Möhsün Sənani - 110
Onu xatırlayanlar üçün
Milli
teatrımızın görkəmli isimlərindən
Möhsün Sənanini unutmayanlar üçün bu gün
onun 110 illik yubileyidir. 1900-cü il iyunun 19-da Tiflisdə
dünyaya göz açıb, 11 fevral 1981-də Bakıda
dünyadan köçən bu unudulmaz aktyor öz
adını Azərbaycanın teatr və kino tarixinə həkk
edə bildi. Teatr və kinosunda silinməz izlər qoydu.
Möhsünün hələ
yeniyetmə yaşlarından musiqi alətlərində
çalmağa, oxumağa marağı varmış, o
zamanın həvəskar truppalarında əvvəlcə
sözsüz, sonra isə sözlü uşaq rolları
oynamışdır. Beləliklə, 1915-ci ildən 1920-ci ilə
kimi Tiflis Müsəlman Teatrında çalışır.
Sovetləşmədən az sonra - 1920-ci ilin mayında Azərbaycan
Dövlət Teatrı "yenidən təşkil edilir" və
bu vaxtlar artıq yaxşı tanınan Möhsün Sənani
baş rejissor A.İ.Şərifzadənin təşəbbüsü
ilə bu teatra qəbul olunur. Bakı səhnəsində diqqəti
cəlb etməyə başlayır.
1929-1939-cu illərdə
M.Sənani Dağıstan Xalq Maarif
Komissarlığının dəvəti ilə Mahaç-Qala
teatrlarında çıxış etmiş, bir müddət
avar milli teatrının bədii rəhbəri olmuşdu.
Sonra yenidən Bakıya
qayıdır və Dövlət Akademik Dram Teatrında fəaliyyətini
davam etdirir. Möhsün Sənani o vaxtdan ömrünün
sonuna qədər fasilələrlə bu sənət
ocağında çalışmışdı.
Onun sənət yoluna dərindən
bələd olan sənətşünasların gətirdikləri
rəqəmə görə, Möhsün Sənani
bütün yaradıcılığı boyu 200-ə qədər
rol oynamışdır. Bunlar öz xarakterləri etibarilə
bir-birindən fərqlənən, müxtəlif ictimai-siyasi
dövr və hadisələrlə bağlı obrazlardır.
Dramatik rollar oynamaqla yanaşı, onda güclü yumor-məzhəkə
istedadı, cəldlik, çeviklik, aydın diksiya, gözəl
səs vardı və bunlar bütövləşərək
Möhsün Sənani istedadını təcəssüm
etdirirdilər.
Möhsün Sənani
50 il ərzində həm müasir, həm də klassik əsərlərdə
yaratdığı həmin o yaddaşlardan silinməz obrazlara
diqqət edək: Nəbi ("Qaçaq Nəbi"), Eldar
("Vaqif"), Həsənağa ("Əcz həkimi"),
Mehdi ("Uzaq sahillərdə"), Qoçu Əsgər
("Məşədi İbad"), Toğrul
("Yaşar")... Yaxud kinofilmlərdən bizə
yaxşı tanış olan obrazlar - "Səbuhi",
"İsmət", "Kəndlilər", "Bakılılar"...
Arxiv sənədlərindən
görürük ki, Möhsün Sənani həm də
gözəl təşkilatçı idi, Azərbaycanın
rayonlarına yollanmış, yerli teatrların təşkilinə
bacardığı köməyi əsirgəməmişdir. Müntəzəm
olaraq sənaye müəssisələrində, kənd əməkçiləri
qarşısında, hərbi hissələrdə
çıxış edirdi. Möhsün Sənani deyərmiş:
"Mən yaratdığım obrazları həyatda
axtarıb tapır və həmin adama bənzəməyə
çalışıram".
Belə deyirlər ki,
Möhsün Sənanini xalqa sevdirən onun sənətə
olan böyük məhəbbəti idi. Ona
tapşırılmış işə məsuliyyət hissilə
yanaşdığı, öz işini sevə-sevə yerinə
yetirdiyi söylənir.
Lalə AĞAYEVA
Ayna.- 2010.- 19 iyun.- S.20.