Mənsum İbrahimov: "Mən nə həyatda, nə də səhnədə
aktyorluq edirəm"
Yalnız həqiqəti söyləməyə
çalışır
O gün - 2008-ci il
yanvarın 25-də - Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrında "Leyli və Məcnun" operasının
yüzüncü tamaşası oynanılmışdı. Üzeyir
Hacıbəylinin bu möhtəşəm əsərini
dünyanın hər bir yerindən olan, dilimizi bilməyən
seyrçilər ayaq üstə alqışlayırdılar. Səhnəmiz
çox Leyli və Məcnunlar görüb, amma
yüzüncü tamaşada Məcnunu oynamaq həmsöhbətimə
qismət olmuşdu. Onu "iki əsrin Məcnunu",
"yeddi Leylinin Məcnunu" da adlandırırlar.
Müsahibim Xalq artisti, Dövlət
mükafatçısı, Opera və Balet Teatrının
solisti, məşhur xanəndə Mənsum İbrahimovdur.
Mənsum İsrafil
oğlu İbrahimov 1960-cı ildə Ağdam rayonunda
doğulub. 1982-1987-ci illəldə Asəf Zeynallı adına
Bakı Musiqi Texnikumunun muğam şöbəsində,
1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin "Mədəni
Maarif" fakültəsində təhsil almışdır. 1985-ci
ildə Ü.Hacıbəylinin anadan olmasının 100 illiyinə
həsr olunmuş müsabiqədə birinci dərəcəli
diploma layiq görülən M. İbrahimov mərhum sənətkarımız
Ş.Ələkbərovanın məsləhəti ilə Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrına dəvət
olunub. 1993-cü ildən "Leyli və Məcnun"
operasında Məcnunu ifa edir.
"Aşıq Qərib"də
Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də
Azançı istedadlı muğam ustasının
böyük peşəkarlıqla yaratdığı obrazlar
sayılır. Azərbaycan muğam sənətini
dünyanın yaxın və uzaq ölkələrində
layiqincə təmsil edir.
- Ağdamı necə xatırlayırsınız?
- Mən 21 yaşıma
qədər Ağdamda yaşamışam. Bu torpaq mənim
üçün hər şeydir. Sanki səsimi Tanrı mənə
bu torpaqda doğulduğuma görə verib. Bilirsiz ki, bizim
bölgədə hamının gözəl səsi olub. Gözümü
açandan sənətkarların içində
böyümüşəm, onların gözəl
ifasını dinləmişəm. Yaşadığım kəndimiz
çox mənzərəli olub.Yaradıcı insanın
formalaşmasında gözəl təbiətin böyük
rolu var. Ağdama Qarabağın toy otağı deyirlər.
Ağdam Qarabağın gözüdür. Xatirələr
çoxdur, danışıram, həm də pis oluram,
çünki doğma Qarabağımız düşmən
tapdağı altındadır. Mən inanıram ki, biz
torpağımıza qayıdacağıq.
- İnşallah, qayıdan kimi doğma torpaqda nəyi
ifa etməyi arzulayırsınız?
- Bunu heç
düşünməmişəm. Təki Ulu Tanrı bu
günü bizə nəsib etsin, içimdən nə gəlsə,
onu oxuyaram. Məncə, içimdəki o harayı ilk öncə
"Qarabağ şikəstəsi" ilə çıxarda
bilərəm.
- Ailənizdə sənətinizin
davamçıları varmı?
- Adi bir Azərbaycan ailəsiyik.
Həyat yoldaşım coğrafiya müəlliməsidir.
Dörd övladım var, onların arasında sənətimi
davam etdirən yoxdur. İki övladım Bakı Dövlət
Universitetində tələbədir. Onları bir o qədər
həvəsləndirmədim, heç özlərinin də həvəsi
olmayıb. Təbii ki, hansısa övladımda fitri bir istedad
duysaydım, ona mane olmazdım, əksinə, kömək edərdim.
Övladlarım elm ardınca getdilər. Amma dörd
yaşlı oğlum hələ çox kiçik olduğu
üçün heç nə deyə bilmərəm, zaman
göstərər. Sadəcə, mən onun əleyhinəyəm
ki, "xanəndənin övladı gərək xanəndə
olmalıdır", yaxud "həkimin övladı həkim
olmalıdır".
- Mənsum müəllim bu sənətə gəldiyinə
görə kimə borcludur?
- Tanrıya və sonra
valideynlərimə. Mənə dəstək oldular, oxutdular. Onlar
görürdülər ki, muğam ciddi sənətdir və
mən də bu sənətə ciddi yanaşıram. Daha sonra
mənə zəhmət çəkən müəllimlərimə
borcluyam. Mərhum muğam müəllimim Vahid Abdullayev
çox tez dünyasını dəyişdi. Mənə
muğamın sirlərini öyrətdi. Gözəl xanəndəmiz
Arif Babayevi hər zaman özümə mənəvi ustad hesab
etmişəm.
