Generalın siması kətan üzərinə köçdü

 

Rəssam Sakit Məmmədov Əli ağa Şıxlinskinin mükəmməl bir portretini işləyib

 

Artilleriya generalı Əli ağa Şıxlinski portretə köçdü. Port-Artur qəhrəmanı, rus ordusunda "artilleriyanın allahı" kimi şöhrətlənmiş, Birinci Cahan hərbində Sankt-Peterburq hərbi dairəsinin artilleriya rəisi ordu komandanı olmuş, taleyüklü 1918-ci ildə Azərbaycan milli silahlı qüvvələrinin yaradılması işinin təməl daşını qoyan bu şərəfli müdafiə işini bacarıqla təşkil edən əfsanəvi generalın mərdanə siması ilk dəfədir rəssam fırçası ilə canlandırılır. Əməkdar rəssam Sakit Məmmədov bir neçə ay üzərində işlədiyi bu işə nəhayət yekun vurmuş sənət sərraflarının mühakiməsinə təqdim etmişdir.

Portret 1,6 x 1,3 metr ölçüdə yağlı boya ilə kətan üzərində işlənmişdir. Söyləmək olar ki, tarixilik elementləri çox ciddi şəkildə gözlənilməklə, ifadəli bir portret alınmışdır. General ayaqüstə təsvir edilmişdir. Bu işin ideyasını Moskvada yaşayan adamı, mesenat Elçin Muradov vermiş sənət əsərini öz yaxın dostu, Rusiyada yaşayan, Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Şahin Şıxlinskiyə hədiyyə etmişdir. Dövlət Tarix Muzeyində nümayiş etdirilməyə layiq olan bu misilsiz sənət əsəri hazırda Bakıda Şahin Şıxlinskinin şəxsi kolleksiyasında saxlanılır.

- Bundan əvvəl də bir neçə tarixi şəxsiyyətin portretini işləmək nəsib olmuşdur. Lakin general Əli ağa Şıxlinskinin portretini işləmək xeyli çətinlik törətdi. Belə ki, generalın fotolarının hamısı ağ-qaradır. O çağın hərbi geyiminin, orden medalların rəng çalarlarını bir-bir müəyyənləşdirmək lazım gəlmişdir, - deyə əməkdar rəssam Sakit Məmmədov bizimlə söhbətində bildirdi.

Portret janrı Sakit Məmmədovun yaradıcılığında ayrıca bir istiqamətdir. Bundan öncə Dədə Qorqud, Şah İsmayıl, Atatürk, Heydər Əliyev, Rauf Denktaş kimi tarixi şəxsiyyətlərimizin, II İoann Pavelin portretlərini işləmiş bu əsərlər sənətsevərlər, o cümdlədən xarici sənətşünaslar tərəfindən yüksək qiymət almışdır. Daha çox isə bədii süjetlər çəkir bunların hamısı bir-birindən ifadəlidir.

Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Sankt-Peterburqda Repin adına Rəssamlıq Akademiyasını bitirən Sakit Məmmədov Azərbaycanda və xaricdə yaxşı tanınan və qiymətləndirilən rəssamdır.

Onun sənəti barədə fikir belədir ki, rəssamlıq məktəblərinin Sakit Məmmədovun bədii yaradıcılığına təsiri güclüdür və özü Rembrandt heyranıdır. Lakin bununla belə, hər əsərində öz dünyabaxışını təqdim etməyi bacarır. Onu "rənglər ustası" adlandıranlar müəyyən mənada haqlıdırlar. Rəssamın yaradıcılığını gözdən keçirdikdə görürük ki, onun rənglər dünyasında qırmızı - rəssamlıqda çətin rənglərdən biri üstünlük təşkil edir. Onun elə bir əsəri gözə dəymir ki, orada qırmızının çalarları özünü qabarıq şəkildə göstərməsin. Lakin bu qırmızı yorucu deyil, onda bizim torpağın insanlarımızın təbiətində olan hərarət, istilik, doğmalıq var. Əli ağa da ətəyi yığılmış tünd qırmızı pərdənin fonunda, dirsəyini kürsüyə dayamış bir halda təsvir olunub. Ağıllı gözlərini seyrçiyə zilləyib, simasından bir nəcabət, mərdanəlik, saflıq hərbçiyə xas dilsiz bir qətiyyət oxunur.

 

 

İ.Umudlu 

 

Ayna.-2010.-20 mart.-S.18.