Göygöldən Xəzərədək uzanan musiqili ömür

 

"Göygöl" ansamblının yaradıcısı Fikrət Verdiyev musiqimizə xidmətini davam etdirir

 

Gəncədə fəaliyyət göstərən və bu yaxınlarda 40 illik yubileyi qeyd edilən "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı, əməkdar artist Fikrət Verdiyev "Ayna"ya müsahibəsində ansamblın böyük yaradıcılıq yoluna nəzər saldı. Uzun illər bədii rəhbəri olduğu "Göygöl"dən danışdı:

- Ansamblın yaranma tarixi 1969-cu ilə təsadüf edir. O vaxt Azərbaycan Dövlət Konservatoriyasında hələ 2-ci kursda oxuyurdum və bir sıra konsertlərdə iştirak edirdim. Amma o vaxta kimi Gəncədə heç bir musiqi ansamblı fəaliyyət göstərmirdi. Müharibədən əvvəl orada filarmoniya yaradılmışdı. Amma eşitdiyimə görə, üzdəniraq bir erməni xalq deputatlar sovetinin sədri olub. Deyib ki, 1942-ci ildə, müharibə dövründə filarmoniyaya bu qədər vəsait ayırmaq məqsədəuyğundurmu? Təklif edib ki, pul xərcləməmək üçün filarmoniya bağlansın. Onun məqsədinin arxasında dəqiq nə dayandığını deyə bilməyəcəm, amma onun bu cür çıxışları filarmoniyanın ləğvinə səbəb olub. O zamanlar həmin musiqi ocağında Fikrət Əmirov, Qəmbər Hüseynli və bir sıra gözəl sənətkarlar çalışırdılar. Müəyyən müddətdən sonra, 1956-cı ildə Gəncədə mahnı və rəqs ansamblı yaradıldı. O da iki ildən artıq davam gətirə bilmədi. Bu ocağın dağılmağının səbəbini bilmirəm. Çünki o vaxt mənim 10 yaşım var idi. O dövrdən sonra Gəncənin musiqi aləmində sönüklük hiss olunmağa başlayıb. Heç bir ansambl və kollektiv olmayıb.

Tələbəlik illərində mən Əhsən Dadaşov, Əhməd Bakıxanov və qeyrilərinin ansamblına baxıb həvəsləndim. 1969-cu ildə, 22 yaşımda ikən Gəncəyə gedib oradakı ən yaxşı musiqiçiləri başıma topladım. Rövşən Behcəti və bir-iki oxuyanları birləşdirib ictimai əsaslarla "Göygöl" ansamblını yaratdım. 1977-ci ilə qədər dövlətdən heç bir məvacib və kömək almadan ansamblın fəaliyyəti davam etdirildi və çevrəmizi genişləndirdik. Özfəaliyyət kimi Gəncədə, Bakıda dəfələrlə dövlət konsertlərində, xarici ölkələrdə bir sıra konsert proqramları ilə çıxışlar etdik. Heydər Əliyevin tamaşaçısı olduğu 50-dən çox konsertlərdə bizim ansambl iştirak edib.

Bir dəfə kiminsə yubileyi idi, Gəncədən Bakıya 180 nəfərdən ibarət kollektiv gətirmişdim. Tamaşaçılar proqramımızı çox bəyənmişdi. O zamanlar filarmoniyada da çox çıxışlar edirdik. Bəzən konsertlərimizə biletlər tapılmırdı. Bir müddətdən sonra ansambla Şahnaz, Aybəniz Haşımova bacıları da qoşuldu.

- Ansambla dövlət statusu nə vaxt verildi?

