Regionlarda teatrların monitorinqi aparılıb

 

Qrup daha iki teatra baş çəkib

 

Regionlarda fəaliyyət göstərən teatrların monitorinqi aparılıb. Gəncə, Şəki, Qax və Mingəçevirdə fəaliyyət göstərən teatrları əhatə edən monitorinq Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi tərəfindən reallaşdırılıb. Monitorinq Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Regionlarda teatrların vəziyyətinin monitorinqi: problemlərin müəyyənləşdirilməsi və ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində baş tutub.

RİHMM-in sədri Xalid Kazımovun qəzetimizə bildirdiyinə görə, layihə çərçivəsində Gəncə, Şəki, Qax və Mingəçevirdə fəaliyyət göstərən teatrların vəziyyəti öyrənilib. Həmin teatrların yerləşdikləri binaların vəziyyəti, teatrlarda çalışan aktyor, rejissor və texniki işçilərin sosial durumu araşdırılıb. Teatr sahəsinin bütün janrları və peşə istiqamətlərinin mövcud vəziyyəti, kadr hazırlığı və ixtisasartırma sisteminin hazırkı vəziyyəti öyrənilib:

"Bununla yanaşı, teatr binalarının təmiri və maddi-texniki bazanın real vəziyyəti, teatr sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin hazırkı durumu araşdırılıb. Həmin teatrlarda çalışan aktyorlarla fərdi söhbət aparılıb. Həmçinin əhalinin teatrlara marağını, onların yerli teatrlara getmədiyinin səbəblərini öyrənmək üçün sorğu keçirilib. Hazırda həmin sorğunun nəticələri araşdırılır. Nəticələr tam hazır olduqdan sonra məsələ ictimai müzakirəyə çıxarılacaq".

Təşkilat rəhbərinin sözlərinə görə, layihə çərçivəsində 4 teatrda monitorinq aparılması nəzərdə tutulsa da, əlavə iki teatra da baş çəkiblər:

"Təşkilat əlavə olaraq Gəncə Dövlət Kukla Teatrında və Qax Dövlət Gürcü Dram Teatrında real vəziyyəti öyrənib. Əsas məqsəd regionlarda teatrların problemlərini aktuallaşdırmaq və ictimai maraqları gücləndirməklə teatr sənətinin inkişafına yardım etməkdir. Regionlarda teatrların vəziyyətinin monitorinqini aparmaqla teatr prosesində idarəetmənin optimallaşdırılması, bu sahədə islahatlar aparılmasına ictimai dəstək nəzərdə tutulub".

X.Kazımovun sözlərinə görə, ictimai müzakirələr Bakıda təşkil olunacaq. "Müzakirələrdə Mədəniyyət və Turizm Nazirliyi mütəxəssisləri, tanınmış aktyorlar, mədəniyyət xadimləri və ictimaiyyətin iştirakı nəzərdə tutulur. Monitorinq aparılan teatrların rəhbərləri də ictimai müzakirələrə dəvət ediləcək, - deyə Xalid Kazımov bildirdi.

Layihənin icrasına bu ilin yanvarından başlanılmışdı.

 

 

Zəminə 

 

Ayna.-2010.-13 mart.-S.19.