Qubad İbadoğlu:
"Aztəminatlı ailələri yoxsulluqdan
qurtarmaq üçün..."
Ayrıca proqrama
ehtiyac var
Sosial yardımlar, şəffaflığın
yoxluğu, təkrar sosial
yardım alanların aztəminatlı ailə olduğuna
şübhələr... Bu ötən
müddətdə Ünvanlı Sosial
Yardım (ÜSY) sistemi səmərəli
fəaliyyət göstərən bir
mexanizmə çevrilmədi. Bunun üçün bir
sıra istiqamətlər üzrə problemlər qalır və
onların həlli vacibdir. Belə ki, sosial yardıma
gerçəkdən ehtiyacı olan aztəminatlı
ailələr dəqiq müəyyənləşdirilmir.
Görülən işlərin effektivliyi
üçün bu kateqoriyadan olan ailələr
dəqiq müəyyən olunmalı və onların
yardım almaq imkanları genişləndirilməlidir.
Sosial yardım almaq üçün prosedur
qaydaları sadələşdirilməli, sosial
yardımın məbləği və aztəminatlı ailə
üçün əhəmiyyəti
artırılmalıdır. Bunlar - İqtisadi Tədqiqatlar Mərkəzinin tədqiqat
nəticəsində gəldiyi qənaətlərdir.
Mərkəz ABŞ Beynəlxalq
İnkişaf Agentliyinin
maliyyələşdirdiyi Vətəndaş
Cəmiyyəti Layihəsi
və Milli Büdcə Qrupunun təşkilati dəstəyi
ilə həyata keçirdiyi layihə çərçivəsində "Ünvanlı dövlət
sosial yardımı:
"Mövcud vəziyyətin
qiymətləndirilməsi və
sosial reabilitasiyaya keçid problemləri"
adlı tədqiqat hesabatı hazırlayıb.
Bu hesabat
haqqında mərkəz
idarə heyətinin sədri Qubad İbadoğlu "Ayna"ya
danışdı.
- Araşdırmadan
məlum oldu ki, ünvanlı dövlət sosial yardımı alan
aztəminatlı ailələrin
sayı ildən-ilə
artıb. Əgər 2007-ci ildə sosial
yardımdan 48 705 ailə
faydalanmışdısa, 2008-ci ildə bu rəqəm
78 092-yə, 2009-cu ildə isə
163 409-a bərabər olub.
Müvafiq olaraq ünvanlı sosial yardımdan bəhrələnən
ailə üzvlərinin
də sayı artıb: 2007-ci il
218 673, 2008-ci il - 364 059, 2009-cu il - 749 965 nəfər...
Sosial yardım alanlar içərisində uşaqlı ailələrin sayı üstünlük təşkil edir. Bu da çoxuşaqlı ailələrin daha çox yoxsulluq riskinə məruz qalması ilə bağlıdır. İllər üzrə sosial yardımla əhatə olunan uşaqların sayının artım dinamikası passiv sosial müdafiə tədbirlərilə əhatə olunan çoxuşaqlı ailələrin həyat şəraitində nəzərəçarpacaq dəyişikliyin olmaması, onların aktiv sosial müdafiəyə keçidlə bağlı problemlərinin nəticəsidir. 2007-ci ildə sosial yardım almış ailə üzvlərinin içərisində uşaqların xüsusi çəkisi 42.2, 2008-ci ildə 45.3, 2009-cu ildə isə 47.7 faiz olub.
Büdcədən bu məqsədlə ayrılan vəsaitlərin artması, ünvanlı sosial yardım alanların əhatə dairəsinin genişlənməsi 1 nəfərə düşən orta aylıq
ünvanlı
dövlət sosial yardımı məbləğinin də
artmasına səbəb olub.
Bu göstərici 2007-ci ildə 8.36 manat, 2008-ci ildə 17.38 manat,
2009-cu ildə isə 22.0 manat olub. Qeyd edim
ki, bu rəqəmlər
həmin illərin əvvəlinə olan
göstəricilərdir.
