Orta əsrlərə aid qalıqlar aşkar edilib

 

İçərişəhərdə qazıntı işləri aparılacaq

 

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qoruq ərazisindəki binaların dam fasadlarının təmiri, yeraltı kommunikasiya xətlərinin tamamilə dəyişdirilməsi işləri həyata keçirilir. Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, aparılan işlər zamanı bir sıra maraqlı artefaktlar aşkar edilib. Belə ki, Qala divarlarının şimal-şərq hissəsindəki konservasiya olunmuş abidələrin yerləşdiyi ərazi abadlaşdırılarkən erkən orta əsrlərə aid tağlı tikilinin qalığı üzə çıxıb, həmçinin orta əsrlərə aid xeyli maddi-mədəniyyət nümunələri aşkar olunub. Arxeoloji material içərisində saxsı qab qırıntıları əczaxanada istifadə olunduğu güman edilən şüşə qablar çoxluq təşkil edir.

Xəbərdə bildirilir ki, "Tarix mədəniyyət abidələrinin qorunması haqqında" Qanuna müvafiq olaraq, tapıntılar aşkar olunduğu yerlərdə işlər dayandırılıb Milli Elmlər Akademiyasına məlumat verildikdən sonra bir qrup tanınmış arxeoloq tərəfindən əraziyə baxış keçirilib. Milli-mədəni irsin öyrənilməsi işində arxeoloji axtarışların əhəmiyyətini nəzərə alaraq, bu ərazidə MEA Arxeologiya Etnoqrafiya İnstitutu mütəxəssisləri ilə birgə arxeoloji qazıntı işlərinin aparılması nəzərdə tutulur. Aşkar edilmiş tapıntılar İçərişəhərin müvafiq muzey komplekslərində nümayiş üçün yerləşdiriləcək.

 

 

Xatun 

 

Ayna.-2010.-6 mart.-S.20.