Niyazinin fotoları aşkarlanıb

 

Onlar filmfonda hədiyyə edilib

 

Azərbaycanın görkəmli dirijoru və bəstəkarı maestro Niyazinin indiyədək heç yerdə nümayiş olunmayan yeni fotoları aşkarlanıb. Bu fotoların neqativi Azərbaycan Dövlət Film Fonduna hədiyyə verilib.

Film Fondunun direktoru Cəmil Quliyevin bildirdiyinə görə, foto neqativlərin sayı 27-dir. Tezliklə həmin fotolar bərpa edilərək nümayiş olunacaq:

"Bu fotolar kolleksiyası Georgi Miçiaşvilinin kolleksiyasında saxlanırdı. Biz aprel ayından onun ailəsi ilə danışıqlar aparırdıq. Ailəsi xaricdə yaşayır. Nəhayət, danışıqlar uğurla başa çatdı. Onlar bu fotoların neqativlərini bizə verməyə razı oldular. Yaxın vaxtlarda bu fotoların bərpası başa çatacaq. Bundan sonra həmin fotolardan ibarət sərgi keçirəcəyik". Cəmil Quliyev onu da bildirdi ki, Niyazi ilə yanaşı, bir sıra digər görkəmli mədəniyyət və incəsənət xadiminin də fotoları fonda verilib. Onların arasında bəstəkarlar Soltan Hacıbəyov və Cövdət Hacıyev, rəssamlardan Fərhad Xəlilov, Elbəy Rzaquliyev, Mikayıl Abdullayev və Toğrul Nərimanbəyovun fotoşəkilləri yer alıb.

 

 

 Xatun

 

 Ayna.- 2010.- 19 iyun.- S.19.