Oqtay
Mirqasımov: "Özəl filmlər zövqümə cavab vermir"
Amma kütləyə
qarşı da çıxa bilmir
"Yerli kino səsyazma
avadanlıqları günün tələblərinə cavab
vermir. Bunlar o qədər köhnəlib ki, işləmək
mümkün deyil. Bu səbəbdən kinonun bəzi işlərini
ölkədən kənarda aparmaq məcburiyyətindəyik.
Çalışdığımız stereosistem bir qədər
zaman aparan prosesdir. Mənim ekranlaşdırdığım
sonuncu "Günaydın, mələyim" filmindəki
rolların iştirakçılarının səsləri
burada yazılıb və xaricdə səhnələrə
görə uyğunlaşdırılıb. Çünki 50 nəfər
aktyor heyətini xaricə aparmaq mümkün deyildi. Kinoda hələ
də bu kimi problemlər tam həllini tapmayıb" - bu
sözləri kinorejissor Oqtay Mirqasımov deyir.
Kinorejissor Azərbaycanda
film çəkməyi çox
çətin proses bilir. Bunun da başlıca
səbəbi məlum
avadanlıq məsələsidir.
Xaricdə isə bu proses asan
başa gəlir. O.Mirqasımov bütün
problemlərin həllini
tapacağına ümid
edir:
"Fikrimcə,
proses eyni zamanda kadrların yetişdirilməsi üzərində
davam etdirilməlidir. Çünki yeni avadanlığı köhnə
təcrübə ilə
işlətmək olmaz.
Bunun da öz məktəbi var. Onu da əlavə
edim ki, xaricdəkiləri bizimkilərdən
həm peşəkarlıq,
həm də bunun müqabilində qazandıqları məvacib
fərqləndirir. "Günaydın,
mələyim"i səsləndirmə
prosesində bir dəfə də olsun "yox, mümkün deyil" ifadəsini eşitmədim.
İş prosesi zamanı nümunəvi kadrlar gördüm.
Düşünürəm ki, bizdə texnika ilə işləyən kadrları, assistentlərm,
inzibatçıları Rusiya
və digər ölkələrə təcrübə
kurslarına göndərməyə
ehtiyac var. Biz durğunluq
illərində çox
şeyi itirdik. Sovetlər Birliyi dağılandan sonra kadrların çoxu kinonu, hətta Azərbaycanı tərk etdi. Bəziləri dünyasını, bəziləri
peşəsini dəyişdi.
Gənclər daha çox telekanallara meyil göstərməyə
başladılar. Hələ
klip çəkənləri
demirəm. Bu, ayrıca
bir dramdır. Böyük yaradıcı
planlarla sənətə
gələn gənc kadrların əksəriyyəti
bir neçə ildən sonra arzusunu kiçik klip kadrları səviyyəsində məhdudlaşdırmaq
məcburiyyətində qaldılar".
Söhbətin davamında
özəl filmlərin
keyfiyyətinə toxunan
Oqtay Mirqasımov bildirdi ki, bu
adda ekrana çıxarılan filmlər
onun zövqünə
cavab vermir. Kinorejissorun fikrincə, mövzunu faciəyə çevirən məqamlardan
biri də müğənnilərin kinoya
meyil göstərməsidir.
Onun fikrincə, qeyri-peşəkarın özünü
böyük ekran işində sınaması
və sonradan aktrisa adlandırılması
acı gülüş
doğurur. Bugünkü
özəl filmlərin
rejissor imzası altında hansı adların yazılması isə həmsöhbətimi
daha çox narahat edən məqamlardandır:
"Özəl
filmləri yaradan insanlara sadə bir sualla yanaşmaq
istəyərdim. Onların
kinodakı inkişaf prosesi harada keçib? Eyni zamanda qeyd etmək
istəyirəm ki, məsuliyyət yükünü
televiziya əməkdaşları
da daşıyırlar.
Çünki istənilən
özəl film çox
asanlıqla ekrana yol tapa bilir
və insanların evinə qonaq olur. Ümumiyyətlə,
televiziya işçiləri
zövq məsələsini
düşünürlər, yoxsa yox? Əgər
düşünürlərsə və bu filmlər
televiziyanın iqtisadi
marağına cavab verirsə, onda bundan da böyük
səbəbkar var. O da
kütlədir. Əgər
reytinq göstəricisi
bu cür filmlərin üzərində
köklənibsə, biz adi
sözlərlə heç
nə edə bilməyəcəyik. O zaman
daha ciddi düşünməli və
gələcəyin tamaşaçısını
hansı meyarlar üzərində tərbiyə
etməyin yollarını
aramalıyıq. Çünki
"Oqtay Mirqasımov
bu cür filmlərə baxmır, hətta baxanda ürəyi bulanır"
deməsi heç nəyi həll edə bilməz. Mən kütləyə qarşı çıxa bilmərəm".
