Ələsgər Ələkbərov - 100, Leyla Bədirbəyli - 90

 

Bu böyük sənət adamlarının yubileyləri qeyd olunacaq

 

Aprelin 2-də Azərbaycanın görkəmli kino və teatr aktyoru, SSRİ xalq artisti, dövlət mükafatı laureatı Ələsgər Ələkbərovun 100 illik yubileyi qeyd olunacaq. Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin məlumatına görə, tədbirdə aktyorun həyat və yaradıcılığına nəzər salınacaq, onun oynadığı filmlərdən fraqmentlər nümayiş olunacaq. Eləcə də aktyorun yaradıcılığına həsr olunmuş foto-sərginin nümayişi nəzərdə tutulur.

Ələsgər Ələkbərov "Vulkan üzərində ev", "Almaz", "İsmət", "Qara daşlar", "Yeni horizont", "Uzaq sahillərdə", "Ögey ana", "Böyük dayaq", "Leyli və Məcnun" və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

Aprelin 9-da isə Dövlət Film Fondunun təşkilatçılığı ilə Azərbaycanın görkəmli kino və teatr aktrisası, xalq artisti Leyla Bədirbəylinin 90 illik yubileyinə həsr olunmuş anım tədbirinin keçirilməsi planlaşdırılır. Muzey Mərkəzində baş tutacaq tədbirdə Leyla Bədirbəylinin filmlərindən maraqlı kadrlar nümayiş etdiriləcək.

Xatırladaq ki, aktrisa "Arşın mal alan", "Dəcəl dəstə", "Səbuhi", "Dəli Kür", "Kişi sözü", "Koroğlu", "Dərviş Parisi partladır", "Bizim küçə" və digər filmlərdə unudulmaz rollar canlandırıb.

 

 

Ayna.-2010.-13 mart.-S.18.