Zamanla öz haqq-hesabım var

 

Rəbiyyət Aslanova: "Şəxsi işimə görə heç bir nazirə ağız açmamışam"

 

Zamanla bağlı özünəməxsus fəlsəfəsi var. Deyir ki, zaman heç kəsin sona qədər dərk etmədiyi, hardan başlayıb harda bitəcəyini anlamadığı bir ölçüdür. Rəbiyyət Aslanovaya görə, zaman insana hər şeyi verir hər şeyi alır: "Ala bilmədiyi bir şey var. Zamanla oyunda o kəslər udur ki, ona verdiyi imkanlardan istifadə edib nüfuz, el hörməti, ağıl, bilik qazanır bu dünyadan naşı, cahil kimi getmir. Sonda zaman uduzur".

Milli Məclisin insan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bu sözləri dünən bir qrup jurnalistlə görüşündə səsləndirib. Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə baş tutan görüşdə millət vəkili KİV mənsublarının müxtəlif suallarını cavablandırıb - həm fəlsəfi, həm ölkədə baş verən siyasi hadisələr, insan haqlarının durumu s. mövzularda suallarını cavablandırıb.

- Siz həm müəlliməsiniz. Milli Məclisin son 5 illik fəaliyyətinə 5 ballıq şkala ilə hansı qiyməti verərdiniz?

- Milli Məclisin 5 illik fəaliyyətinə 5 qiymətini verərdim. Bugünkü parlamentin daxili etikası, bu gün müzakirə etdiyimiz məsələlərin xarakteri, həm insanların deputata münasibəti dəyişib. Bu bir dinamikadır, təkamüldür. İndi Milli Məclisin durumu olduqca səviyyəlidir, beynəlxalq səviyyəyə uyğundur.

- Bəs illərlə parlamentdə oturub bir dəfə olsun seçicilərinin hüquqlarından danışmayan deputatlar necə olsun?

- Mən, ümumiyyətlə, susan danışan millət vəkilləri ifadələrini bəyənmirəm. Eləsi var ki, danışmaq istəmir. Amma onun Azərbaycan dövlətçiliyinə verdiyi xidmət çox önəmlidir.

Amma susmağa üstünlük verənlərlə razı deyiləm. Niyə danışmamalıyam? Əgər mənə bu tribuna verilibsə, sözümü deməliyəm. Orası da var ki, dünyanın bütün parlamentlərində deputatlar iki yerə bölünür - elita digər hissə.

İkinci qismə aid deputatlar ola bilər ki, parlamentdə çox aktiv olmasınlar, amma öz yerlərində fəaldırlar.

- Deyirlər, son vaxtlar nazirlər, komitə sədrləri deputatların zənglərinə cavab vermir. Siz belə hallarla üzləşirsiniz?

- Seçicilər mənə şikayət edəndə lazımi orqanlara müraciət edirəm. Elə bir zəngim yoxdur ki, ona cavab verilməsin, nazirlər onu eşitməsinlər, telefonu götürməsinlər. İstəyirsiniz, elə indi hansısa nazirə zəng edim. Şəxsi məsələmə görə heç vaxt nazirlərə ağız açmamışam. Məsələn, hazırda Balakəndə əlil gənclər üçün İnternet təminatı ilə bağlı Əli Abbasova müraciət etmişəm. Bir çox məsələ olur ki, onları elə yerində həll edirəm. Niyə gözləməliyəm ki, iclas olsunorda çıxış edim?

Çox istərdim ki, deputatın qəbul günündən reportaj hazırlayasınız. Şikayətə gələnlər arasında özünün haqlı olduğunu tam iddia edən istəyinin mütləq gerçəkləşməsini istəyən adamlar da olur. Amma bəzən elə olur ki, biri öz tələbində başqasının hüquqlarını tapdalamaq istəyir. Eləsi var, gəlib elə şey tələb edir ki, Milli Məclis onu vermək iqtidarında deyil. Məsələn, bir qadın obyekt , ev istəyirdi, hətta faizlə borcunun ödənilməsini istəyirdi. Belə insanlar daha çoxdur. Bu yaxınlarda 86 yaşlı vərəsəlik hüququnu tələb edirdi. Amma vərəsəlik hüququnun tələb etdiyi adamlar çoxdan dünyasını dəyişibmiş. O da vərəsəlik hüququnun dövlət tərəfindən təmin olunmasını istəyirdi.

- Məişət zorakılığı haqqında qanunun qəbulundan sonra cəmiyyətdə nəsə dəyişdimi?

- Heç olmasa Azərbaycan cəmiyyəti oyandı. İnsan təbiəti o qədər mürəkkəbdir ki, qanun zorla məcbur edə bilməz ki, sən kimisə döymə. Kamil insan onu eləmir. Cahil olanısa başlayır döyüb-söyməyə. Mənim bir qonşum vardı, bəlkə hər gün onların evindən səs-küy gəlirdi - ər arvadını döyürdü. Nəhayət, mən polisə şikayət etdim. Polis onlara gedəndən sonra bu adam mənimlə düşmən kəsildi. Bundan sonra da səslər gəlirdi. Nəhayət, özüm gedib qapısını döydüm ki, yenə bu hal təkrarlansa, başqa cür hərəkət edəcəyəm. Bundan bir az keçəndən sonra həmin adam evini satıb dəyişdi. Mən istərdim ki, yeni evdə onun yenə belə bir qonşusu olsun.

Xaricdə yaşayan qohumlarımız var. Azərbaycan kanallarını izləyəndən sonra zəng vurub soruşurlar ki, axı sizdə baş verir, bütün günü onu göstərirsiniz ki, ailədə bir-birini döyüb təhqir edirlər. Azərbaycan ailəsi haqqında niyə belə təəssürat yaradılır? Bir dəfə birinin cümə axşamını verəndə, bir dəfə birinin birinci gününü verin ki, Azərbaycan ailəsi obrazı haqqında düzgün təəssürat yaransın da.

- Seçkidə namizədliyinizi irəli sürəcəksiniz?

- Namizədlik məsələsində heç deyə bilmərəm.

Ötən seçkidə namizədliyimi Balakəndən verəndə deyirdilər ki, neynirik kəlbəcərli qızını? Mən də dedim ki, əgər mən sizə lazımamsa, mənim hardan olmağımın nə dəxli var? Məncə, artıq "haralısan" ifadəsinə son qoymaq lazımdır. Atam hərbçi olduğuna görə Azərbaycanın bütün bölgələrində yaşamışam.

- Nəhayət, əvvəldə dediyiniz zamanla oyunda kim uduzub, kim udub?

- Kim qalib gəlib - bunu hələ deyə bilmərəm. Mən zamanın hər məqamından ləyaqətlə çıxmaq arzusundayam. Hələlik bu günə qədər oyunumuz normal gedir.

 

 

 Fərəh SABİRQIZI

 

 Ayna.- 2010.- 26 iyun.- S.5