Azərin: "Azərbaycanda konsert fəaliyyəti görmək istəyirəm"

 

Sənətçi Bakıda səviyyəli konsertə az-az rast gəlib...

 

Payızda növbəti solo konsertinə hazırlaşan əməkdar artist Azərinin çıxış edəcəyi məkan Heydər Əliyev Sarayıdır. Konsert işini müəyyən tərəddüdlərdən sonra gündəmə gətirən sənətçi "Ayna" qəzetinə bunun səbəblərindən danışdı:

"Mən Azərbaycanda konsert fəaliyyəti görmək istəyirəm. Təəssüf ki, bu yetərli inkişaf mərhələsinə adlamayıb. Son illər Türkiyə, Avropa ölkələrində çıxışlarım tez-tez olur. Amma Bakıya gələndə, konsert işinin sönük, sıradan bir kimi həyata keçirildiyini görürəm".

Azərin onu da qeyd edir ki, sənətçilərin çıxışı məhz paytaxt civarı ilə məhdudlaşmamalıdır.

"Vətəndaşlarımızın əsas hissəsi bölgələrdə yaşayır. Əksəriyyətinin kiminsə konsertini izləmək üçün Bakıya gəlməyə imkanı çatmır. Bu səbəbdən də biz sənətçilərin daha çox bölgələr üçün konsertləri təşkil edilməlidir. Amma Bakının özündə səviyyəli konsertlərə az-az rast gəlmək mümkündür. Bunun üçün savadlı və sanballı təşkilat qrupları çalışmalıdır".

Buna baxmayaraq Azərin öz payız konsertinə böyük həvəslə hazırlaşdığını söylədi.

 

 

Şəms

 

Ayna.- 2010.- 26 iyun.- S.24.