- Heydər Əliyev 1977-ci ildə maraqlanıb ki, bu ansamblın statusu var, ya yox? Gəncə şəhər partiya komitəsinin birinci katibi ona deyib ki, onlar heç bir məvacib almadan çalışırlar. Heydər Əliyev dərhal o vaxtkı baş nazir Əli İbrahimova göstəriş verərək, ansambla təcili status verilməsini tapşırıb. Bizə verilən imkanlara uyğun olaraq ansambl üçün dövlət hesabına bir neçə avtobus və bir sıra avadanlıqlar aldıq. Həmin ərəfədə dahi bəstəkar Cahangir Cahangirovu Gəncəyə dəvət edərək təcrübəli bir şəxs kimi ansamblın proqramını yazmağı ondan xahiş etdim. Daha sonra baletmeyster Kamil Dadaşov mən tərəfdən ansambla dəvət aldı. Müsəlmançılıqdır deyə, o vaxt heç kim qızını rəqsə, oynamağa qoymurdu. Fikirləşdik ki, dövlətin adını daşıyan mahnı və rəqs ansamblı rəqssiz ola bilməz. Kamil Dadaşovla yenidən Bakıya qayıtdıq və özfəaliyyət ansambllarını gəzib 12 oğlan və 12 qızı öz ansamblımıza cəlb etdik. Gəncəyə yola düşəndə valideynləri bizə yaxınlaşıb soruşdular ki, "Ay Fikrət müəllim, bizim uşaqlar hansı maaşa gedirlər? Necə dolanacaqlar?". Dedim ki, tarif dərəcələrinə görə, maaş 60-80 manat arasındadır. Söz verdim ki, onların yeməyi mənim boynumadır. O vaxt mən el şənliklərinə də gedib, az-çox pul qazanırdım. İki il mən həmin 24 nəfəri oteldə saxlayıb, onların gündə üçdəfəlik yeməyinin haqqını özüm ödədim. İş tək pul ödəməklə bitmirdi. Tez-tez onlara baş çəkib, şəraitləri, yedikləri yeməklə tanış olurdum ki, korluq çəkməsinlər. 6 ay müddətində biz ansamblı formalaşdırıb, dövlətə təhvil verdik.

O vaxtkı mədəniyyət naziri Zakir Bağırov, bəstəkar Fikrət Əmirov və digər tanınmış şəxslər Gəncəyə gəldi və biz 1200 nəfərlik zalda dövlət statuslu ansamblın ilk proqramını təqdim etdik. Firkət Əmirov təşəkkürünü tək zalda deyil, səhnəyə çıxıb məni qucaqlamaqla da bildirdi. Dedi ki, "Mən cavanlığımı səndə gördüm, əhsən". Xatırladım ki, Firkət Əmirov müharibədən əvvəl Gəncədə fəaliyyət göstərən filarmoniyanın bədii rəhbəri vəzifəsində çalışmışdır. 1990-cı ilə qədər biz maraqlı proqramlarla ölkədə və ondan kənarda çıxışlar etdik. Amma o vaxta kimi Gəncədə öz konsert salonumuz yox idi.

- Bəs harada çıxış edirdiniz?

- Kimlərinsə qoltuğunda, harada imkan yarada bilirdiksə, orada çıxış edirdik. Şəhər rəhbərliyindən xahiş etdim ki, heç olmasa ictimai əsaslarla konsert mərkəzi tikək. O vaxtkı ideya ilə indiki Gəncə Filarmoniyasını inşa etdik. 1000 nəfərlik konsert salonu, üçmərtəbəli inzibati bina və s. Bütün varımızı-yoxumuzu səfərbər edib, binanı tikib qurtardıq. Hər ay orada 10 günlük musiqi bayramı keçirirdik. Hətta xaricdən də oxuyanlar gəlirdi. Müşərrəf Akay, Mixail Boyarski və b. orada çıxış ediblər. Mənim dəvətimlə Moskvadan Gəncəyə dəfələrlə maraqlı konsert proqramı gəlirdi.

Azərbaycandan isə Zeynəb Xanlarovadan başlayaraq bütün məşhur sənətkarlar - məsələn, Hacıbaba Bağırov, Niyaməddin Musayev və başqaları uzunmüddətli musiqi bayramlarında çıxış edirdilər. Bir vaxt Gəncədə heç bir kişi bacısı, həyat yoldaşı ilə konsertə getmirdi. Mən dostlarıma dedim ki, öz ailə üzvlərini konsertə gətirsinlər. Biz bu baryeri də aşa bildik. Artıq bütün respublikada bizim ansambl adla çağırılırdı. Meksikada 4 günlük konsertimizdə insanlar heyrətdən muğam ifaçılarını ayaq üstə dinləyirdilər.

