Faiq Ağayev
- Karl Marks,
Aygün Kazımova - Fridrix
Engels...
Ona görə
ki, "şou-biznesin
yazılmayan qanunlarını
tərtib ediblər"
Xalq artisti Faiq Ağayevin konsert fasiləsi çox uzun sürdü. Bu arada bir neçə dəfə vəd versə də, gerçək olmadı.
Bu günlərdə isə
öyrəndik ki, yeni konsert layihəsi
mayda həllini tapacaq - Heydər Əliyev Sarayında 4 günlük konsert proqramı ilə çıxış etməyə
hazırlaşır. Sənətçi
boş dayanmadığını,
çalışdığını deyir:
- Efirlərdə
varam, şou-proqramlarda
iştirak edirəm. Yəni böyük boşluq yaratmadım.
2009-cu ildə nəzərdə
tutulan solo konsertim maliyyə böhranı üzündən alınmadı.
Mən isə tamaşaçılarıma alışdıqları
ənənəvi "100% F.A." keyfiyyətində bir layihə təqdim etmək istəyirəm. Tez-tez rastlaşdığımız
orta səviyyəli konsertlərdən lap 30 günlüsünü
keçirə bilərdim.
Mən olay yaradacaq konsert verirəm. Məsələn,
sonuncu konsertimin dekorasiyasının qiyməti
Bakıda yeni binalarda iki otaqlı
mənzilin qiymətinə
bərabər idi. Özü də səhnə dekorundan ikinci dəfə bəhrələnmək olmur.
Konsert bitdi - atılır. Digər xərcləri hələ
sadalamıram.
- Bəlkə
iş tempinin düşməsinə estradada
ənənələrin dəyişməsi
təsir edir? 1988-ci ildə "Bakı payızı"nın yetişdirdiyi
Faiq Ağayev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Samir Bağırov o vaxtlar müasir estradanın təməlini
qoydular. Sizin formalaşdırdığınız ənənələrdən bu
günə bir nişan qalıb, yoxsa gənclər meydana yeni atmosfer
gətirib?
- O vaxt
biz milli estradamızda
inqilab etdik.Bir müddət sonra Azərbaycanda şou-biznes
yarandı. Bu inqilabın
Karl Marksı oldu Faiq Ağayev, Fridrix Engelsi - Aygün Kazımova (gülür). Biz şou-biznesin
yazılmamış qanunlarını
tərtib etdik. Bizdən öncə də estrada sahəsində müəyyən
qaydalar mövcud idi. Sadəcə, bunu zəmanəyə uyğunlaşdırdıq. Ölkələrin
konstitusiyaları zaman-zaman
dəyişirsə, belə
qanunların da redaktə olunması normaldır. Odur ki, bizdən öncəki nəslin ən qüvvətli sənətkarları yeni yaranmış qaydalarla fəaliyyətini uğurla
davam etdirdiyi kimi, biz də yeni nəslin yürütmək istədiyi
ab-havaya hazırlıqlıyıq.
- O vaxt sırf beyninizin məhsulunu ortaya qoydunuz. İndiki gənclər isə Avropadan bəhrələnir...
- Bu gün
40 yaşına yaxınlaşan
insanların o vaxt xarici telekanalları izləmək imkanı yox idi. İndi
isə informasiya mənbəyi çoxdur. Lakin biz görmədən,
təqlid etmədən
fəaliyyət qaydalarımızı
yaratdıq. İndikilər
həm təqlid edir, həm yararlanır, həm də yeni nə
isə icad etməyə cəhd göstərirlər. Eyni zamanda, publikanı da nəzərə almaq vacibdir. Çünki 88-ci ilin tamaşaçısı ilə
indiki tamaşaçı
arasında çox böyük fərq var. Sovet dönəmində formalaşmış tamaşaçı
daha seçkin, tələbkar, sözün
yaxşı mənasında
"vasvası" idi.
Xüsusən də paytaxt tamaşaçısı.
SSRİ-nin nəhəngləri
Kobzon, Puqaçova, Vaykule söyləyirlər
ki, turne üçün konsert proqramı hazırlayanda,
ilk öncə onu Bakıya gətirirdilər.
Bakıda kəm-kəsirləri
müəyyən olunurdu.
İndi nə var - tamaşaçıya
da onu, üzr
istəyirəm ifadəmə
görə, yedizdirirlər.
