İlhamə Quliyeva adına mədəniyyət mərkəzi

 

İstanbulda ayın sonunda belə bir mərkəzin açılışı olacaq

 

Son aylar ara-sıra xarici ölkələrə yollanan xalq artisti İlhamə Quliyeva bunun yaradıcılıq işləri ilə bağlı olduğunu deyir. Martın son günlərində isə İstanbula yollanacaq. Sənətçi özünün İstanbul səfərinin məqsədini "Ayna"ya bölüşdü.

"Həmin tarixdə İstanbulda bir mədəniyyət mərkəzinin açılışı olacaq. Mərkəz mənim adımı daşıyacaq. Yəni İlhamə Quliyeva adına Azərbaycan-Türkiyə Mədəniyyət Mərkəzi. Mərkəz dövlət qeydiyyatından keçib və fəaliyyətinin iki addımlığındadır".

Sənətçi qeyd etdi ki, onun adını daşıyan mərkəzin açılışında bir sıra tanınmış adamların iştirakı gözlənilir. Həmin törəni Türkiyənin bir çox telekanalları işıqlandıracaqlar. Dövlət telekanalı olan TRT isə tədbiri canlı yayımlayacaq. Eyni zamanda Azərbaycandakı telekanallardan birinin həmin tədbiri işıqlandırmasına şərait yaradılacaq

Mədəniyyət mərkəzinin konkret planları barədə danışan İlhamə xanım bunları qeyd etdi:

"Adından göründüyü kimi, mərkəzdə Azərbaycanın və Türkiyənin mədəniyyəti təbliğ ediləcək. Bizim sənətçilərin konsertləri, yazıçılarla görüşlər, rəssamların sərgilərinin təşkili nəzərdə tutulub. Türkiyə sənətçilərinin isə gecələri təşkil ediləcək. Açılışdan sonra mən Azərbaycandan bir nəfərin ora rəhbər kimi təyin olunması məsələsi ilə məşğul olacam".

İlhamə xanım vurğuladı ki, mədəniyyət mərkəzinin açılmasında Azərbaycan diasporu böyük dəstək göstərib.

 

 

Xatun 

 

Ayna.-2010.-13 mart.-S.21.