Vaqif Bayatlı Odər: "Hərdən
ölümlə oynayırıq"
Ədib ölümün
olduğuna inanmır
Oxucuların bədbin ruhlu şair kimi tanıdığı Vaqif Bayatlı Odər əslində çox nikbin insan imiş. Özü də oxucuların münasibətinə təəccüb edir. Şeirlərində ilahi gözəllikdən, sevgidən yazır. Amma əsas hədəfi qarışqalardır. Onların simasında bir çox xüsusiyyətləri üzə çıxarmağa çalışır. Qarışqaya böyük rəğbəti olan şair həm yaradıcılığından, həm də şairlərin indiki vəziyyətindən danışdı.
- Deyə bilərsinizmi, son illər ərzində şeirimizdə nələr dəyişib?
- Azərbaycan ədəbiyyatı
dünya ədəbiyyatının güclü qollarından
biridir. Təəssüf ki, bir çoxları bizim ədəbiyyatımızı
zəif sayırlar. Bizim şeirimiz çox
güclüdür. Əslində bu, təkcə Azərbaycanda
deyil, bütün türk ölkələrində belədir.
Bu gücün sürəti ildən-ilə artır. Buna
sözün sürətinin artması kimi baxmaq olar. Bizim
şeir ilahi həqiqətdən ilahi həqiqətə
doğru gedir.
- Kimlər ədəbiyyatımızın zəif
olduğunu zənn edir ki?
- Belə fikirləşən kiçik insanlardır. Hamı hər şeyi özü boyda görür. Söhbət onun fiziki boyundan getmir. İşgüzar, dünya haqqında gözəl fikirləri olan qarışqa dünya haqqında pis fikirdə olan, düşüncələri zəif olan insandan daha hündürdür. Fillər hər şeydə nəsə pislik axtarırlar. "Fil" deyəndə insanları nəzərdə tuturam.
- İndiki zamanda şairlərə qiymət verilir ki?
- Şairlər iki cür
olur - zamanın şairləri, zamansızlığın
şairləri. Zamanın şairlərinin işi odur ki, onlara
qiymət, pul, maşın, fəxri ad, malikanə versinlər.
Bunları doyuzdurmaq mümkün deyil və mənə elə
gəlir ki, heç vaxt da mümkün olmayacaq. Dövlət
təqaüd, xalq, əməkdar incəsənət xadimi
adlarını verir ki, burada da çox böyük ədalətsizliklər
var. Bütün bunlar gözəl şairlərimizə deyil,
layiq olmayanlara verilir. Mənim anlamımda mən
sözümün prezidentiyəm. Dünya da sözümü
prezident kimi qəbul etsə, mənim fərmanım öz
prezidentliyimi ləğv etmək olardı. Əlimdə imkan
olsaydı, bütün o adları ləğv edərdim. Bu
iş İlahiyə yaxın insanların əlində
olsaydı, bəlkə bu adlara həqiqətən də
ehtiyac olardı. Amma indi bu, mümkün deyil. Fəxri ad, təqaüd
alacaq şairlərin siyahısını hazırlayıb,
Prezident Aparatına - bu sahədən anlayışı
olmayanlara təqdim edirlər. Əslində onlardan ədəbiyyatı
bilmək tələb olunmur da. Şeir çox mürəkkəb
şeydir. Şairlərin 90 faizi şeiri yaxşı bilmirsə,
mən nə Prezident Aparatının işçilərindən,
nə jurnalistlərdən, nə də başqalarından bunu
tələb edə bilərəm. Şeirdə zərgər dəqiqliyi
olmalıdır. Bu nöqteyi-nəzərdən mən hələ
özümə "3" qiyməti verirəm. Şairi xalq
seçməlidir.
Türkiyədə belə
işlərə yaxşı münasibət var. Orada dövlət
şairin dövlətə xidmətini nəzərə
alıb, dövlət sənətçisi adını verir.
Bizdə isə tamam başqa vəziyyətdir. Xalqın
münasibəti nəzərə alınmadan dövlət
"xalq artisti" adını verir. Türkiyədə
aşıqlara xalq şairi deyirlər.
Bir çoxları elə bilir ki, mən xalq şairiyəm. Əgər insanlar belə düşünürsə, mənə dövlətin təltifi lazım deyil. Şair insanlar üçün çalışmalıdır. İnsanlar "şeiri yaxşı bilirəm" deyəndə əsəbiləşirəm.İnsan yalnız bir sahəni yaxşı öyrənə bilər. Kimsə başqa sahəyə də can atırsa, deməli, o, heç öz işini də bilmir. Mən özüm nəsr haqqında danışmağa qorxuram. İndi hər şey o qədər professionallaşıb ki... "Xəzər"jurnalının redaktoru olmuşam. Amma jurnalistika haqqında danışmağa qorxuram. Hətta 1991-ci ildə Mirzə Cəlil mükafatını mənə vermişdilər. Bununla belə, bu haqda danışmağa cəsarət etmirəm. İncəlikləri yalnız peşəkarlar bilər.
