İsmayıl Əfəndiyevin yubileyi keçirildi
Görkəmli aktyor və rejissor, bir müddət "Azərbaycanfilm" Kinostudiyasının direktoru olmuş İsmayıl Əfəndiyevin 100 illik yubileyi qeyd olunmuşdur. Mərasim Muzey Mərkəzində təşkil olunmuşdu. Yubiley münasibəti İsmayıl Əfəndiyevin yaradıcılığını əks etdioən foto-sərgi də nümayiş etdirildi.
Fondun direktoru Cəmil Quliyev bu barədə danışarkən bildirib ki, İsmayıl Əfəndiyev Azərbaycan kinosunda çoxlu maraqlı rollar yaradıb. "Arşın mal alan", "O olmasın, bu olsun", "Fətəli xan", "Koroğlu", "Qızmar günəş altında", "Kölgələr sürünür", "İnsan məskən salır" filmlərində yaddaqalan obrazlar yaradıb. Rejissor kimi "Kölgələr sürünür" bədii, bir neçə qısametrajlı və sənədli ekran əsərinə quruluş verib. Kino ilə yanaşı teatrda da fəaliyyət göstərib.
Bu yubiley tədbiri ərəfəsində onunla söhbətimizdə öyrəndik ki, Film Fondu 65 illik yubileyi münasibəti ilə tanınmış operator və kinorejissor, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Valeri Kərimovun da xatirə gecəsini təşkil edəcək. Valeri Kərimov "Ötən ilin son gecəsi", "İmtahan", "Alma almaya bənzər" və digər filmlərin quruluşçu operatoru olub. O, rejissor kimi də bir neçə sənədli film çəkib və uzun illər Kinematoqrafçılar İttifaqının katibi kimi çalışıb.
Xatırladaq ki, tədbirdə Valeri Kərimova həsr olunan və oğlu tərəfindən çəkilən 30 dəqiqəlik sənədli film göstəriləcək. Muzey Mərkəzində keçiriləcək hər iki tədbirdə yubilyarların həyat və yaradıcılığını əks etdirən fotosərgi də nümayiş olunacaq.
XATUN
Ayna.- 2010.- 26
iyun.- S.20.