Yaşar Nuri: "Türk kinematoqrafçıları məni kinolarında görməkdən vaz keçdilər"

 

Aktyor deyir ki, hamı rol oynamaq istəyir

 

İncəsənət arenasında baş verən mübahisələrin bir hissəsi teatr adamlarının payına düşür desək, yanılmarıq. Bəsti Cəfərovanın Akademik Milli Dram Teatrında rəhbərliyin istedadlıların qarşısını kəsdiyi, onları qılıncladığı, Rüstəm İbrahimbəyovun insident nəticəsində Fuad Poladovu "İbRus" Teatrından uzaqlaşdırdığı s. xəbərlər teatrsevərlərin arasında söz-söhbətlər doğurub. Bütün bunlar haradan nədən qaynaqlanır? - sualı ilə teatr səhnəsində sözünü deyən xalq artisti Yaşar Nuriyə yanaşdıq:

- Əslində, Rüstəm İbrahimbəyov - Fuad Poladov münasibətləri barəsində ilk xəbəri sizdən eşidirəm. Əgər həqiqətən Fuad teatrdan uzaqlaşdırılıbsa, bu, Rüstəm İbrahimbəyovun öz işidir. Teatr onundur. Heç birimiz onun işinə qarışa bilmərik. Əgər dövlət teatrı olarsa, burada nəsə söz deyə bilərdim. Bəsti xanımın fikirlərinə isə ümumi rakursdan yanaşmaq istəyirəm. Əgər teatrda hər hansı problem varsa, onu şişirtmək lazım deyil. Onu öz aramızda da həll edə bilərik. Bu, ümumi teatrın deyil, Bəsti xanımın narazılığı idi. Mənə elə gəlir ki, deyilən hər iddialı sözün dəlili sübutu olmalıdır. Mənə elə gəlir ki, aktyorla direktor arasındakı incikliyə normal yanaşmaq lazımdır.

- Niyə mübahisələr məhz "yaşlı" sənətkarların arasında baş qaldırır? Bu hansısa bölgünün düzgün aparılmadığına işarədir, yoxsa, necə?

- Dünyada elə bir teatr yoxdur ki, orada anlaşılmazlıq, rəqabət insident olmasın. Teatr canlı orqanizmdir.Arabir Moskva qəzetlərini vərəqləyirəm, o qədər teatr mübahisələrinə rast gəlirəm ki... Mənə elə gəlir, bizdəki mübahisələr bir o qədər deyil, sadəcə, mətbuat bunu şişirdir. Hətta xırda problemlər "soyuq müharibə" səviyyəsinə çatdırılır. Əslində, Azərbaycanda teatr ənənəsi qoyulandan ta üzü bəri mübahisələr baş verib. Elə bilirsiniz, mənim başıma az işlər gəlib? Mən bilirəm ki, teatrda işləyirəm. Harada oluramsa olum, hər yerdə hər birimizi haqsızlıq gözləyə bilər. Çalışdığım Milli Dram Teatrının hazırkı durumunda ciddi problem görmürəm. Onu bilirəm ki, hamı rol oynamaq istəyir. Əgər kimsə işə götürülür, yaxud kimsə işdən götürülürsə, bu aktyor heyətinin deyil, rəhbərliyin, yuxarı təşkilatların qərarıdır. Mənə elə gəlir ki, bina problemi həllini tapandan sonra xırda məsələlər yoluna qoyulacaq.

- Siz mübahisə yaranan məqamda hansı addımı atırsınız?

- Demirəm ki, mətbuata əsla danışmaram. Amma məsələni şişirdilmiş, pafoslu sözlərlə ifadə etmərəm. Yəqin ki, çıxışımdan rəhbərlik, rejissor hansısa bir nəticəni çıxarar. Bəzən kənar tərəfin müdaxiləsi söhbəti şişirtməsi problemi əndazəsindən çıxarır. Belə hallara yol verməmək lazımdır. Amma kimsə kimisə arxadan vurur, haqsızlıq edirsə, bu doğrudan da ciddi problemdir müzakirəyə çıxarmağa lüzum var.

- Mübahisə yaranan zamanlarda, teatrdan getmək barədə düşündüyünüz olubmu?

- Heç vaxt. Teatr əhval-ruhiyyəsi məndə ölsə, düşünmədən sənətdən gedərəm. Bu sənətə həvəssiz, barmaqarası yanaşma uçuruma atılmaq kimi bir şeydir. Ağır əməliyyatdan qayıdandan sonra bir qədər düşündüm. Gördüm, yox, teatrsız bir yerdə qərar tuta bilmərəm. Belə olmasaydı, başqa işin qulpundan yapışardım.

- Belə nəticə çıxarmaq olur ki, teatrda yalnız şişirdilmiş problemlər var. Bunu da sakitliklə yoluna qoymaq lazımdır?

- Mənə elə gəlir ki, ən böyük şikayətlər rol bölgüsü üçün yaranır. Başqa söhbətlər olursa da, mən o işlərə yaxın durmuram adımın xoşagəlməz məsələlərdə hallanmasını istəmirəm. Buna mənim həvəsim, vaxtım var.

- 35 illik teatr təcrübəsi olan Yaşar Nurinin bu gün rol bölgüsü problemi varmı?

- Mənə dramaturq İlyas Əfəndiyevin "Bizim qəribə taleyimiz", yaxud da, "Büllur saray" tamaşasında vaxtilə oynadığım rolları versələr, bilərəm ki, məni ələ salırlar. Çünki mən yaşıma görə rol oynamalıyam. Bu da rejissorun görməyindən asılıdır.Rejissor sözün gerçək mənasında rejissordursa, heç bir qohumbazlıq, dostbazlıq seçimi üzərində qalmamalıdır. Bir məsələ var ki, bəzən aktyor heyəti, məsələn, Yaşar Nuriyə verilən Hamlet roluna görə narazıdır. Amma rejissor sübut etməyə çalışır ki, Yaşar həqiqətən Hamlet rolunu yarada biləcək. Bəzən , yeri səhv düşən rol bölgüləri rejissorun da, aktyorun da evini yıxır. Eldar Quliyev " gözəldir bu dünya" filmində rol verəndə aləm bir-birinə dəymişdi. Amma Eldar sübut etdi ki, Yaşar bu rolu oynayacaq. Oynadı da.

- Telman Adıgözəlovun fikrincə, "biz aktyorlar öz gölümüzdə üzən, başqa okeanları görməyən ördəklər kimiyik". Bu deyimlə razılaşırsınız?

- Mən heç kim üçün dəryada üzən ördəyəm, qazam. Məsəlçün, beş ay öncə türk kinematoqrafçıları məni bir filmə çəkmək istəyirdi. Lakin sonradan vaz keçdilər. Ona görə ki, mən onlar üçün bir qədər çox xərc aparan aktyor idim. Yəqin, düşündülər ki, öz aktyorları əllərinin altındadır, istədiyi vaxt axtarıb, tapacaqlar. Mən isə onlar üçün uzaqdayam əlavə xərcəm. Telman Adıgözəlovun fikirləri ilə razılaşmıram. Çünki vaxtilə Hüseynağa Sadıqov, Tariyel Qasımov, Rasim Balayev, Həsən Məmmədov xarici filmlərdə rol alıb. İndi çəkilənlər var. Sadəcə, bizimkilərə yol açmaq lazımdır.

 

 

Z.Rüstəm

 

Ayna.-2010.-20 mart.-S.20.