Dəryadan
bir damla
Azərbaycan şairləri Pakistanda ingiliscə təqdim
olunub
Azərbaycan
şairləri Pakistanın ədəbiyyat sərraflarına
ingiliscə təqdim olunub. "Azərbaycan
şairləri" ("Poetry of Azerbaiyan") almanaxı
paytaxt İslamabadda "Leaf Publications" nəşriyyatında
nəfis şəkildə çap olunmuşdur. Səfir Eynulla Mədətlinin tərtib
etdiyi bu toplu "Dəryadan bir damla" ("A Dror in the
Ocean") adlanır, topluya ön sözü də səfir
özü yazmışdır. Kitaba "Azərbaycan şairləri:
Ənənə və müasirlik" adlı giriş
sözü isə professor İsa Həbibbəylinin qələmindən
çıxmışdır.
Almanaxın oxucuları
bunun ardınca xalq yazıçısı Elçinin
"Kitabi-Dədə Qorqud" haqqında məqaləsi təqdim
olunur. Təqdim olunan bədii örnəklərə gəldikdə,
almanaxda pakistanlı oxucular əvvəlcə ədəbi-bədii
irsimizin önündə gələn "Kitabi-Dədə
Qorqud"dan parçalarla tanış olurlar.
Topluda Qətran Təbrizidən
başlayaraq bu günün şairlərindən Lamiyə Səfərovayadək
o taylı, bu taylı Azərbaycanın 82 şairindən
seçmələr təqdim olunur. Sonda
bayatılarımızdan örnəklər verilir.
Çağdaş
şairlərimizdən ən çox Səməd Vurğun, Rəsul
Rza, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Vaqif Səmədoğlu,
Ramiz Rövşən, Fikrət Qocaya yer verildiyini
görürük. Görünür, onların
yaradıcılığı tərcüməçiləri
daha çox özünə cəlb etmişdir.
Yeri gəlmişkən,
bizim şairləri ingiliscəyə tərcümə edənləri
minnətdarlıqla qeyd etməyi lazım bilirik. Onlar həm
klassikaya, həm də bizim günlərin şairlərinə
müraciət etmişlər. Məsələn: Tom Botting (Qətran
Təbrizi, Xaqani, Vaqif, Məmməd Rahim, İbrahim Kəbirli,
Nəbi Xəzri), Gladyı Evans (Məhsəti Gəncəvi,
Şah İsmayıl, Zakir, Cavid, Səməd Vurğun, Mirmehdi
Seyidzadə, İslam Səfərli, Əli Tudə, Mədinə
Gülgün, Qabil), Olqa Moiseyenko (Nizami, Mirzə Fətəli
Axundov, Müşfiq, Osman Sarıvəlli, Balaş Azəroğlu),
Artur Chkarovcky (Həsənoğlu, Qövsi, Saib), İrina
Zheleznova (Nəsimi, Füzuli, Əhməd Cəmil).
Tərcüməçi
Eugene Felgenhauer milli şeirimizdən Heyran xanım,
Aşıq Ələsgər, Vahid, Süleyman Rüstəm,
Hüseyn Arif, Nəriman Həsənzadə kimi isimləri
seçmişdir. Luis Zellikoff isə Zeynal Xəlil və Bəxtiyar
Vahabzadə şeirlərinə üz tutmuşdur.
Dorian Rottenbergin əhatə
dairəsi daha genişdir. Onun aşıq
yaradıcılığına daha çox önəm
verdiyini görürük (Qurbani, Aşıq Abbas, Vidadi, Xəstə
Qasım, Vazeh, Natəvan, Seyid Əzim, Sabir, Abbas Səhhət,
Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir,
Mirzə Əli Möcüz, Nigar Rəfibəyli, Ənvər
Əlibəyli, Tələt Eyyubov, Zeynal Cabbarzadə,
Aşıq Hüseyn Cavan, Adil Babayev, Hökumə Billuri,
Söhrab Tahir, Əliağa Kürçaylı, Fikrət
Sadıq, Tofiq Bayram).
Alison Mandaville (Hamlet İsaxanlı), Peter Tempest (Rəsul
Rza), Aynur Hacıyeva (Əhməd Cavad, Sabir Rüstəmxanlı),
Aytən Əliyeva (Almas Yıldırım), Gülnar Aydəmirova
(Əhməd Cəfərzadə) kimi tərcüməçilərdən
isə bir-iki örnək verilir. Bəzi şairlərimizin təqdim
olunan örnəklərinin isə kim tərəfindən tərcümə
olunduğu göstərilməyib.
İsmayıl
Ayna.- 2010.- 19 iyun.- S.19.