- Bina tikiləndən sonra tərkibinizi genişləndirə bildinizmi? Çünki bir filarmoniyanın binası üçün bir ansambl heyəti yəqin ki, az idi.

- Əlbəttə, tək "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı ilə çıxışlar etmək az idi. Kamera orkestri, xalq çalğı alətləri orkestrinə ehtiyac vardı. Müəyyən müddətdən sonra bu ideyanı da gerçəyə çevirə bildik. Bizim ansambl iki orkestrlə baş-başa verib işini davam etdirdi. Artıq tədbirlərə, gələn qonaqlara uyğun olaraq hansısa bir heyətin çıxışını hazırlayırdıq.

- Bildiyimizə görə, Zeynəb Xanlarovanın da ansamblında çalışmısınız. Siz ansambl rəhbəri olmaqla yanaşı, həm də tar ifaçısısız. Bu nə vaxta təsadüf edir?

- 1982-ci ildə Zeynəb xanım məni öz ansamblına dəvət etdi. Ümumiyyətlə, Zeynəb xanım daha çox bizim ansamblla çıxışlar edərdi. Şövkət Ələkbərova, Rübabə Muradova, Zeynəb xanım özü bizim ansamblın kollektivini yüksək qiymətləndirirdilər. Zeynəb Xanlarovanın ansamblı ilə çalışan ərəfədə o məni konsertmeyster təyin etdi.

- Bəs ansamblın taleyini kimə tapşırdınız?

- Özüm idarə edirdim. Təsəvvür edin, bu gün Gəncədə çıxış edirdim, 3 saatdan sonra isə Bakıda idim. Hərdən qrafiklər toqquşurdu deyə, Gəncədəki proqramın vaxtını dəyişmək məcburiyyətində qalırdım. Çünki Zeynəb Xanlarova kimi nəhəng sənətkar üçün bunları etməyə dəyərdi. Bu kollektivlə birlikdə biz, demək olar ki, dünyanın bir çox ölkələrini gəzmiş, uğurlu konsert proqramları təşkil etmişik.

- Sizi Gəncədən Bakıya gətirən əsas səbəb nə oldu ki, "Göygöl" ansamblını tərk etdiniz?

- 1996-cı ildə övladlarım Bakıda ali məktəblərdə təhsil alırdılar. Onları başsız qoya bilməzdim. Bu səbəbdən də öz istəyimlə Gəncədən köçüb Bakıya gəldim.

- Ansamblı kimə etibar etdiniz?

         - O vaxt Gəncə Filarmoniyasının direktoru Şirin müəllim də işdən çıxdı,mən

də. Qeyd edim ki, mən son günə kimi ansamblda bədii rəhbər kimi çalışmışam. Daha sonra direktor vəzifəsinə başqa birini təyin etdilər. Amma mənim bədii rəhbər yerim hələ də boş qalırdı. O vaxt bədii rəhbərin nüfuzu və maaşı çox idi. Hətta direktordan da çox. Yaradıcı kollektivdə bədii rəhbərin sözü əsas idi. Ansambl Şahnaz Haşımovanın rəhbərliyi ilə fəaliyyətini davam etdirir. Onlar istəyirdilər həmin ab-havanı qorusunlar. Amma vəziyyət, maddi imkanlar və mühit dəyişdiyindən istəklərinin çoxu arzu olaraq qaldı. Eyni zamanda, cavanların zövqü dəyişdi. Fikirlərdə fərqlilik ortaya çıxdı. İndi bir çoxları, mənim yetirmələrim olan bu insanlar bacardıqları qədər ansamblı saxlayırlar, konsertlər verirlər. Bakıya səfərlər edirlər, buna da şükür.

- Zeynəb xanımın ansamblındakı fəaliyyətinizdən sonra burada başqa bir ansambl yaratmışdınız. Səhv etmiriksə, Dövlət Neft Şirkətinin nəzdindəki ansambl idi. Amma bu gün həmin heyətin səs-sorağı eşidilmir.