Musiqi SMS-ləşəndə,
sənət ikinci plana keçir. Qələbəyə sənət
yox, SMS səbəb olur. Bizim vaxtımızda
sarayın səhnəsinə
çıxmaq üçün
mütləq hansısa
respublika müsabiqəsinin
qalibi olmaq lazım idi. İndi ənənələr
dəyişib. Radio və
ya telekanala çıxmaq üçün,
sadəcə, vəsait
lazımdır. Bir neçə mahnı, klipin yayımından sonra populyarlaşırsansa,
səni böyük konsertlərə dəvət
edirlər. Ümidvaram
ki, şou-biznes haqqında qanun qəbul edilib, əməli işləməyə
başlayandan sonra sənətdə müəyyən
"rəndələnmə" prosesi gedəcək.
- Hansı tələblərin
"qanunlaşdırılmasının" tərəfdarısınız?
- Müğənnilərin Mədəniyyət
Nazirliyi tərəfindən verilən lisenziya ilə
çalışmasının tərəfdarıyam. Lisenziyanı
qazanmaq üçün hər müğənni peşə
imtahanı verməlidir. Onda bilinəcək ki, konsert
meydançasında, televiziyada kimin çıxış etməyə
haqqı var. Kimi isə yalnız gecə saat 1-dən sonra
göstərmək olar. Kim yalnız toylarda, şou-proqramlarda
oxuya bilər. Fikir haçalığı yaratmayan bir sistemə
ehtiyac var. Çünki indi çoxunun yeri çaş
düşüb.
- Sizin yaratdığınız
fasilədə yerinizi
tutan oldu? Özünüz deyirsiniz ki, sənətdə yerlər çaş düşüb.
- Faiq Ağayev kimin yerini tutub ki, onun
da yerini kimsə tutsun? Bu, ictimai rəyin ziyanıma
formalaşması üçün
düşünülmüş, nüfuzumun kölgələməyinə
yönələn uğursuz bir cəhd, əsassız, süni
bir fikir idi - "Faiqin qatarı gedib və s.". Açıq
meydandı, iddialılar müqayisəni etməzdən əvvəl
ən azından mənim sənətdə etdiklərimi təkrarlamalıdır.
Azərbaycanın ilk müğənnisiyəm ki, 5 beynəlxalq
müsabiqədən qalibiyyətlə qayıtmışam.
Özü də bu SMS və ya pulla həll olunmayıb. Çağdaş
estradamızda yeganə artistəm ki, 17 il sərasər
anşlaqla solo konsertlər keçirirəm.Ən gənc əməkdar
və xalq artistiyəm. Bu günə kimi üstələnməyən
5 günlük konsert rekorduna imza atmışam. Qafqazda ilk 3D
qrafikalı animasiya klipi mənə məxsusdur və s. Ona
görə də heç kəs deməsin ki, Faiq Ağayevin
yerini tutub.
Belə bir məşhur
deyim var, "Kral öldü, yeni krala eşq olsun!". Təvazödən
uzaq səsləndiyi üçün bağışlayın,
amma kimdi yeni kral? Varmı? Şəxsən mən görə
bilmirəm. Kim görür - desin. Bar verməyən ağaca
daş atmırlar. Bir insana o zaman hücumlar olur ki, o digərlərindən
fərqlənir. Həsəd aparmaq ayrı şeydir,
paxıllıq ayrı. Şəxsən mən korifeylərimizə
həsəd aparmışam.
- Bəs sizə yönəlmiş hiylələrə
hiylə ilə cavab vermisiniz?
- Heç vaxt. Amma mənə
çox hiylə işlədiblər. Neyləyim? Mənim də
naxışım budur (gülür). Adım-sanım, hörmətim,
ruzi-bərəkətim, nüfuzum var ki, kimsə özünə
reklam qazanmaq üçün məndən istifadə edir. Ola
bilsin ki, kimsə mənimlə eyni gücə malikdir və mən
hansısa məqamlarda ona maneçilik törədirəm. Mənim
silahım hiylə yox, ağlım, zəkam və məntiqdir.
Bədxahlarımın istifadə etdiyi üsullardan əsla bəhrələnməmişəm.
Hər gecə Allahdan ağlımı başımdan
almamasını diləyirəm.