- Deməli, aztəminatlı əhalinin müəyyən
təbəqəsi ünvanlı sosial yardıma daha çox
möhtacdır...
- Tamamilə doğrudur,
yardımın mənfi tərəflərindən biri budur ki,
bəziləri yoxsulluq içində yaşamağa
alışır, sosial yardımı əlavə və təmin
olunması üçün gəlir kimi qəbul edirlər.
Əslində, ÜSY
yoxsul insanın problemlərinin həlli üçün daimi
çıxış yolu olmamalı, müvəqqəti
xarakter daşımalıdır. Mexanizm uzun müddət fəaliyyət
göstərə bilər, ancaq bu o demək deyil ki, eyni sosial
qrup bu yardımdan daim bəhrələnməlidir. Bu, insanları yoxsulluq tələsinə
salar, ələbaxımlılığa
öyrədər...
Mexanizmin tətbiq
olunduğu qruplar aralıq dövründə bundan bir vasitə
kimi yararlanmalı, sosial yardım alanlar tez-tez dəyişməlidirlər.
Yalnız bu yolla ÜSY-nin səmərəliliyinə nail olmaq
mümkündür. ÜSY-yə yoxsulluğun
azaldılması vasitəsi kimi baxılması yanlış
yanaşmadır. Bu tip açıqlamaları mexanizmi həyata
keçirənlərin dilindən tez-tez eşitmək olar. Əmək
və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov
bildirib ki, bu mexanizm ölkədə yoxsulluq səviyyəsinin
azalmasına təsir göstərib. Əgər əvvəllər
sosial müavinət alanların 67 faizi yoxsul ailələr idisə,
hazırda bu göstərici 48 faizə enib.
Rəsmi
açıqlamalara görə, 2009-cu ildə ÜSY
alanların 20 faizi 4-cü, 5-ci dəfə yardım
alanlardır. Bu da yuxarıda qeyd olunan təhlükənin
varlığından xəbər verir. Sosial yardımların
verilməsində şəffaflıq prinsiplərinə əməl
olunmaması təkrar-təkrar sosial yardım alanların aztəminatlı
ailə olduğunu deməyə çətinlik yaradır.
Daha doğru nəticələr əldə etmək
üçün təkrar yardım alanların
bazasının araşdırılması zəruridir. Ancaq hər
iki halda ÜSY ilə bağlı problemin olması şəksizdir.
Ötən ilin sonunda ÜSY-yə yönələn büdcə
vəsaitlərinin çatışmazlığı səbəbindən
ödənişlərin təxminən 4 ay
dayandırılması problemi kəskinliyilə üzə
çıxardı.
- Milli Məclisin Sosial siyasət komitəsinin sədri
Hadı Rəcəbli və ƏƏSM naziri Füzuli Ələkbərov
cari ilin sonuna kimi yardım alanların azalacağını
deyirlər. Sizcə, buna nail olunacaq?
- Mətbuatdan
oxuduqlarıma əsasən deyə bilərəm ki, Hadı Rəcəbli
ilin sonuna kimi yardım alanların 4-5 dəfə
azalacağını, Füzuli Ələkbərov isə
2010-cu ilin sonunda 145 min ailənin yardım alacağının
proqnozlaşdığını deyiblər. Bunun nə yolla həyata
keçiriləcəyi isə aydın deyil. Belə
görünür ki, ƏƏSMN daha çox inzibati metodlardan
bəhrələnmək istəyir. Artıq rayon şöbələrinə
ÜSY ilə bağlı müraciətlərin qeydə
alınmaması, mümkün qədər azaldılması
barədə göstəriş verildiyi (!) bildirilir.
- Yəqin ki, ünvanlı sosial yardım
üçün ayrılan vəsaitlərin müəyyən
hissəsinin bu yardımlara ehtiyacı olmayanlara verilməsi
haqda məlumatlar əldə edilmişdir?