- Həmin "Neftçi" mahnı və rəqs ansamblını Gəncədən gələndən sonra yaratdım. Bakıda da sübut etdim ki, harada olmağımdan asılı olmayaraq, mən ansambl yarada bilərəm. Həmin ansamblda çalışan 85 nəfər hər ay ştat cədvəlinə uyğun olaraq maaş alırdılar. Lakin mən bu ansambldan çıxandan sonra dağıldı, saxlaya bilmədilər. Heyf o ansambldan. Orada Aygün Bayramova, Könül Xasıyeva, Aygün Bəylər, Firuz Səxavət, Cabir Abdullayev, Rövşən Behcət kimi gözəl səsə malik insanlar, istedadlı rəqs kollektivi cəm olunmuşdu.

Ansamblın fəaliyyəti dövründə Fərhad Vəliyevi Misirdən Bakıya gətirib, ansambla cəlb etdim. O vaxt o, Misirdə opera səhnəsində çalışırdı. Ona yaxşı şərait yaradıb, ansambla baletmeyster kimi işə götürdüm. Qısa zamanda bir-birinin ardınca maraqlı rəqs nömrələri hazır oldu. Yeni Azərbaycan Partiyasının 10 illik yubileyində təqdim olunan konsertdən sonra səhnə arxasına keçən mərhum prezident Heydər Əliyev təəccübünü gizlədə bilmədi. Dedi ki, belə maraqlı konsert proqramını son illərdə izləməmişdim. Onun bu sözündən sonra Zeynəb Xanlarova məni bədii rəhbər kimi ölkə başçısına təqdim etdi. Mən ansamblı Dövlət Neft Şirkətinin nəzdində yaratdığımı söylədim. Heydər Əliyev İlham Əliyevə tərəf boylanıb, ondan bu ansambl barədə xəbəri olub-olmadığını soruşanda, "bəli, xəbərim var" dedi. Cənab prezident o vaxt Neft Şirkətində vitse-prezident vəzifəsində çalışırdı. Bu qurumun dəstəyi sayəsində mən böyük bir studiya tikdirdim və ora çox qiymətli avadanlıq aldırdım. Sonrakı dönəmdə gördüm ki, artıq böyük kollektivlə işləməyə hövsələm çatmır. Bu səbəbdən də ərizəmi yazıb işdən çıxdım.

- Bəs tar sizi hövsələdən çıxarmayıb, onu da yerə qoymusunuz, yoxsa?

- Yox, tarım evdədi. İstədiyim vaxt sinəmə sıxıb dost-tanış üçün nələrsə ifa edirəm. Lakin böyük səhnə üçün artıq fikrim yoxdur. Başqa fikirlərim var. Bildiyiniz kimi, mən məşhur muğam ustadı Xan Şuşinskinin kürəkəniyəm. Ailədə istəyirik ki, Xan əminin adını daşıyan fond yaradaq. Ola bilsin fondla bərabər, kiçik heyətdən ibarət bir ansambl yaradaq. Fondun dəstəyi ilə müxtəlif festivallar, müsabiqələr keçirmək imkanı qazanarıq. Bu bizim muğam aləminə kiçik bir töhfəmiz ola bilər. Bu gün Heydər Əliyev Fondunun prezidenti, xanım Mehriban Əliyeva sənət adamlarına şərait yaradır. Biz də çalışıb peşə imkanlarımızı göstərməliyik. Bir vaxtlar Azərbaycanda 6-7 oxuyan var idi. Amma muğama, digər incəsənət növlərinə göstərilən qiymət nəticəsində meydana bir-birindən istedadlı ifaçılar çıxıb. Deməli, bunlar var idi, meydana çıxarmaq üçün şərait tələb olunurdu.

- Xan Şuşinski fondunu yaratmaq bir ideya olaraq qalır?

- Müəyyən işlər görülüb. Ədliyyə Nazirliyinə müraciət etmişik və fondla bağlı müəyyən sənədlər, demək olar, hazırdır. 2011-ci ildə Xan Şuşinskinin 110 illik yubileyi olacaq. Çalışırıq ki, fondun işlərini həmin tarixə kimi yoluna qoyaq.

 

 

Ayna.-2010.-6 mart.-S.18.