Oqtay Mirqasımovun
son fikirləri ilə
bağlı daha bir kino xadiminin
mövqeyini öyrənmək
istədik. Kinorejissor Eldar Quliyev öncə
vurğuladı ki, istənilən sənət
işinə tamaşaçı
qiymət verir. Sənətçinin həmkarı
haqqında və ya onun yaradıcılıq
işi barədə söz söyləməsi
nəticə deyil. Əgər filmi tamaşaçı qəbul
edirsə, deməli, onun haqqında yaxşı sözlər danışmaq olar:
"Ümumiyətlə
isə, özəl filmlərin çəkilməsinin
əleyhinə deyiləm.
Amma kiminsə ideal
film çəkə biləcəyi
barədə proqnoz verməsinə heç vaxt inanmaram. Əgər belə bir fikrə düşən olsa, çox təəssüflənərəm.
Çünki çəkiləcək
filmin hansı sonluqla tamamlanacağını
əvvəlcədən deyə
bilmərik".
Bütün dünyada
özəl filmlərə
marağın olduğunu
vurğulayan kinorejissor
bunun Azərbaycan üçün də vacib amil olduğunu
söylədi. Eldar müəllimin fikrincə,
kadr məsələsi
filmlərin keyfiyyətinə
təsir göstərir:
"Bizdə
prodüser anlayışı
hələ də yerini tapmayıb. Prodüser pul paylayan kimi başa
düşülür. Əslində
isə bu peşənin daşıyıcısı
önəmli vəsilədir,
yəni filmin rəhbəri sayılır.
Tamaşaçının nəyi
istədiyini prodüser
bilir və bu xətt üzrə
də filmini çəkir. Lakin dünənki və bugünkü kadrların çoxu yerlərini bilmirlər. Əvvəllər
film çəkməzdən öncə həvəskar
tamaşaçılarla görüş
keçirir, onların
mövqeyini əvvəlcədən
öyrənməyə çalışırdıq.
Əksər filmlər
tamaşaçı marağı
üzərində çəkilib.
Lakin indi ənənələr dəyişib.
Rejissoru tamaşaçı
fikri maraqlandırmır.
Misal çəkim, əgər "Arşın
mal alan" filmini tamaşaçı qəbul
etməsəydi, bu günə qədər sevilməzdi. Lakin indiki kadrlar bir-birinin işini tərifləməklə məşğuldurlar,
işin çəkisi
barədə düşünmürlər".
"Köhnə
ənənələrin bərpası
nə dərəcədə
mümkündür?" sualını
cavablandıran həmsöhbətim
öncə bunları
söylədi:
"Əvvəlcə
əyalətdəki kinoteatrlar
bərpa olunmalıdır.
Bu, günümüzün ən
aktual problemi olaraq qalmaqdadır. Film tamaşaçıya nümayiş
etdirilmək üçün
çəkilir. Lakin əyalətdəki tamaşaçılar
bu şansdan bir qədər məhrumdurlar. Düzdür,
özəl filmlər
bir həftədən
sonra telekanallarda nümayişə çıxarılır.
Lakin mən bunu düzgün addım hesab etmirəm. Çünki
film əvvəlcə kinoteatrların
ixtiyarına verilməlidir.
Biz bu ənənələrlə
filmin yayımını
təşkil etmişik.
Əvvəlcə əyalətdəki
kinoteatrları gəzirdik.
Filmin nümayişindən
sonra tamaşaçılarla
görüş keçirib,
onların mövqeyini
öyrənirdik. Bir müddətdən sonra
film teleekrana çıxarılırdı.
Bir neçə
dəfə məsələ
qaldırmışıq ki,
əyalətlərdə fəaliyyətini
donduran kinoteatrlar bərpa olunsun. Diqqət yetirsək, görərik ki, Türkiyə, Rusiya, Gürcüstan kimi yerlərdə teatrların
sayı gün-gündən
artır. İnsanlar mədəni həyata can atırlar. Bizdə isə əksinə, mədəniyyət ocaqlarının
qapıları bağlanır.
Əvəzində isə
şadlıq evlərinin
sayı artır. Bunun günahkarı dövlət deyil. Dövlət özü də kinoteatrların çox olmasının arzusundadır. Sadəcə,
bəzi imkanlı insanlar əyalətdəki
mədəniyyət ocaqlarının
sayını artırmağa
maraq göstərməlidirlər,
bu halda dövlət ona yardımçı olacaq".
Z.Rəhimqızı
Ayna.- 2010.- 19
iyun.- S.20.