Bağanıs Ayrım soyqırımı barədə kitab

 

Qənirə Paşayeva və Akif Aşırlının ssenarisi üzrə bu barədə film də çəkilir

 

 

Millət vəkili Qənirə Paşayeva və "Şərq" qəzetinin baş redaktoru, tədqiqatçı jurnalist Akif Aşırlı həmmüəllif olaraq "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" adlı kitabı çapa hazırlayıblar. Kitab yaxın günlərdə işıq üzü görəcək.

Həmmüəlliflər burada erməni silahlı birləşmələrinin sovet ordu bölmələrinin köməyi ilə 1990-cı il martın 24-də Qazax rayonunun Bağanıs Ayrım kəndində törətdikləri müdhiş hadisələrin üzərinə qayıdıblar. Həmmüəlliflər Bağanıs Ayrım hadisələrinin soyqırım mahiyyəti daşıdığını göstərmişlər.

...Bildiyimiz kimi, 1990-cı il mart ayının 24-də erməni silahlıları rus hərbçilərinə məxsus hərbi texnikadan, müasir silahlardan istifadə edərək kiçik bir dağ kəndi olan Bağanıs Ayrıma hücum etmiş, dinc mülki əhali insanlığa sığmayan işgəncələrlə qətlə yetirilmiş, bəziləri diri-diri ocağa qalanmışdır. Kənddə həmin gün 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə quldurcasına qarət edilmişdir. Faciə zamanı Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılmışdır. Alməmməd Məhərrəmov həyətindəki ot tayasına atılaraq diri-diri ocağa qalanıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib. Daha 2 nəfər odlu silahla yaralanıb. Qətlə yetirilən insanların böyüyü 75 yaşında Dədəş Əsliyev, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub. Bağanıs Ayrım kəndi 1990-cı il avqust ayının 20-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilmiş və tamamilə yandırılmışdır və hələ də həmin vəziyyətdə qalır.

"Ermənilərin törətdiyi soyqırım qurbanı - Bağanıs Ayrım" kitabında burada törədilmiş soyqırım mahiyyətli faktlar oxuculara çatdırılır. Kitabın baş məsləhətçisi Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevdir. İngilis və rus dillərində nəşri planlaşdırılan kitabın təqdimatı martın 24-də Atatürk Mərkəzində keçiriləcək.

Qeyd edək ki, həm Qənirə Paşayeva, həm də Akif Aşırlı tarixi mövzularda bir sıra dəyərli kitabların müəllifləri kimi tanınırlar. Hər iki müəllif hadisələrə qeyri-standart, orijinal baxışları ilə seçilirlər. "Qırmızı imperiya"nın parçalandığı bir əsnada erməni silahlı birləşmələrinin burada yerləşən sovet-rus hərbçilərinin yardımı ilə eynilə Xocalı üslubunda törətdikləri Bağanıs Ayrım soyqırımı onların vicdanında silinməz bir ləkə olaraq qalacaqdır. Bağanıs Ayrım soyqırımı haqqında həmmüəlliflərin ssenarisi əsasında sənədli filmin çəkilişlərinə də başlanılıb.

 

 

İsmayıl 

 

Ayna.-2010.-20 mart.-S.18.