- Bəs, Şövkət Ələkbərovanı
necə xatırlayırsınız?
- 1985-ci ildə dahi
Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibəti ilə
müsabiqə idi. Onda üçüncü kurs tələbəsi
idim, müsabiqədə iştirak etdim və qalib oldum. Gözəl
və təmənnasız insan olan Şövkət xanım
münsiflər heyətində idi. Tanış olduq. Həmin
il Şövkət xanım mənə Opera və Balet
Teatrında işləməyi təklif etdi. Hətta
teatrın rəhbərliyi ilə danışdı, ordakı
müsabiqəyə mənimlə birlikdə getdi. Bədii
Şura yığılmışdı: rejissorlar, dirijorlar,
xalq artistləri. Onlar məni dinləyəndən sonra elə
həmin günü teatra işə götürdülər.
- Deyirsiz Məcnun qiyafəsinə düşməkdən
ötrü səkkiz il çalışmalı oldunuz, əvvəl
kiçik rollardan başlamısız. Teatrlarda isə baş
rollar üstündə rəqabət gedir...
- Mənim ilk
oynadığım rol "Leyli və Məcnun"da Zeyd olub.
Mənim bu operada Məcnun kimi uğur qazanmağımda bu
kiçik rolların böyük rolu oldu. Operaya xanəndə
kimi gəlmişəm, aktyor kimi gəlməmişdim. İllər
ötdükcə təcrübə yığırdım. Yavaş-yavaş
səhnədə yeriməyi, obraza girməyi öyrənirdim.
Və nəhayət 1993-cü ildə teatrın rəhbərliyi
mənə Məcnun rolunu etibar etdi. Hardasa yarım ildən
çox bu rol üzərində işlədim. Hazırda Opera
və Balet Teatrının baş rejissoru vəzifəsində
çalışan Hafiz Quliyev o zamanlar bir rejissor kimi mənə
çox kömək etdi. Vokal üzrə isə müəllimim
Xalq artisti Canəli Əkbərov idi. Bilirsiz, azca da olsa, mənə
zəhməti keçən insanları unutmamağa
çalışıram. Unudan insan unudular.
- Siz yeddi Leyli ilə tərəf-müqabil olmusunuz.
Bu yeddi Leylinin hansı ilə işləmək bir Məcnuna daha rahat idi?
- Onların
yeddisi də xalq tərəfindən qəbul olunmuş, fəxri ada layiq görülmüş
sənət adamlarıdır.Hər
birinin öz dəst-xətti var, hər gülün öz ətri olduğu kimi. Amma tamaşalarımın
80 faizini mən Nəzakət Teymurova ilə oxumuşam, dəfələrlə qastrollara
çıxmışıq. O, 1996-cı ildə teatra gəlib, ilk Məcnunu da mən olmuşam.
Onun çox gözəl yanıqlı
səsi var, obrazı ürəkdən
yaşayır, səhnədə
tərəf-müqabilinə qarşı çox diqqətli olur. Heç kəs düşünməsin ki,
Leyli və Məcnunun qiyafələrini
geyinib, ssenarini əzbərləyib səhnəyə
çıxmaqla Leyli və Məcnun olursan. İndiki tamaşaçı iyirmi il öncəki tamaşaçı deyil,
o daha tələbkardır,
o daha da təbiiliyi arzulayır. Əsas meyar da təbiilikdir. Çox sevinirəm ki, son illərdə gənclərimizin muğama
həvəsi və marağı artıb. Hətta neçə aylardır "Leyli və Məcnun" tamaşasına bilet tapılmır.
- Oynadığınız hansı tamaşanı heç unuda bilmirsiz?
- Elə
tamaşalar olub. Hər tamaşadan sonra səhnə arxasında tanıdığım
və tanımadığım
insanların izdihamı
ilə rastlaşıram.
O insanların gözlərindəki
sevgini, sevinci unuda bilmirəm.
Biz "Leyli
və Məcnun"u Parisdə, YUNESKO-nun öz
qərargahında, öz
səhnəsində oynamışdıq.
Və tamaşanın
sonunda bütün parisli tamaşaçılarımız
ayağa qalxdı. Fransa Avropanın mədəniyyət mərkəzlərindən
biri sayılır. Dilimizi bilməyən fransızlar Üzeyir Hacıbəylinin yaratdığı
bu əsər üçün zaldan
"fantastik musiqi"
sözlərini qışqırırdılar.
Məhz bu tamaşanı, fransızları
ayağa qaldırmağımızı
heç vaxt yaddan çıxarmaram.