- ÜSY-nin verilməsi
zamanı mövcud olan qeyri-rəsmi ödənişlərin
aradan qaldırılması da vacib məsələlər
sırasındadır. Dövlətin verdiyi müxtəlif
növ sosial yardımların unifikasiyası və əlaqələndirilməsi
önəmlidir. Nəhayət, yoxsulluq riskindən passiv
müdafiə tədbirlərindən aktiv müdafiə tədbirlərinə
keçid, Dövlət Sosial Reabilitasiya Proqramının
hazırlanıb həyata keçirilməsi nəticəsində
sosial yardıma ehtiyacı olanların sayının
azaldılması vacib məsələlərdir.
Mərkəzin ekspertləri
bu qənaətə gəliblər ki, qanunvericilik
bazasının qeyri-təkmilliyi, ətraflı təhlilə əsaslanan
düzgün proqnozlaşdırmanın yoxluğu səbəbindən
vəsait çatışmazlığının yaranması
və qeyri-rəsmi ödənişlər ünvanlı sosial
yardımın səmərəli həyata keçirilməsinə
maneçilik yaradıb. Ölkədə ünvanlı
yardımdan sosial reabilitasiyaya keçidi zəruri edən bir
sıra amillər mövcuddur. Bunlardan ən mühümü
ünvanlı yardım proqramının tətbiqindəki
problemlərdir. Bir neçə il davamlı olaraq ÜSY
alınması hallarının çoxluğu, dövlətin
verdiyi müxtəlif növ sosial yardımların
unifikasiyası və əlaqələndirilməsində
çətinliklər mövcuddur.
Bütün bunları nəzərə
alan tədqiqat müəllifləri sosial yardımdan
özünütəminata əsaslanan sosial reabilitasiyaya
sürətli və səmərəli keçidin təmin
olunma prosesinin mərhələli mexanizmini hazırlayıblar.
Beləliklə, ilkin mərhələdə özünütəminat
prosesinə qoşulmaq üçün vətəndaşlar
yaşadığı ərazi üzrə əmək və ƏƏSMN
rayon şöbələrinə müraciət etməlidilər.
- Ünvanlı sosial yardım alanların geniş məlumat
bazası yaradılsa da, ondan yararlanmaq üçün məhdudiyyət
qoyulması araşdırmaya maneçilik yaratmadı ki?
- Məlumatlardan
yalnız xidməti istifadənin mümkünlüyü
ÜSY alanların kateqoriyalar (işləyənlər,
işsizlər, pensiyaçılar, əlillər və sair) və
çoxuşaqlı ailələr, məcburi
köçkünlər, regionlar (iqtisadi rayonlar və
ayrılıqda rayonlar) üzrə əhatəli təhlilini
aparmağa mane olur. Yalnız bu tip təhlillər sayəsində
sosial yardım alan ailələrin məşğulluğunun təmini,
onların reabilitasiya tədbirləri ilə əhatə edilməsi
mümkündür.
Bu qənaətdəyik
ki, aztəminatlı ailələrin yoxsulluqdan
çıxarılması üçün ayrıca proqram
vacibdir. Proqramda ailələrin yoxsulluqdan
çıxarılmasının, davamlı işlə,
reabilitasiya tədbirləri ilə əhatə
olunmasının ümumi istiqamətləri, qarşıya
qoyulan məqsədlər, ona nail olunma yolları ümumi
şəkildə əks etdirilə bilər. Ancaq ilk növbədə
baza məlumatlarının təhlili əsasında ÜSY
alan ailələrə fərdi yanaşma tətbiq
olunmalıdır. Fərdi yanaşmanın məqsədi aztəminatlı
ailələrə özünütəminat (özünüməşğulluq)
imkanlarının yaradılmasıdır. Bu tədbirlərin
həyata keçirilməsi sosial yardımla paralel
aparılmalıdır.
- Özünütəminat deyəndə nəyi nəzərdə
tutursunuz?
