzündən salınmayan əsərləri daxil edilib. Bu əsərlərdə erməni-azərbaycanlı, Rusiya-Azərbaycan münasibətlərinə, 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyəti ilə bağlı məsələlərə toxunulur.
Tarixçi alim, millət vəkili Cəmil Həsənli bu əsərləri "qiymətli tarixi mənbə" kimi dəyərləndirir və bir çox hadisələrin səbəb və motivlərinə aydınlıq gətirdiyini deyir. C.Həsənli öz həmkarını "nadir tədqiqatçı" kimi dəyərləndirir.
Deputat Sabir Rüstəmxanlı da bu əsərin Azərbaycanın istər ədəbi, istərsə də tarixi həyatı üçün önəmi olduğunu qeyd etmişdir.
Yeni kitaba Ü.Hacıbəylinin indiyə kimi dərc edilməyən 163 məqaləsi daxil edilmişdir. Bu 233 səhifəlik kitab "Elm" nəşriyyatında çap edilmişdir. Ş.Hüseynov Demokratik Respublikanın qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı çoxillik tədqiqatlarının nəticəsi olan yeni kitabı gələn il oxucuların ixtiyarına verəcəyini söyləmişdir.
Ayna.- 2010.- 19 iyun.- S.18.