Bir var ki insan nəyinsə
naminə bu sənətə gəlir,
bir də var ki insan
özünü bu sənətin fədaisi seçir, bu sənətə görə
özünü fəda
edir, heç nəyi düşünmür.
Yorğun olanda, xəstə olanda yalnız sənətimi düşünmüşəm. Onda sənət özü insanı zirvələrə qaldırır.
Əməkdar artist də
olmuşam, bu gün Xalq artistiyəm,
amma hərdən bunu unuduram, mənə Xalq artisti deyəndə, soruşmuşam: "Mən
Xalq artistiyəm?"
Düzdür, çox
sevinmişəm, amma bu adlar üçün
çalışmamışam.
- Özünüzü hansı muğamda daha rahat hiss edirsiniz, hansı muğam sizə daha əzizdir?
- Bütün
muğamlar mənə
əzizdir. Amma aralarında xalqımız
tərəfindən daha
çox dinlənilən,
arzulanan muğamlar
var. Bunlar "Segah"dır,
"Şahnaz"dır, "Rast"dır. Daha çox "Segah"dır,
çünki bizim Ana
laylamız da Segah üzərində qurulub.
- İdeal hesab etdiyiniz xanəndə kimdir?
- Daha çox qədimi xanəndələrimizə qulaq
asmağı sevirəm;
Xan Şuşinskiyə,
Zülfü Adıgözəlova,
Şövkət Ələkbərovaya,
Yaqub Məmmədova. Hazırda mənəvi ustadım Arif Babayevi dinləməyi çox sevirəm. Onun səsində şirinlik var, onun böyük ifa mədəniyyətinə
heyranam.
- L.Tolstoyun sözüdür:
"İnsan yaxşılığı
ilk dəfə gücnən
edir, amma bu yaxşı əməlləri təkrar
edəndə onlar vərdişə çevrilir".
Mənsum müəllim
kimlərə yaxşılıq
edib və yaxşılığa yamanlıqla
cavab verən olubmu?
- Gözümü
açıb atamı
elə yaxşılıq
edən görmüşəm,
bu tərbiyəni almışam. Yaxşılıq
etmək müsbət
cəhətdir, amma mən bunu qəhrəmanlıq
hesab etmirəm.Mən
paxıllıq nədir
bilməmişəm, indi
də bu hiss mənə yaddır. Heç zaman yaxşılığın əvəzinə
yaxşılıq gözləməmişəm,
yaxşılığı təmənnasız etmişəm.
Mənim haqqımda bəzən deyirlər ki, o ona daş
atana da gül atır. Sülhsevərəm, kinsizəm.
Amma yaxşılığıma
yamanlıqla cavab verənlər də olub. Səhnəmizdə yarımçıq ifaçılar
var, istedadların yolunu kəsənlər də yox deyil.
- "Sağlam bədən
- bu əladır, sağlam ruh - ondan da yaxşıdır.
Amma insan üçün, millət
üçün bunlardan
da önəmli olan xasiyyətdir, o xasiyyət ki qadını qadın, kişinin isə kişi edir". Mənsum müəllimin xasiyyəti necədir?
- Mülayim.
Bilirsiz səbir etmək bizə peyğəmbərimizdən gəlib,
nə qədər səbirli olsam da, yenə də
Allahdan səbir diləyirəm. Bir çətinliklə rastlaşanda,
yenə səbir edirəm. Hər halda, məndən heç kəsə ziyan deyməyib.
- Bü gün ətrafınızdaki dostlarınızı
və uğurlarınızı
ağlınızla, yoxsa
ürəyinizlə qazanmısınız?
- Həyat
tərzimlə. Çalışıram
insanlara qarşı diqqətli olum. Belə deyim var: "Dost yolda tanınar". Bir də görürsüz hamı gülə-gülə
çıxır səfərə,
qayıdanda isə küsülü qayıdırlar.
Dostluqda hansısa marağı güdməməlisən.
O yerdə ki, maddi maraq var,
dostluq ola bilməz. Səmimiliyi sevən insanam. Bəzən insanlar həyatda aktyorluq edir, mən nə həyatda, nə də səhnədə aktyorluq edirəm. Səhnədə
obraza girib, o obrazı yaşayıram. Dönə-dönə atama
təşəkkürümü bildirirəm ki, mənə belə tərbiyə verib.
- Mənsum müəllim
həqiqəti söyləməyi
bacarırmı?
- Muğam
müsabiqəsinin münsiflər
heyətində idim. Hər iştirakçıya
həqiqəti söyləyirdim.
Həyatda da həmçinin. Sadəcə,
həqiqəti söyləməyin
bir qaydası olmalıdır ki, insanın xətrinə dəyməyəsən. Mən
heç zaman istər uşağa, istərsə yaşıdıma
haqsız söz demərəm.
Sevinc İsmayıl
Ayna.-2010.-1 may.-S.19.