"Azərbaycanın kitab abidələri"

 

Bu elektron nəşr iki hissədən ibarətdir

 

Azərbaycan kitabxanalarında aşkar edilmiş nadir qiymətli nəşrlər (kitab abidələri) Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil edilib. Toplanmış materiallar əsasında respublikada mövcud unikal nadir nüsxəli kitablar, xüsusi əhəmiyyətli çap sənədləri, nadir kitablar, əlyazmalar, qəzetlər, jurnallar, diyarşünaslığa aid nəşrlər, xəritələr, poçt markaları, notlar, müəlliflərin sağlığında nəşr edilmiş əsərləri, görkəmli şəxslərin avtoqraf yazdıqları kitablar haqqında məlumatları əks etdirən "Azərbaycanın kitab abidələri" adlı elektron nəşr hazırlanıb.

Mədəniyyət və Turizm Nazirliyindən verilən bilgiyə görə, SD-nin I buraxılışına Prezident Kitabxanasında, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında, AMEA Mərkəzi Elmi Kitabxanasında, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında, Texniki Universitetin, Pedaqoji Universitetin, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Dillər Universitetinin kitabxanalarında, Respublika Elmi Tibb Kitabxanasında, Respublika Elmi-Texniki Kitabxanasında, Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanasında, C.Cabbarlı adına Dövlət Teatr Muzeyində, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, Musiqi Mədəniyyəti Dövlət Muzeyində, şəhər kitabxanalarında və tarix-diyarşünaslıq muzeylərində mühafizə edilən nadir və unikal kitablar və s. nəşrlər daxil edilib.

SD-də müxtəlif müəssisələrdə saxlanılan kitab abidələrinin foto kolleksiyası da istifadəçilərə təqdim olunur.

Qeyd edək ki, "Azərbaycanın kitab abidələri" adlı elektron nəşrdə respublikada saxlanılan ən qədim kitablar da müəyyən edilib.

SD-nin I buraxılışında Azərbaycan Respublikasında ən qədim kitab abidələri hesab edilən Prezident Kitabxanasında saxlanılan və 1591-ci ildə italyan dilində çap olunmuş Appresso Erasmo, Viotto Parma "Historia di Anrma", M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında 1595-ci ildə Almaniyanın Yena şəhərində alman dilində çap olunan "Türklər haqqında on nəsihət" kitabları haqqında məlumat istifadəçilərə təqdim olunur. Bundan başqa, milli lider Heydər Əliyevin 3 iyun 1995-ci il tarixində M.F.Axundov adına Milli Kitabxanaya hədiyyə etdiyi müxtəlif dillərdəki kitab kolleksiyası kitab abidələri hesab olunaraq elektron nəşrə daxil edilib.

 

 

Xatun

 

Ayna.-2010.-1 may.-S.20.