- Flora Kərimova və İlhamə Quliyevanın
"soyuq savaşı", Faiq Ağayev və Zülfiyyə
Xanbabayeva, Brilyant Dadaşova münasibətləri gənc sənətçi
nəsildə bir-birinə aqressivlik aşılaya bilir. Faiq
Ağayev nə vaxtsa jest edib, küsülülərin
siyahısında sonuncuların adlarını çıxara
bilərmi?
- Bir qədər
lovğalıq etmək istəyirəm (gülümsüyir). 1996-cı
ildə 25 yaşım olanda, Gənc Tamaşaçılar
Teatrında 3 günlük konsertim vardı. Fəxri
qonaqlarım İlhamə Quliyeva, Nisə Qasımova, Flora Kərimova,
Brilyant Dadaşova və Aygün Kazımova idi. Mən orada elə
bir vəziyyət yaratdım ki, Flora Kərimova səhnəyə
çıxıb İlhamə xanım və onun
övladı barəsində gözəl sözlər dedi,
İlhamə xanım da jest edib, cavab olaraq Kərimova və
qızı üçün çox xoş sözlər səsləndirdi.
Bu görüntülər eksklüziv olaraq yalnız mənim
arxivimdədir. Digərlərinə gəlincə, ən bariz
nümunə Aygün Kazımovadır ki, biz zaman-zaman
yabalaşır, sonra dostlaşırıq.Yetər ki, barışmaq
üçün istək və etiraf olsun. Mən kiminsə
qarşısında günahkaramsa, yaş və cins fərqinə
baxmayaraq, barışmaq üçün ilk addımı
özüm ataram. Adını çəkdiyiniz digər iki
xanım sənətçilərə gəldikdə isə,
günahkar qarşı tərəfdir. İndi mən durub
üzr istəməliyəm? Şəxsiyyət, ləyaqət
və qeyrət müstəvisində kişi-qadın faktoru yoxdur
və olmamalıdır. İnanın, onların məndən
üzr istəmələri arzusunda deyiləm. Sadəcə,
heyifsiləndiklərini dilə gətirsələr ki,
"Vaxtilə Faiqə qarşı bu hərəkəti nahaq
elədim", bu mənə kifayət edir. Həmin etirafdan dərhal
sonra gəlib o adamları qucaqlayıb, öpüb,
bağışlaram.
-
Brilyant Dadaşova Türkiyənin TMB kanalının Azərbaycan
üzrə nümayəndəsi olanda mətbuatda onun sizin
kliplərinizin həmin kanalda yayımlanmayacağı barədə
fikri yazılmışdı. Amma bir müddət əvvəl
həmin kanalın qonağı oldunuz, hətta ad
gününüz də orada qeyd edildi.
- Bu söhbətə
qayıtmaq istəmirəm. Allah o həmkarıma
cansağlığı versin. Bircə balasının toyunu
görsün, mən də o toyda oxuyum! Bundan artıq nə
deyə bilərəm ki?
- Yuxarıda qeyd etdiniz ki, şou-biznesdə
çoxunun yeri çaş düşüb. Qarışıqlığı
tənzimləmək üçün hansı qurumun
yaranmasına ehtiyac duyursunuz?
- Bizim peşə
ittifaqımız olmalıdır. Vaxtilə mənim
belə bir təklifim olub. Bəzi mühafizəkar sənətçilər və
mətbuatın, xüsusilə
də bir qisim televiziya maqazin proqramlarımızın
aktiv dağıdıcı
səyləri nəticəsində
bu gün Azərbaycanda "şou-biznes"
anlayışı az qala söyüş kimi qəbul olunur! Bu səbəbdən
estrada sahəsində
çalışanların assosiasiyasını yaratmaq
ehtiyacı var. Sabah istənilən həmkarımızın
problemi, mübahisəsi
və ya haqqının tapdalanması
faktı meydana çıxsa, biz qurum olaraq müdafiə prinsiplərindən istifadə
edə bilərik. Yaxud televiziya kanalı ilə müğənnilər arasında
problem yaransa, diqtə
edən biz olaq. Piratlarla fərdlər deyil, həmin assosiasiya mübarizə aparsın. Amma bir-birimizə olan iddia və iradlar
buna imkan vermir. Bir çoxlarımız
ehtiyat edir ki, kim bu
ictimai qurumun rəhbəri olsa, bütün işləri öz xeyrinə yönəldəcək.
Z.Rəhimqızı
Ayna.- 2010.- 1 may.- S.21.