- Belə çıxır ki, indi ədəbiyyatda yalnız maddi gəlir güdənlər çoxdur...
- Onlar məni
maraqlandırmır. Belələri ehtiyac uğrunda vuruşan
insanlardır. Yalnız mənfəət güdənlər
kimə lazımdır? Onları tanımaq da istəmirəm.
Düzdür, şairlər arasında fəxri adı layiq
olaraq alanlar da var. Ümumiyyətlə, bunun heç bir fərqi
yoxdur. Əli Kərim ad almadan dünyadan köçdü.
Hazırda ad alan şairlərin əksəriyyətindən
daha çox tanınır
Əhməd Cavadın xalq şairi adı olub? Halbuki onunla fəxr edirik. Mən başa düşmürəm, titul insanlara nə verir axı?
- Sizcə, qələm əhli arasında niyə fikir
ayrılığı yaranıb? Bir qrup yazar Azərbaycan
Yazıçılar Birliyindən hey narazılıq edir.
- Mən heç kimdən
narazı deyiləm və hamısını sevirəm.
Çalışıram ki, hamı bir-birini sevsin.
Yazıçılar arasında məhəbbət
olmalıdır. Hətta fikrimi siyasiləşdirirəm də.
Yaxşı olar ki, ölkələrdə iqtidarla müxalifəti,
islamla xristian dünyasını bir-birinə sevdirək.
Şairlərin əsas məqsədi sevgini gücləndirməkdir.
Şair ürəkli insanlar və şairlər bunu etməlidirlər.
Dünyada sevgini gücləndirməkdən daha gözəl nə
ola bilər? Çalışmalıyıq ki, insanları
eşqə doğru itələyək və nifrəti
unutduraq.
Əslində yazarlar
arasında həmişə mübahisə olub. Əvvəllər
hamı bir-birindən şikayət yazırdı. Onlar əslində
şair deyillər. Mən təsəvvür edə bilmirəm
ki, şairin işi qurtarsın və başqa şairin
işinə qarışaraq onu pisləsin. Bu, gülməli, mənasız,
hətta ağlamalı bir şeydir. Bəlkə belələri
heç şair deyil? Açığını deyim ki, mən
Yazıçılar Birliyini başqa cür təsəvvür
edirəm. Düşüncəmdə Yazarlar Birliyi ya klub
şəklində açılmalıdır ki, kim gəldi qəbul
edilsin, ya da 1500 üzvünü ixtisar edib oranı elitar etmək
lazımdır. Yazıçılar Birliyi hüquqi, maliyyə
məsələləri ilə məşğul olmalı, yeni
nəsil yazarlarına yardım təşkilatı yaratmalı
və ayrı-ayrı jurnallar buraxdırmalıdır. Xarici
ölkələrdə belədir. Mən Yazıçılar
Birliyinin ləğv olunmasının tərəfdarı da
deyiləm. Əksinə, çox olmalıdır ki, bir-biri ilə
rəqabət aparsınlar...
- Dünyanın dərdini niyə çəkirsiniz?
- Ona görə çəkirəm
ki, dünyanın dərdi azalsın. Əslində, çəkdiyim
dünyanın dərdi deyil, insanların dərdidir. Allah
dünyanı dərdsiz yaradıb, dərdi insanlar yaradır.
Elə insanlar var bilir ki, bir həftəyə öləcək,
yenə pul yığır. Amerikada bir milyarder 9-10
milyardını payladı. Məlum oldu ki, 6 aydan sonra öləcək.
O, peşman olmadı. Onun yerinə bizimkilər peşman oldu.
- Şeirlərinizdə ölümdən niyə bu qədər
çox yazırsınız?
- Mən ölümdən
yox, ölümsüzlükdən yazıram. Ölüm
adında şey yoxdur. Ölüm mənasız söhbətdir
insanların beyninə salınıb. Quran da deyir ölüm
yoxdur.
- Bəs ölüm kimlərin oyunudur?
- Hə, belə bir şeri yazmışdım - Çingiz Mustafayev haqqında idi. "Gəl ölüm-ölüm oynayaq". Bu bir ağrıdır. Ölüm həm də İlahinin yanında biz - çocuq insanların ən gözəl oyunlarından biridir. Hərdən biz özümüz ölümlə oynayırıq...
XATUN
Ayna.- 2010.- 26 iyun.- S.18.