- Yəni ailənin maddi
və natura şəklində daimi gəlir əldə etməsinə
imkan verən şəxsi təsərrüfatının
inkişaf etdirilməsi, eyni zamanda əhaliyə xidmət
sferasında əmək fəaliyyəti göstərilməsi
nəticəsində orta adambaşına düşən gəlirlərin
artımı başa düşülür. Burda həm kəndli-fermer
təsərrüfatlarının inkişafı, regionun
iqtisadi-demoqrafik, xarakterik xüsusiyyətləri nəzərə
alınmaqla xidmət və istehsal sahəsində (əhaliyə
məişət xidməti, toxuculuq və sair) kiçik
müəssisələrin, yeni daimi iş yerlərinin
yaradılması nəzərdə tutulur.
Aztəminatlı ailələrin
özünütəminata keçməsində başlıca
məqsəd əmək qabiliyyətli əhalinin
potensialından istifadə etməklə yoxsulluğun aradan
qaldırılmasıdır. Özünütəminata
keçid aztəminatlı ailənin rifah halının
yaxşılaşdırılması ilə yanaşı
uşaqlarda kiçik yaşlardan ələbaxımlılıq
psixologiyasının formalaşmasına imkan vermir, valideynlərinin
timsalında əməyə hörmət və
alışqanlıq yaradır. İnkişaf etməkdə
olan ölkələrin oxşar təcrübələri
göstərir ki, özünütəminat nəticəsində
yardımçı təsərrüfatların və fərdi
əmək fəaliyyətinin tədrici inkişafı həyat
şəraitinin yaxşılaşmasına stimul verir.
- Özünütəminat prinsipi kimlərə
şamil olunmalıdır?
- İlk növbədə
3 və daha çox uşağı olan ailələrə
şamil olunmalıdır. Özünütəminat barədə
qərarı ailənin başçısı qəbul etməli,
hansı sahədə işləməklə uğur qazanmasını
özü müəyyən etməlidir. Ona görə də
ailə başçısı hansı sahədə fəaliyyət
göstərməsi, bunun üçün ona nə qədər
vəsait lazım olması, hansı məbləği
özü qarşılaya bilməsi barədə fərdi plan
tərtib etməlidir. Fərdi planı qohumluq əlaqələri
olan bir neçə ailə birlikdə də tərtib edə
bilər, bu zaman həm mövcud potensiallar birləşdirilə,
həm də daha çox ailə üzvü özünüməşğulluğa
çıxış imkanı qazana bilər. Fərdi plan təqdim
etmiş hər ailəyə birdəfəlik, əvəzsiz
2000 manatın verilməsi məqsədəuyğundur. Əgər
nəzərə alsaq ki, ən son məlumata görə, bir
ailə orta hesabla ayda 115 manat alır, bu, ildə təxminən
1380 manat edir. Həmin məbləğ aztəminatlı ailəni
yoxsulluqdan çıxarmır, sadəcə, onu bu riskdən
passiv müdafiə edir, fizioloji tələbatlarını
ödəyir. Bu halda ildə bir ailəyə 2000 manatın
verilməsi məşğulluq imkanları
yaratdığından həm vəsaitin səmərəliliyi
artar, həm də yoxsulluqdan aktiv müdafiə tədbirinə
xidmət etdiyindən çox deyil.
Özünütəminat
üçün seçilmiş ailələrin ehtiyac dərəcəsi
(yetkinlik yaşına çatmamış uşaqlar, rəsmi
gəlirlərin həcmi, əmlak vəziyyəti), əməkqabiliyyətliliyi
(ailədə əmək qabiliyyətli üzvlərin
sayı, əmək fəaliyyətinin
planlaşdırılması sahəsində bacarıq və vərdişlərinin,
material ehtiyatlarının olması) və onlara inam (yardım
alan ailənin reputasiyasının müsbət olması, bir ərazidə
uzunmüddətli yaşaması, ödənilməmiş
kreditinin olmaması və sair) mütləq nəzərə
alınmalıdır.
Aynurə
Ayna.- 2010.- 26 iyun.- S.16.